Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Məktəbli geyimləri bahalaşıb- narazılıq…

Məktəbli geyimləri bahalaşıb- narazılıq…

“Bir dəst geyimə ötən il 40 manat vermişdim, bu il 46 manat, keyfiyyət də yaxşı deyil…”

Paytaxtda məktəbli forması üçün ən çox müraciət olunan mağazalar Bakı Tikiş Evinə (BTE) aiddir. Hər yeni dərs ili ərəfəsində tikiş evi əhaliyə müraciət edərək saxta məktəbli forması almamağa səsləyir, aidiyyatı qurumlar məktəbli kiçik sexlərin tikdiyi məktəbli formalarını aşkarlayaraq satışdan çıxarır və sexlər cərimələnir. BTE-nin istehsalı olmayan məktəbli geyimlərinin keyfiyyətsiz və tez xarab olan parçadan tikildiyi, həmçinin fəsadları barədə də hər dərs ili ərəfəsində deyilir və yazılır. Əməkdaşımız dərs ilinə bir gün qalmış BTE-nin mərkəzi ofisində olub və geyim alan valideynlərlə söhbətləşib.
Əksər valideynlər qiymətlərin bahalığından şikayətlənirlər. “Ötən il 40 manata olan geyim bu il 46 manatadır. Ancaq deyirdilər ki, qiymət bahalaşması olmayacaq. Bir dəst geyimə 46 manat vermək olmur. İki uşağım məktəbə gedir. Sonuncu gündür, hələ bazarlıq etməmişəm”,- növbədə dayanan valideyn narazılığını bildirir. O, həmçinin qeyd edir ki, bazarda olan geyimlər də o qədər keyfiyyətsiz sayılmaz: “Onlara da baxdım, iki dəfə bunlardan ucuzdur. Onların parçaları dəri xəstəliyi yaradır dedilər, ona görə almağa çəkindim. Amma eyni parçadır, bu geyimləri də iki dəfə yuyan kimi görkəmi itir, fərqi yoxdur”.
Valideynlər həmçinin geyimlərin ölçülərinin heç cür uyğun gəlmədiyini də bildirirlər. “Mən hər dəfə aldığım paltarları yığdırıram. Bunun üçün neçə manat verməli oluram. Ölçülər də normal deyil. Necə gəldi kəsib tikirlər elə bil”,- üçüncü sinfə gedəcək qızı üçün forma alan Səidə xanım bildirir.
Satıcılardan biri isə qiymət artımının normal olduğunu söyləyir: “Hər şeyin qiyməti artır. Geyimin də həmçinin. Burada nə var ki?”. BTE-nin satış şöbəsinin müdiri Etbar Əzimov isə qeyd edir ki, qiymətlərdə müəyyən qədər dəyişiklik olub: “Bu, bahalaşma sayılmaz. Ölçülərlə bağlı müəyyən ortaq qiymət qoymuşuq. Ötən illərdə aşağı siniflərin formaları ölçüsündən asılı olaraq 30-35 manata, yuxarı siniflərin isə 40-45 manata satılırdı. Bu il isə biz ümumi qiymət tətbiq etdik. Belə ki, indi ölçüdən asılı olmayaraq aşağı siniflər forma üçün 34, yuxarı siniflər isə 43 manat ödəməlidir”. Bundan başqa mağazalarda jiletin və ya ağ köynəyin hər birini 6 manata satılır. O, həmçinin qeyd edib ki, hazırda anbarda bütün formalardan yetəri qədər var.
Məktəbli formalarının qiymətinə toxunan qurum rəsmisi əlavə edib ki, I və VI siniflər üçün (qız və oğlan) kostyumlar 34 AZN, köynək və jilet 6 AZN, VII və XI siniflər üçün kostyum 43 AZN, köynək 7 AZN, jilet isə 6 AZN təşkil edir: “Bütün qiymətlər satış mərkəzlərində yapışdırılıb”.
Şöbə rəisi BTE-nin əmtəə nişanından qanunsuz istifadə edilərək saxta məktəbli formalarının satılmasından narazılıq edib: “Təəssüf ki, işbazlar bu il də öz əməllərindən əl çəkmirlər. Çindən mənşəyi bilinməyən məktəbli formalarını gətirərək burada ucuz qiymətə satırlar. Hətta əmtəə nişanımızı elə gözəl götürüb istifadə edirlər ki, bizim nişandan demək olar fərqlənmir. Halbuki, əmtəə nişanı üçün bizim müəlliflik hüququmuz var. Əslində heç kimin ixtiyarı yoxdur ki, bizim addan istifadə etsin. Çünki adımız üçün bizə sertifikat verilib. Lakin hər yer saxta mallarla doludur. Daha çox “Sədərək” və “Binə”də, şəhərdə isə “8-ci km” bazarında bu cür mallara rast gəlmək olar. Amma o malların bizə heç bir aidiyyəti yoxdur”.
Onun sözlərinə görə, həmin formalar parçası, tikilişi və qiymətinə görə fərqlidir: “20-25 manatlıq formanın hansı keyfiyyətindən danışmaq olar? Onlar tez tiftiklənir və rəngi solur”.
Onun sözlərinə görə, bir həftədir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi satışda olan məktəbli formalarının keyfiyyəti ilə bağlı araşdırmalara başlayıb. Komitə ilə yanaşı, İqtisadiyyat və Sənaye Nazirliyi də monitorinq aparır. İndiyədək aparılan yoxlamalar zamanı 4 dərzi sexində Bakı Tikiş Evinin əmtəə nişanından istifadə edərək saxta məktəbli formalarının tikildiyi aşkarlanıb
 Məktəbli geyimləri bahalaşıb- narazılıq...  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir397/img1896759.jpg' target='_blank'>Yüklə</a>

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın