Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Maliyyə problemləri sosial evlərin tikintisini ləngidə bilər

Maliyyə problemləri sosial evlərin tikintisini ləngidə bilər

Əhalinin evsiz və aztəminatlı hissəsi bir ildən artıqdır ki, haqqında danışılan sosial evlərin tikilməsini səbirsizliklə gözləyir. Artıq bu layihənin icrası istiqamətində müəyyən işlər görülüb. Lakin insanları narahat edən məqamlardan biri də ölkədə yaşanan maliyyə böhranı və iri layihələr üçün vəsait çatışmazlığıdır.
Büdcənin icrası zamanı maliyyə problemi ilə üzləşmək istəməyən hökumət nəinki infrastruktur layihələrini, hətta bir çox sosial xərcləri də ixtisar edir. Belə olan təqdirdə hökumət sosial evlərin tikintisinə necə maliyyə ayıracaq?
Sosial evlərin tikintisi ilə bağlı yaxın günlərdə mətbuata açıqlama verən Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev bildirib ki, yaxın zamanda vətəndaşların müraciətlərinin qəbuluna başlanılacaq: “Vətəndaşlara veriləcək sosial evlərlə bağlı qeydiyyat növbəlilik prinsipi əsasında olmayacaq”.
Onun sözlərinə görə, mənzillər satışa çıxarıldıqdan sonra elektron sistemdə kim tez sifariş verəcəksə, o da mənzili alacaq: “Erkən gələn erkən də mənzilə sahib olacaq. Mənzillər tam təmirli, mətbəx mebeli ilə birgə veriləcək. Yaşayış massivləri hazır olduqdan sonra onların idarəedilməsi ilə bağlı ”MİDA” MMC öz təkliflərini verəcək”.
S.Nuriyev onu da bildirib ki, sosial mənzillərdən yararlanmaq istəyən vətəndaşlar üçün “Güzəştli mənzil” elektron sistemi yaradılıb: “Vətəndaş ilkin mərhələdə orada qeydiyyatdan keçməlidir. Bu zaman onun üçün elektron kabinet yaradılacaq. Burada aparılan araşdırma nəticəsində onun güzəştli mənzil ala bilib-bilməməsi barədə qərar veriləcək. İkinci mərhələdə mənzillər satışa çıxarılanda həmin elektron hesaba məlumat göndəriləcək. Kim istədiyi mənzilə tez sifariş versə, onun sifarişi qəbul ediləcək və həmin mənzil bloklanacaq. Bundan sonra onun ödəniş vasitələri müəyyənləşəcək”.
 
S.Nuriyev qeyd edib ki, qeydiyyat eyni zamanda “ASAN Xidmət” mərkəzlərində də aparılacaq: “Artıq bunun üçün MİDA Bakının 3, Sumqayıtın isə 1 ”ASAN Xidmət” mərkəzi ilə razılaşıb. Həmin mərkəzlərdə vətəndaşları məlumatlandırmaq üçün “call center”lər də xidmət edəcək. Yaxın günlərdə həmin xidmət işə düşəcək”.
Lakin daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirdi ki, hökumət sosial evlərin verilməsi ilə bağlı şərtlərə müəyyən dəyişiklər etməlidir: “Bu prosesi normal qiymətləndirirəm. Əgər imkansız və evsiz vətəndaşlardan ən azı 10 ailə də bu imkanlardan yararlana biləcəksə, o zaman bu layihəni alqışlamaq lazımdır. Ancaq hesab edirəm ki, bu şərtlərə müəyyən qədər dəyişikliklər olunmalıdır. İndiki şərtlər faktiki olaraq Sosial Mənzil Fondunun əsl mahiyyətini arxa plana keçirir. Faktiki olaraq, bir kommersiya layihəsi təəssüratı yaradır. Hesab edirəm ki, hökumət bu məsələ ətrafında düşünməlidir. Söhbət burada Sosial Mənzil Fondunun yaradılmasından və idarə edilməsindən gedirsə, bu fond da dövlət vəsaitləri hesabına yaradılırsa, burada daha çox aztəminatlı ailələrin mənzil təminatının yaxşılaşdırılması prioritet məqsədlərdən biri olmalıdır, nəinki büdcədən maaş, müəyyən əmək haqqı alan, gəlirləri olan insanların”.
 
Hökumətin üzləşdiyi maliyyə çətinliyinin sosial evlər layihəsinə necə təsir edəcəyinə gəlincə, Ramil Osmanlı bildirdi ki, bunun üçün 2017-ci ilin dövlət büdcəsində xərclər nəzərdə tutulub: “Bu xərclərin maliyyələşməsi nə dərəcədə icra olunacaq, mövcud imkanlar buna imkan verirmi – bu suallar mənim üçün də qaranlıqdır. Yəqin ki, bu suallara tam olaraq, ilin birinci rübün sonunda, aprel ayınının əvvəllərində konkret cavab tapmaq mümkün olacaq. İndiki halda hesab edirəm ki, Neft Fondundan dövlət büdcəsinə ayrılan vəsaitin yerləşdirilməsi həyata keçirilsə, yəqin ki, bu layihənin icrasına da vəsait ayrılacaq. Əks təqdirdə maliyyə məsələsinin necə həll ediləcəyi məndə də sual doğurur”.(“Yeni Müsavat”)

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın