Şənbə , Avqust 24 2019
Ana səhifə / Media / “Magnit”də xarab çıxan kondisioneri dəyişməkdən imtina edirlər? – ŞİKAYƏT

“Magnit”də xarab çıxan kondisioneri dəyişməkdən imtina edirlər? – ŞİKAYƏT

Bu günlərdə sayta Bakı sakini Yaqut Əsgər qızı Məmmədova müraciət edərək, “Magnit” Mağazalar Şəbəkəsi tərəfindən haqsızlığa məruz qaldığını bildirib. “Mən 2016-cı il mayın 1-də “Magnit”in Yasamal filialından kreditlə “Qalans Aus” modeli olan kondisioner aldım. Ayda 75 manat ödənişlə müqavilə bağlamışıq, ilk üç ayını da ödəmişəm.

Məsələ ondadır ki, bu kondisioneri gətirəndən sonra iki ay ərzində işlətməmişəm. İyul ayında quraşdırandan sonra yaxşı işləmədiyini və gec soyutmağa başladığını görüb “Magnit”ə bildirdim. Onlar isə kondisionerin təzə olduğunu və tezliklə düzələcəyini bildirdilər. İyul ayından bəri, bir neçə dəfə servisdən usta göndəriblər, o da baxıb deyib ki, mənlik deyil, gedin rəhbərliklə danışın. Mən anladım ki, bu kondisioner keyfiyyətsizdir və bunu dəyişmək, ya da qaytarmaq üçün dəfələrlə “Magnit”in Yasamal filialına getdim. Mənə dedilər ki, evə gedin, müdir zəng edəcək. Amma heç kim zəng etmir. Hər dəfə də usta göndərirlər, gəlib eyni sözləri deyir, gedir.

Usta deyir ki, “mən balaca adamam”. Yaxşı, bəs bunların “böyük adamı” yoxdur, dərdimi deyim? Hər ay işləməyən kondisionerə görə zəng edib pul tələb edirlər, mənim problemimi isə dinləyən yoxdur. Mən şəkər xəstəsiyəm, mağazada işləyən qız zəng edib hədə-qorxu gəlir. Mən “Magnit”dən 1500 manata yaxın bazarlıq etmişəm, həmişə də pulu vaxtlı-vaxtında ödəmişəm. Ordan soyuducu da almışam, noutbuk da. Heç birində problem olmayıb. Amma kondisionerlə bağlı bir problem olduğunu deyirəm, heç kim mənə inanmaq istəmir”,- deyə Y.Məmmədova bildirdi.

Biz “Magnit” Mağazalar Şəbəkəsinin Yasamal filialının satış meneceri Elçin Əhmədovla əlaqə saxladıq və Yaqut Məmmədovanın şikayəti barədə məlumat verdik. “Bizə hər hansı müraciət olduqda, servisdən ustaları yönləndiririk və onlar gedib həmin məhsulun vəziyyəti ilə tanış olurlar. Əgər kondisionerdə istehsal qüsuru aşkarlanmayıbsa, ustalar təmir edir. Əgər yaranan problem müştərinin öz səhlənkarlığı üzündən baş veribsə, onda təmir pulu alınır. Onun problemi barədə məlumatlı deyiləm, lakin əlaqə saxlayıb aydınlaşdırarıq. Əgər bura gəlib müraciət etsəydi, bir tədbir görərdik. Biz özümüz də maraqlı deyilik ki, problem yaranan və ya istehsal qüsuru olan məhsullar müştərilərdə çox qalsın. Yaqut xanımla əlaqə saxlayıb, məsələyə aydınlıq gətirməyə çalışarıq”, – deyə E.Əhmədov bildirdi.

Ümid edirik ki, Yaqut Məmmədovanın şikayətləndiyi bu və digər məqamlara qısa zamanda aydınlıq gətiriləcək. (Qafqaznews.az)

Həmçinin oxuyun

Araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı keçirilib (FOTO)

Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı (JuHİ) 19-20 avqust 2019-cu il tarixlərində Bakıda araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz …

Bir cavab yazın