Çərşənbə axşamı , Oktyabr 26 2021
Ana səhifə / Media / MEDİA-nın keçirdiyi müsabiqə media resursları arasında rəqabəti artıracaq

MEDİA-nın keçirdiyi müsabiqə media resursları arasında rəqabəti artıracaq

Əslində son 15 ildə çap mediasının yaşaması dövlət dəstəyi hesabına başa gəlib. Bununla bağlı hətta mən cənab Prezident İlham Əliyevin yanında çıxış edərkən də demişdim ki, vaxtilə Ümummilli lider Heydər Əliyev və bu gün də Siz çap mediasını məhv olmaqdan xilas etmisiniz.

Bunu Trend-ə açıqlamasında “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib. Bildirib ki, bu dəstək olmasaydı, indi qəzetlər tamamilə yox idi və ya məhdud sayda buraxılırdı:

“Bundan 20-25 il əvvəl mən çap mediasının sıradan çıxacağını düşünmürdüm. Amma son 10 ildə veb-saytların yaranması, sosial şəbəkələrin meydana çıxması göstərdi ki, media öz formasını dəyişməlidir. Düzdür, “525-ci qəzet”in elektron variantı hələ 90-cı illərin ikinci yarısından fəaliyyət göstərir. Amma biz əsasən qəzetdəki materialları orada dərc etmişik. İndi rəqabət şəraiti yaranıb. Hesab edirəm ki, qəzet texnologiyası ilə veb-saytlar bir az fərqlidirlər. Operativlik məsələsində qəzetlər gecikir, amma doğru, ətraflı məlumat yaymaq baxımından daha etibarlıdırlar. Ona görə düşünürəm ki, Azərbaycanda qəzetlər hələ bir müddət yaşayacaq. Öz formasını dəyişəndə də, ənənəni qoruyub-saxlayacaqlar. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin keçirdiyi müsabiqə çərçivəsində qəzetlərin elektron variantlarına da vəsait ayrılıb. Bu, həmin qəzetlərə özlərinin veb-saytlarını gücləndirməyə imkan verəcək. Çap mediasına müsabiqə çərçivəsində ayrılan vəsait gələcəkdə onun elektron mediaya transfer olunmasının da başlanğıcı hesab edilə bilər. Texnologiya bu sürətlə inkişaf edirsə, yəqin ki, bir müddətdən sonra çap mediası bütünlüklə yeni formada təzahür edəcək. Media Agentliyinin keçirdiyi müsabiqə də hesab edirəm ki, bu istiqamətdə gələcəyə çox yaxşı hesablanmış bir addımdır”.
Baş redaktor müsabiqə nəticələrinin sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olması məsələsinə də toxunub.
“Mən bəzi giley-güzarları eşitdim. Bu da təbiidir. Dediyim kimi bu gün media adına iddia edən çox sayda sayt və jurnalistlər var. Bunların çeşidlənməsi prosesində normal jurnalistikanın harda mövcud olduğu kimi suallar əlbəttə gündəmdə olacaq. Elə bilirəm ki, zaman keçdikcə, həqiqətən jurnalistikaya xidmət edən, həqiqi media olan bütün qurumlar media agentliyinin diqqətində olacaq və reysterə salınacaq. Ona görə də, indiki müsabiqədən bəhrələnməyən həmkarlarımıza da bir az təmkin və səbr arzulayıram” – deyə Rəşad Məcid qeyd edib.
Qeyd edək ki, Medianın İnkişafı Agentliyinin keçirdiyi müsabiqə çərçivəsində bir sıra onlayn media resurslarına da vəsait ayrılıb.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən “Qaynarinfo.Az” saytının baş redaktoru Zahir Əzəmət Medianın İnkişafı Agentliyinin ilkin mərhələdə 39 onlayn medianı qalib elan etməsinin alqışlanmalı addım olduğunu deyib. Onun sözlərinə görə, Müsabiqənin şərtləri də onlayn medianın strukturlaşmasına, düzgün inkişaf strategiyası qurmasına hesablanıb:

“Eyni yanaşma davam edərsə, bir neçə ildən sonra onlayn media tam yeni və daha keyfiyyətli bir səviyyəyə çatacaq. Özəl və faydalı materialların hazırlanmasını təşviq etmək, jurnalistlərin minimum əmək haqqı həddinin müəyyənləşdirilməsi, saytların texniki səviyyəsinin qaldırılması və müasir tələblərə uyğunlaşdırılması kimi şərtləri buna nümunə gətirmək olar. Eyni şərtlər üçün KİV haqqında yeni qanun layihəsində də hüquqi baza yaradılarsa, demək olar ki, Azərbaycan onlayn mediası özünü yaxşı mənada yenidən formalaşdıracaq. Aqreqator saytlarla, özəl kontent istehsal edən saytlar fərqlənəcək, rəqabətlilik artacaq. Düzgün inkişaf strategiyası, menecmenti olan saytlar önə çıxacaq”.
Z. Əzəmət həmçinin bildirib ki, bu məsələdə Medianın İnkişafı Agentliyinin də üzərinə böyük məsuliyyət düşür. Başladıqları işi daha da dərinləşdirməli, şəffaflıq, ədalətlilik prinsiplərini hər zaman rəhbər tutmalıdırlar.
“Müsabiqələrin heç olmasa yaxın bir ildə daha çox saytı və istiqamətləri əhatə etməsi üzərində düşünməli, buna uyğun resurslar cəlb etməlidirlər. Bu mərhələdə daha çox sayt üçün bərabər start şərtləri yaradılmalıdır. Təkcə ictimai-siyasi və idman saytları yox, digər sahəvi saytlar- iqtisadiyyat, mədəniyyətlə bağlı saytlar da əhatə olunmalıdır. Sonrakı mərhələdə isə şərtləri yerinə yetirə bilməyənlər, rəqabətlə ayaqlaşa bilməyənlər təbii qaydada ələnməlidir. Reklam bazarının formalaşması, yeni mexanizmlərin qurulması, xarici təcrübənin öyrənilməsi, təkcə baş redaktorlar və jurnalistlər üçün yox, reklam menecerləri və proqramçılar üçün də təlimlərin təşkili də vacibdir. Görüləcək işlər çoxdur. Amma hazırda sağlam təməllərin atılması, digər işlərin də eyni sevgi və əzmkarlıqla görüləcəyi ilə bağlı ümid yaradır”.
“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov da məsələyə münasibət bildirib. O, da keçirilən müsabiqənin jurnalistikanın inkişafına töhfə verəcəyi qənaətində olduğunu ifadə edib:

“Jurnalistika çox həssas bir sahədir. Eyni zamanda həm cəmiyyət üçün faydalı işlə, həm yaradıclıqla məşğul olmaq, həm də inkişafı təmin edəcək qədər pul qazanmaq təbii ki, çətin olur. Həmin üç istiqamətdən hansısa birinin axsadılması isə təbii ki, jurnalistikaya zərbədir. Ona görə də, medianın balanslı inkişafını təmin etmək üçün dövlətin ona dəstəyi labüdləşir. Bunun özü də kifayət qədər mürəkkəb məsələdir, çünki vəziyyəti düzgün qiymətləndirmək və dəstəyi düzgün yönəltmək lazımdır. Elə media orqanları seçilməlidir ki, onların ictimai-siyasi əhəmiyyəti və ölkədə jurnalistikanın inkişafına töhfələri olsun. Düşünürəm ki, Medianın İnkişafı Agentliyi missiyanın mürəkkəbliyinə baxmayaraq, işin öhdəsindən gəlib və kifayət qədər obyektiv qərar qəbul edə bilib”.

Həmçinin oxuyun

Ruhun Zəfər təntənəsi – “Qarabağa dönüş”

Əflatun Amaşov, Azərbaycan Mətbuat Şurasının sədri İlk cəhd ondan gəlməliydi və gəldi də. Böyük şairimiz …