Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Məşhur rusiyalı jurnalistin qətlində Berezovski “izi” – köhnə-yeni iddia

Məşhur rusiyalı jurnalistin qətlində Berezovski “izi” – köhnə-yeni iddia

Londondakı evində ölü tapılan oliqarx telejurnalisti niyə öldürtdürmək istəyib?

Xəbər verdiyimiz kimi, ORT-nin ilk baş direktoru Vladislav Listyevin “Vzglyad” proqramı üzrə tərəfdaşı Dmitri Zaxarov həmkarının qətlinin sifarişçisinin mərhum oliqarx Boris Berezovski olduğunu deyib. “Yeni Müsavat”ın məlumatına görə, o, bu barədə MixTV telekanalına müsahibəsində bildirib.

Zaxarov Listyevin öldürülməsini ORT telekanalında reklam yerləşdirilməsi monopoliyası ilə əlaqələndirib. “Kim ki, Vladın arxasında dururdu, qərara gəlib ki, ”1-ci kanal” kənar təşkilatların reklamlarının yerləşdirilməsinə moratorium tətbiq edir və bundan sonra bu işlə bilavasitə “1-ci kanal” məşğul olacaq. Yəni dərhal məntiqi baxımdan və asanca belə bir nəticə çıxır ki, kim bundan daha çox zərər görürdü, qətli də o sifariş edib” – “Vzqlyad”ın keçmiş aparıcısı deyib.

“Hazırda həyatda olmayan, hamımıza yaxşı tanış olan adam buna görə milyardın dörddə biri həcmdə vəsaitdən məhrum olmuşdu. O adam sonradan Londonda ya asılmış, ya da özünü asmış halda tapıldı. Yəni bu, o qədər açıq-aşkar bir məsələydi ki, orada təhqiqat aparmalıq bir şey yox idi”, – deyə Zaxarov qeyd edib.

“Siz Boris Berezovskini yada saldınız” – müsahibə götürən jurnalist Zaxarovun çəkmədiyi adı səsləndirib.

“Yeni Müsavat” xatırladır ki, jurnalistin 1995-ci ildə baş verən qətli ilə bağlı versiyalar hər zaman olub. 2015-ci ildə oğru dünyasının məşhur simalarından olan “Fandora” ləqəbli Serqey Yakovlev xəstəxanada öləndə bildirildi ki, “qanuni oğru” sonuncu dəfə Sankt- Peterburqun keçmiş qubernatoru Mixail Maneviçi və TV aparıcısı Vladislav Listyevin xüsusi amansızlıqla qətlində iştirak etdiyi üçün həbs edilib.

Rusiyada böyük səs-küy salan bu qətlin törədilməsində dövlət işçilərinin də köməyindən istifadə olunub. Bunun üçün Rusiya Baş Kəşfiyyat İdarəsinin əməkdaşı olan Zaurun köməyindən istifadə edilib. Qətlin hekayəsi aşağıdakı kimi olub:

1995-ci il martın 1- də “Şirxan” ləqəbli bir nəfər S.Çelışevə yaxınlaşır və qeyd edir ki, o, xüsusi xidmət orqanının əməkdaşı olan Zaurun adamıdır və böyük pul müqabilində işbirliyi qurmağı təklif edir. Çelışev bu təklifi qəbul edir və onlar birlikdə jurnalist Listyevin yaşadığı evin yaxınlığına gəlirlər. Bu zaman maşını Çelışev idarə edir. Maşını evin yaxınlığında saxlayır və bu vaxt onunla birlikdə gələn digər 3 nəfər harasa gedirlər. Təxminən 3 saatdan sonra onlar geri qayıdır. Bu zaman Çelışev eşidir ki, həmin şəxslərin birinin cibində olan rabitə qurğusundan səs gəlir. Çelışev başa düşür ki, onlar jurnalist Listyevanı öldürmək üçün gəliblər. Onlar jurnalisti xüsusi amansızlıqla qətlə yetirirlər.

Bu hadisə ilə bağlı müstəntiqin sualını cavablandırarkən məşhur avtoritet Çelışev bunları deyir: “Mənə hadisə yerinə gəlib çatana kimi heç bir söz deməmişdilər. Əgər mən bilsəydim ki, biz jurnalist Listyevi öldürməyə gedirik, o zaman bundan imtina edərdim. Ona görə ki, mən və ailəmin bütün üzvləri o jurnalisti çox sevirdik. Mən ömrümdə ilk dəfə bu qətl zamanı peşman oldum”.

“Vid” telekompaniyasının rəhbəri, tanınmış jurnalist Vladislav Listyevin və gürcü əsilli kriminal avtoritet “Otarik” ləqəbli Otari Kvantrişvilinin qətllərinə görə killerlər Avropa və ABŞ-da belə cinayətlərə görə 300 min dollara yaxın qonorar alıblar.

“Yeni Müsavat” bunu da xatırladır ki, ölümündən 15 il sonra, yəni 2010-cu ilin oktyabrında tanınmış telejurnalist Vladislav Listevin qətlinin sifarişçisi və təşkilatçısının kim olması barədə Rusiya mətbuatı yazıb. Daha dəqiq desək, “Fontanka.ru” internet qəzeti qətlin sifarişçisinin məşhur oliqarx Boris Berezovski olması haqda xəbər yaymışdı. Qəzetin yazdığına görə, bu 15 il ərzində istintaq xeyli sayda versiya üzərində işləyib. Amma onların heç biri sonda təsdiq olunmayıb. Məsələyə Qalina Stravoytovanın qətlində ittiham olunaraq həbs edilmiş Yuri Kolçin aydınlıq gətirib. Qəzet yazmışdı ki, sifarişçi və killeri zəncirvari şəkildə əlaqəli olan şəxslər bir-birinə bağlayıb. Kolçinin sözlərinə görə, o, Peterburqda məşhur cinayətkar avtoritet olan Konstantin Yakovlevin (“Kostya Moqila”) Eduard Konimoto adlı bir şəxsə ORT-nin baş direktorunu öldürmək tapşırığı verdiyinin şahidi olub.

Killer də bununla razılaşıb. Qətldən sonra avtoritet Moskvaya gedərək Berezovski ilə görüşüb. Bu söhbətdən sonra Kolçin başa düşüb ki, qalmaqallı qətlin sifarişçisi oliqarx olub. Bununla bağlı kimisə məsuliyyətə cəlb etmək imkanları da itirilib. Kostya Moqila və Kanimoto artıq həyatda yoxdurlar. Berezovski isə İngiltərədə siyasi sığınacaq alıb. Bu ilin aprelindən Listyevin ölümü ilə bağlı cinayət işinin təhqiqi dayandırılıb.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …