Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / “Məktəb həm də xəstəlik mənbəyidir” – Ekspert həyəcan təbili çalır

“Məktəb həm də xəstəlik mənbəyidir” – Ekspert həyəcan təbili çalır

“Hər bir uşaq inkişafda olan yaş dövrünü yaşayır. Onların həyat tərzi elə qurulmalıdır ki, bu inkişafa heç nə mane olmasın. Uşağın üzərinə düşən yük – istər fiziki, istərsə də zehni olsun – düşünülmüş halda normallaşdırılmalıdır. Çünki uşaq çox yükləndikdə, ilk növbədə onun sağlamlığına ciddi ziyan dəyir”.

Bu fikirləri AzVision.az-a təhsil eksperti Kamran əsədov deyib. Onun sözlərinə görə, nəticədə şagirdlərdə nevroz, əsəb gərginliyi, daha sonra isə miopiya (yəni görmə zəifliyi), qamət pozğunluğunun müxtəlif növləri, həzm orqanlarının xəstəlikləri, yorğunluq və s. patologiyalar meydana çıxa bilər.

“Kiiçik yaşlı məktəblilərdə ilk günlərdən tədrisə, oxumağa, yazmağa, öyrənməyə mənfi münasibət formalaşır. Təəsüflər olsun ki, bizdə orta məktəblər yalnız tədris prosesi ilə öz fəaliyyətini bitmiş hesab edir. Hansısa yolla məktəb direktoru olmuş, qanunvericiliyin tələbini kobud şəkildə pozaraq dinşunaslıq ixtisaslı məktəb rəhbəri əlbəttə ki, qanunvericiliyin tələb etdiyi sağlam təhsil-sağlam millət prinsipini reallaşdıra bilməz. Bu gün əmək bazarının tələbi təkcə savadlı kadr deyil, eyni ilə sağlam kadrlardır. Amma orta məktəblərdə aparılan araşdırma göstərdi ki, bu sahədə ciddi problemlər var”.

Təhsil ekspertinin sözlərinə görə, şagirdlərin böyük əksəriyyəti ciddi fiziki problemlar yaşayır: “Fiziki inkişafdan qalanlar arasında oğlanlar xüsusilə çoxluq təşkil edir. Həmin arzuolunmaz statistika belədir: Görmə problemləri – İbtidai (I-IV) siniflərdə 29% – Orta (V-IX) siniflərdə 25% – Yuxarı (X-XI) siniflərdə 45%, Qamət problemləri – İbtidai siniflərdə 51% – Orta siniflərdə 52% – Yuxarı siniflərdə 41%, Fiziki inkişafdan qalanlar (oğlanlar arasında) – I sinifdə 19% – V sinifdə 33% – XI sinifdə 40%. Beləliklə, yuxarıdakı faiz göstəriciləri başqa bir statistikanı izah edir: məzunların cəmi 15 faizə qədəri yetkin həyata sağlam fərdlər kimi daxil olur”.

Kamran Əsədov hesab edir ki, sadalanan statistik göstəricilər ölkədə fəaliyyət göstərən 4500 ümumtəhsil məktəbində təhsilalanlara tibbi xidmətin səviyyəsinin, tibb otaqlarının mövcud vəziyyətinin bərbad olmasının göstəricisidir.

“Onların fəaliyyəti yalnız büdcədən maliyyə almaqdan ibarətdir. Əslində istənilən insan qeyd olunan xəstəliklərin potensial daşıyıcısıdır. Amma bunun ortaya çıxması və inkişaf etməsi üçün şərait lazımdır. Xoşagəlməz hal odur ki, bizim məktəblər bilik qazandırdığı qədər də şagirdə xəstəlik də qazandırır. Uzun müddətli dərs saatları, yəni gün ərzində 7-8 dərsdə oturmalı olan şagird bir çox hallarda məktəbdə yemək yemir, ac qalır və nəticəsində mədəsində xora xəstəliyi yaranır. Bundan başqa bəzi müəllimlər hədsiz dərəcədə ev tapşırığı verirlər ki, bu da şagirdin gözündə olan qüsurların inkişaf etməsinə gətirib çıxarır. Şagirdin görmə ilə bağlı probleminin yaranmasına səbəb olan digər bir nüans keyfiyyətsiz dərsliklər də ola bilir. Belə ki, bəzi dərs vəsaitləri kserkopya və ya keyfiyyətsiz çap vasitələrdən istifadə olunaraq hazırlanır ki, bu da onda şagirdə ciddi problem yaradır.

Bilirsiz, hansısa fiziki çatışmazlığı olan şagirdə fərdi yanaşma tətbiq olunmalı, məktəb direktorunun nəzarəti altında həmən şagirdlər fiziki çalışmalara cəlb olunmalıdırlar. Bunu təkcə dünya təcrübəsi demir, eyni ilə Azərbaycan təhsil qanunvericiliyi də buna geniş imkanlar açır. Tavanında göz idmanı üçün nəzərdə tutulan şəkil, göz trenajoru işlənir. Divarlarına müxtəlif şəkilli lampalar yerləşdirilir. Uşaqların fiziki hərəkəti üçün müxtəlif qurğular quraşdırılır. Biri ayaq üstə dayanmağa, digəri oturub işləməyə imkan verən iki cür masa qoyulur. Hərəkət edə bilən xüsusi masalar 18 dərəcəlik bucaq altında düzülür. Bir sözlə, bütün düzən uşağın göstərəcəyi fəaliyyətə uyğun qurulur. Yəni, hərəkət edə bilən masalar sinifdə görülən işə uyğun olaraq dəyişdirilə bilir.

Dərs zamanı şagird 15 dəqiqə ayaq üstə, 15 dəqiqə isə oturaraq işləyir. Dərs prosesində divara yerləşdirilən müxtəlif şəkilli lampalar növbə ilə yanır. Şagirdlər yanan lampaya tərəf dönüb əl çalaraq bədənlərini hərəkət etdirir”.
Təhsil eksperti qeyd edib ki, sağlam təhsil üçün təkcə dərs proqramının və avadanlıqların lazımi səviyyədə olması yetərli deyil. Bu işdə vacib məqamlardan biri də məktəb direktorunun, müəllimin hazırlıq səviyyəsidir.

“Bizim orta məktəblərdə təkcə şagirdlər dərsliklərin informasiya yükü ilə yüklənməyiblər, onlar həm də ağır çantalarla yükləniblər. Şagirdlərdə ortaya çıxan fiziki qüsurların əsas səbəblərindən biri budur. Dünya təcrübəsinə əsasən deyim ki, çantanın çəkisi uşağın çəkisinin 14-15%-ni keçməməlidir: bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir. Kürək çantaları hər iki çiyindən asılmalıdır. Çantanı yalnız bir çiyindən asmaq beldə sağa-sola əyilmələrə, yəni skolioz kimi xəstəliklərə səbəb ola bilər. Təəsüf ki, ölkəmizdə məktəblilərin nə qədər yük götürməsi ilə bağlı hər hansı standart yoxdur”.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın