Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Masazırda su problemi bitib-tükənmir

Masazırda su problemi bitib-tükənmir

Verilən vədlər və illərlə davam edən problemlər

Havaların normadan artıq isti keçməsilə əlaqədar insanların suya olan tələbatının artmasına baxmayaraq Abşeronun bəzi qəsəbə və kəndlərində su qıtlığı yaranıb. Artıq iki aya yaxındır ki, heç bir rəsmi açıqlama verilmədən Masazır əhalisi su sınağına çəkilib. İsti yay günlərində suyun qeybə çəkilməsinin səbəblərini araşdırmağa çalışsaq da heç bir tutarlı səbəb tapa bilmədik. Masazır qəsəbəsinin su probleminin yaşanması ilə əlaqədar redaksiyamıza daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq adı çəkilən qəsəbədə olduq. Atatürk küçəsinin sakinləri bildirdilər ki, artıq iki aya yaxındır ki, içməli su üzünə həsrət qalıblar. Bu iki ay müddətində yalnız bir neçə dəfə gecə saat 1-dən sonra 10-15 dəqiqə su verilib ki, bununla da iki aylıq su ehtiyatı yığmaq qeyri-mümkündür. Sakinlərin çoxsaylı müraciətlərinə baxmayaraq, su istismar idarəsində heç bir məsul şəxsdən məlumat almaq, suyun verilməməsi səbəbini öyrənmək mümkün olmayıb. Masazır qəsəbəsinin sakinlərinin sözlərinə görə, hər il yay mövsümündə su problemi yaşanır. Eyni problem ilin bütün fəsillərində olsa da yayda daha acınacaqlı vəziyyət yaranır. Ümumiyyətlə, Abşeronda əhaliyə su qrafiklə verildiyindən bu rayonun Masazır qəsəbəsində içməli suyun daimi mövcudluğundan danışmağa dəyməz. “Burada söhbət qətiyyən su pulunun verilməməsindən gedə bilməz. Çünki abonentlərin əksəriyyətində su sayğacı var, lakin su olmadığından onun haqqının ödənilməsi üçün bir əsas yoxdur. Bundan başqa, digər rayonlarda olduğu kimi Abşeronda bağ təsərrüfatı elə də inkişaf etməyib ki, gələn suyun ağaclara verilməsini bəhanə gətirsinlər. Belə halda burada söhbət yalnız aidiyyəti qurumların məsələyə biganə yanaşmaları və cavabdeh şəxslərin vəzifələrini icra etməmələri ilə bağlıdır”.

Elə bu səbəbdən qəsəbə sakinlərinin hər birinin həyətində, eləcə də beşmərtəbəli binaların damında bir neçə çəni var ki, bu fakt da Abşeronda su probleminin daimi olduğunun göstəricisidir. Təsəvvür edin ki, hər bina evində yaşayan vətəndaş binanın damında və həyətdə bir neçə çən qoyub, eyni proses həyət evlərində də baş verir. Və həmin çənlər tonu 10 manat olmaqla alınma su ilə doldurulur. İsti yay günlərində sakinlər ayda iki dəfə su almaq məcburiyyətində qalır ki, bu da aylıq su pulundan bir neçə dəfə çoxdur. Deməli, sakinlərin su pulu ödəmək problemi yoxdur ki, su satışı idarəsi hər hansı bəhanə gətirsin. Buna baxmayaraq, sahə nəzarətçiləri “bizim işimiz yalnız su pulu yığmaqdır” deməklə yaxalarını məsuliyyətdən kənara çəkirlər. Müşahidələrimiz deməyə əsas verir ki, Abşeron rayonunda su yalnız icra strukturları və hüquq mühafizə orqanları rəhbərlərinin yaşadıqları ərazilərdə tapmaq mümkündür. Yenə qeyd edirik ki, bu da yalnız qrafiklə. Qalan ərazilərdə isə əli vedrəli sakinlər küçələrə su axtarışına çıxırlar. İnzibati binalara fasilələrlə də olsa su verildiyi halda, vətəndaşlar susuzliqdan əziyyət çəkirlər. Vəziyyət o həddə çatıb ki, qab-qaşığı yumaq, çay qaynatmaq, paltar yumaq üçün “Heydər Əliyev” parkından butulka ilə su daşınır. Redaksiyamıza məlumat verən Masazır qəsəbəsi, Atatürk küçəsində yaşayan bir qrup sakinlərin sözlərinə görə, may ayının 15-dən sonra küçəyə içməli su verilişi dayandırılıb. Artıq neçənci ildir ki, eyni vəziyyət davam etməkdədir. Yay mövsümü başlanan kimi qəsəbənin suyu kəsilir. Dəfələrlə Abşeron rayonu su idarəsinə müraciət edilməsinə baxmayaraq sakinlərə yalnız vəd verilir. Uzun zamandan bəri verilən vəd hələ də yerinə yetirilməyib”.

Atatürk küçəsinin sakinlərinin sözlərinə görə, su olmadığına görə, onlar məcbur qalıb suyu maşınla alırlar: “Hər bir ailə hər ay 100 manat verib 5 maşın su alırıq. Sakinlər su ehtiyatını təmin etmək üçün 2-3 su çənindən istifadə edirlər. Bu isə insanların əlavə vəsaiti hesabına başa gəlir”. Araşdırma zamanı bəlli oldu ki, sakinlərin hamısının su xəttti var. Ay ərzində satın aldıqları suya ödədikləri plun məbləği deməyə əsas verir ki, qəsəbədə su pulu ilə bağlı problemdən danışmaq yersizdir. Belə halda, əhalinin su ilə təminatında yaranan problem hansı amillərlə bağlıdır? Sakinlərin bildirdiyinə görə, yaxın ərazilərdə yerləşən beşmərtəbəli binalara su verilir. Digər sakinlər isə hələ də gözləməkdə davam edirlər: “Ümumiyyətlə ötən müddət ərzində icra orqanları, bələdiyyə və kommunal xidmət sahələrəinə sosial problemlərin həlli məqsədilə sakinlər adından dəfələrlə müraciət olunub.

Lakin problemləri elə sakinlər özləri həll etməli olublar. Belə ki, baxmayaraq ki, qəsəbənin bir neçə küçəsində yol pis vəziyyətdədir, onu da sakinlər öz hesablarına salıblar. Su xəttləri də sakinlərin vəsaiti hesabına çəkilib. Su idarəsi isə ana su xətti çəkiləndən vəd verir ki, qəsəbənin bütün küçələri su ilə təmin ediləcək. Artıq əhali belə vədlərə inanmır. Çünki illərlədir ki, su sarıdan əziyyət çəkməli olurlar. Bu arada qazanan maşınla içməli su satanlar olur”. Araşdırma zamanı onu da öyrənə bildik ki, içməli su satışı bir mərkəzdən idarə olunur, sanki buda bir biznes növünə çevrilib. Sakinlərlə apardığımız söhbət zamanı bəlli oldu ki, rayon ərazisinə suyun verilməsilə bağlı elə də bir ciddi problem yoxdur. Çünki rayonun mərkəzindəki bəzi bina evlərinə fasilələrlə də olsa, su verilir. Ancaq cavabdeh şəxslərin məsuliyyətsizliyi ucbatından rayon ərazisinə suyun vaxtaşırı verilməsi nəzarətdən çıxıb. Sakinlər uzun illər eyni problemi yaşadıqlarından artıq yaxın zamanlarda sözügedən problemin həllini tapacağına ümidlərini üzüblər.

Xalqxeber.Az

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın