Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Medianın “yaralı yeri” – dövlət qurumlarının mətbuat xidmətləri

Medianın “yaralı yeri” – dövlət qurumlarının mətbuat xidmətləri

Yanvarın 25-26-da Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyi (MEDİA) ADA Universiteti ilə birgə dövlət sektorunda fəaliyyət göstərən qurumların mətbuat xidmətləri rəhbərləri, ictimaiyyətlə əlaqələr və mətbuatla iş üzrə məsul əməkdaşları üçün seminarlar təşkil edib. İştirakçılar “İctimai əlaqələr şöbəsinin təşkilatdakı məqsədi və rolu”, “Media gündəminin qurulması. Xarici mediaya çıxış”, “Ənənəvi və sosial media” kimi mövzularda fikir mübadiləsinə qoşulub, media əlaqələri və kommunikasiya strategiyalarının qurulması ilə bağlı fərqli yanaşmaları analiz ediblər.

Beləliklə, Medianın İnkişafı Agentliyi mətbuatın, medianın “yaralı yerindən” başlayıb. Heç də gizlin deyil ki, mətbuat xidmətləri medianın ən çox narazı qaldığı sahədir. Doğrudur, öz vəzifəsinin öhdəsindən layiqincə gəlib, çalışanlar da var, mətbuatdan, onun suallarından məharətlə yayınmağa çalışanlar da.

Bəs mətbuat xidmətlərində nələr dəyişməlidir?

Rəşad Məcid ile ilgili görsel sonucu

Rəşad Məcid

Mövzu ilə bağlı “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Yeni Müsavat”a danışıb: “Medianın İnkişafı Agentliyinin bu işini mən çox yüksək qiymətləndirirəm. Agentliyin qarşıda hələ həddindən artıq çox işləri var. Hesab edirəm ki, mətbuat rəhbərləri ilə konfransın keçirilməsi bu iş üzrə  görüləcək addımlardan biri idi və çox da vacib idi. Şübhəsiz ki, mətbuat xidmətlərinin rəhbərlərinin əksəriyyəti mətbuatdan, mediadan çıxan jurnalistlərdir. Lakin sonradan bir çoxları tez bir zamanda məmura çevriliblər. Yəni jurnalist peşələrini unudub, bir məmur kimi davranmağa başlayırlar. Lakin onlar heç də uğur qazanmır və jurnalistlər arasında özləri barəsində mənfi rəy yaradır, qıcıq doğururlar. Əlbəttə ki, mətbuat xidmətinin rəhbərləri arasında fəal, aktiv çalışanlar da var.

Bəzən mətbuat xidmətlərinin rəhbərlərinə yazığım gəlir. Ona görə ki, onlar təkcə bizim ənənəvi çap, elektron mediası, televiziya, saytlar deyil, eyni zamanda sosial şəbəkələrdə yazılan fikirlərə də reaksiya verirlər. Yəni bu cür mətbuat xidməti rəhbərləri də var. Hətta bəzən buna heyrət edirəm, çünki bu qədər gərgin vəziyyətdə çalışmaq bir insanın fiziki gücü xaricindədir. Bu mənada dəfələrlə qeyd etmişəm, ƏƏSMN-in mətbuat xidmətindən Fazil Talıbov, “Azərsu”nin mətbuat xidmətindən Anar Cəbrayıllı, Təhsil Nazirliyinin mətbuat xidmətindən Cəsarət Valehov cəmiyyət tərəfindən ən çox tələb olunan qurumlarda çalışdıqları üçün çox yüklənməklərinə baxmayaraq, aktiv çalışır, fəallıq göstərirlər”.

Rəşad Məcid Azərbaycandakı ümumi ab-havanın, proseslərin, dinamiklik və kreativliyin mətbuat xidmətlərinin də işinə təsir göstərəcəyinə ümid etdiyini bildirdi: “Bugünlərdə “Yaşat” Fondunun təşəbbüsü ilə görüş keçirdik. Fondun gördüyü işlər o qədər şəffaf və aydındır ki, Elnur Niftəliyevin işinə o qədər də ehtiyac qalmır, çünki hər şey açıq şəkildə, ortadadır. Nazirliklər də gərək dövrün tələbinə uyğun olaraq, o cür şəffaf strukturlar yaratsınlar ki, bütün mətbuatın suallarının cavabları əlçatan olsun. Yəni hər kəs saytdan xəbərləri əldə edə, suallarına cavabları tapa bilsin və mətbuat xidmətlərinin rəhbərlərinə müraciət etməyə ehtiyac qalmasın”.

“Gündəlik Teleqraf” MMC-nin direktoru Aynur Camalqızı da qeyd etdi ki, mətbuat xidmətləri mətbuatın ən çox narazı qaldığı və tənqid etdiyi sahədir: “Təbii ki, onlar arasında yaxşı nümunə göstərən, bizi qane edən mətbuat katibləri var. Lakin ümumilikdə götürəndə iş həddindən artıq qüsurludur. Mətbuat xidməti əslində media ilə o qədər yaxın, sıx münasibətdə olmalıdır ki, vətəndaşla məmur arasında problem yaranmasın. Yəni mediaya son dərəcə açıq olmalıdırlar”.

Aynur Camalqızı ile ilgili görsel sonucu

Aynur Camalqızı

Aynur Camalqızı qeyd etdi ki, son vaxtlar yaranan problemlərin böyük əksəriyyəti dövlət qurumlarının mediaya açıq olmamasından, vaxtında açıqlama verilməməsindən irəli gəlir: “Məsələn, bir müddət bundan əvvəl Qaradağ rayonu ərazisində olan şəhid məzarlıqları ilə bağlı problemi göstərmək olar. Və yaxud müharibədən sonra MAXE, əsgər və zabitlərimizin maaşlarının azaldılması ilə bağlı cəmiyyətdə xeyli cavabsız qalan suallar var idi. Halbuki bu suallar cavablandırılmalı, qanunda nəzərdə tutulmuş müddəalar izah olunmalı idi. Həmçinin benzinin bahalaşması, Tarif Şurasının qərarları ilə bağlı ictimaiyyətə dəqiq izahatlar verilməli idi və bunu etmək müvafiq dövlət strukturlarının işi idi. Lakin çox təəssüf ki, biz bu münasibəti görmədik və nəticədə cavabsız qalan suallar toplanaraq, sosial şəbəkələrdə, cəmiyyətin ayrı-ayrı təbəqələrində istər-istəməz müəyyən narazılıqların, problemlərin ortaya çıxmasına səbəb oldu. Bu baxımdan mətbuat xidmətlərinin rəhbərləri öz məsuliyyətlərini dərk edərək, vəzifələrinin öhdəsindən gəlməyi bacarmalıdırlar.  Təbii ki, çox sevindirici haldır ki, Medianın İnkişafı Agentliyi ADA Universitetində bu məsələ ilə bağlı müəyyən dinləmələr keçirdi. Bu çox yaxşı haldır. Arzu edirəm ki, bundan sonra mətbuat xidmətləri rəhbərlərinin işində görmək istədiyimiz dönüş olsun. Ümumilikdə götürəndə isə media sahəsində peşəkarlıqla bağlı həddindən artıq problemlər var. Təbii ki, birdən-birə bu problemlərin həllinə nail olmaq mümkün deyil. Amma Medianın İnkişafı Agentliyi bu işlərin öhdəsindən gəlmək üçün çox önəmli addımlar atmalıdır. Sevindirici haldır ki,  onların ilk layihəsi ADA Universiteti ilə birgə oldu. Hər zaman bu fikirdə olmuşam ki, jurnalistika fakültəsi ADA Universitetində olsa daha yaxşı olardı. Çünki diqqət edəndə görürük ki, indiyənə qədər mövcud olan jurnalistika fakultələri bizə lazımi səviyyədə jurnalist yetişdirə bilmir. Bizim xarici dilli media orqanlarına ehtiyacımız var. Əlbəttə ki, xarici dilli media orqanlarında xarici dilləri bilən, danışan jurnalistlər olmalıdır. Amma hazırda ölkəmizdə rus dilində yazıb, danışan jurnalistlərimizin sayı barmaqla sayılacaq qədərdir. Eləcə də ingils dilli mediada da vəziyyət bu cürdür.

Hesab edirəm ki, ADA Universiteti bütün bu işləri öz öhdəsinə götürsəydi, vəziyyət bugünkündən dəfələrlə yaxşı olar, çünki bu universitetin imkanları çox genişdir”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …