Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Media / Manat ətrafında baş verənlər ev bazarında böyük ucuzlaşma yaradacaq

Manat ətrafında baş verənlər ev bazarında böyük ucuzlaşma yaradacaq

Azərbaycan valyutası ətrafında baş verən son proseslərin iqtisadiyyatın müxtəlif sahələrinə təsiri indi ən aktual müzakirə mövzularından birini təşkil edir. Belə sahələrdən biri də mənzil bazarı ilə bağlıdır.

Bu barədə danışmazdan öncə qeyd edək ki, uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti dekabrın 21-də üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.
Baş verənlər isə iqtisadi proseslərdə mütləq şəkildə öz əksini tapacaq. Belə fikirlər səslənir ki, fevralın 21-dəki devalvasiyadan fərqli olaraq, bu dəfə mənzil bazarında qiymətlər aşağı düşəjək. Daşınmaz Əmlak bazarı üzrə mütəxəssis Nüsrət İbrahimov qeyd edir ki, bu gün onsuz da qiymətlər aşağı düşür. Azərbaycanda üzən məzənnə siyasətinin tətbiq olunması isə mənzil bazarında, qısa müddətdə də olsa, qiymətlərin stabilləşməsinə səbəb olacaq, gələn ilin mart-aprel aylarından isə qiymətlərin düşməsi qaçılmaz olacaq. O, Azərbaycanda üzən məzənnə siyasətinə keçidin mənzil bazarına təsirindən danışarkən qeyd edib ki, qiymətlər stabil qalsa da belə, mövcud aktivlik aşağı düşəcək”:İnsanların gəlirlərində elə bir artım yoxdur, eləcə də bazarda pul kütləsinin artımı baş vermir. Ona görə də bazarda qiymətlər qalxacaq desək, bu yanlış olacaq. Qiymətlər stabil qalacaq. Amma mövcud aktivlik daha da aşağı düşəcək”.

Bazarda bundan sonra tələb və təklif necə formalaşacaq sualına isə mütəxəssis bu cür aydınlıq gətirib: “Bu gün əmlakını satmaq istəyənlər onu satışdan geri çəkir. Alanlar isə gözləmək mövqeyinə keçir, çünki onlar bilmir ki, sabah nə baş verəcək. Yəni belə deyək, hadisələrin axarını gözləyirlər. Bu gün isə hələ ki qeyri-müəyyənlikdir. Ona görə də nə satan, nə də alan var. Qərar qəbul etmirlər, gözləyirlər”. Ekspert bir daha vurğulayıb ki, ötən təcrübədə qiymətləri bahalaşdırsalar da, mənzilləri alan olmadığından qiymətləri əvvəlki yerinə qaytardılar: “Cari ilin fevralında qiymətləri bahalaşdırdılar. Amma alan olmadı. Martda isə qiymətləri əvvəlki yerinə qaytardılar. Azərbaycanda üzən məzənnə siyasətinə keçiddən sonra bahalaşma olmayacaq. Mümkün deyil. Çünki biz artıq ötən devalvasiyada bu mərhələni keçmişik. Bu sahədə artıq təcrübəmiz var”.
“Value&Sources consulting company” şirkətinin icraçı direktoru Rəşad Əliyev də bildirir ki, dolların kəskin bahalaşması mənzil bazarına təsirini göstərəcək. O, mətbuata açıqlamasında bildirir: “Bunun bazara təsiri çoxpilləli olacaq. Bura cari təsir, qısamüddətli təsir və üzunmüddətli təsirlər daxildir. Cari təsir bazarın “şok” vəziyyətə düşməsidir. Belə şəraitdə alıcılar və satıcılar çaşqınlıq vəziyyətinə düşür. Bu ssenari bu ilin fevral devalvasiyasında olduğu kimi cərəyan edəcək. Qabaqcadan razılaşdırılmış və “behləşmə” aparılmış alqı-satqı əməliyyatlarının bir hissəsi təxirə salınacaq. Əmlak almaq istəyən alıcıların bir hissəsi gözləmə mövqeyinə çəkiləcək. Satıcıların hərəkəti isə müxtəlif olacaq.

Satışa çıxarılan bəzi əmlakların bir hissəsinin satışı dayandırılacaq, bir hissəsinin qiymətinə yenidən baxılacaq (manatla satılan əmlaklar), bir hissəsininki isə olduğu kimi qalacaq (əsasən dollarla satılan və qismən manatla satılanlar)”.
Ekspert qeyd edir ki, bu müddətdə qiymətlər yeni tarazlıq səviyyəsini tapmağa çalışacaq. Yəni qiymətlər oturuşmayana kimi bazarda mövcud qiymət dəyişiklikləri məntiqdən kənar olacaq. Buna görə də həmin qiymət dəyişikliklərini ciddi qəbul etməyə dəyməz. Uzunmüddətli təsir isə bazara təsir edən amillərdən asılı olacaq. Bura bir neçə amil daxildir: makroiqtisadi şərait, ipoteka kreditləşməsinin səviyyəsi, bank sektorunun vəziyyəti. Neftin qiymətlərinin təsiri artıq bazardan kənarlaşmağa başlayacaq. Nəzərə almaq lazımdır ki, ölkə vətəndaşlarına məxsus sərbəst kapitalın tam əksəriyyəti dollar ifadəsindədir. Bu isə o deməkdir ki, vətəndaşlarımızın manat ifadəsində kapitalı 40% ətrafında artdı. Bununla yanaşı xaricdən gələn vəsaitlərin də manat ifadəsində artımı olacaq. Bu isə həmin vəsaitlərin bazardakı manat qiymətlərinin artımına təsir edəcək. Manat ifadəsində qiymətlərə eyni zamanda ipoteka kreditləşməsinin vəziyyəti və bank sektorundakı durum təsir göstərəcək. O ki, qaldı qiymətlərin dollar ifadəsində dəyişməsinə, devalvasiya daşınmaz əmlakların dollar ifadəsində qiymətlərini azaldacaq. Beləliklə, mənzil bazarında yeni ucuzlaşma başlanacaq.

Tahir TAĞIYEV

Həmçinin oxuyun

“Gəncə və Bərdədə gördüyümüz səhnələr dəhşətli idi” – Fransalı jurnalist

Döyüş zonasından uzaqda yerləşən Bərdə bazarına kasetli bombalarla hücum edilmişdi. Bu, dəhşət idi, bomba heç …

Bir cavab yazın