Ana səhifə / Media / Məcburi köçkün Hacıbala Abutalıbovun qohumundan şikayətçidir

Məcburi köçkün Hacıbala Abutalıbovun qohumundan şikayətçidir

Cəbrayıl rayonundan məcburi köçkün düşən Elçin Rəhimov redaksiyamıza şikayət məktubu ilə müraciət edib. O bildirib ki, 1993-cü ildən məcburi köçkün kimi Bakı şəhəri Xətai rayonu Q.Nəbi küçəsi 1/2 saylı yataqxanada məskunlaşıb. Şikayətçi bildirir ki, bu ilin fevral ayında dünyasını dəyişən qonşusunun otağı ilə bağlı yaşadığı ərazinin Mənzil Kommunal İstismar İdarəsinin rəisi ilə aralarında mübahisəli məsələ yaranıb:

“Dörd nəfərlik ailəm ilə birgə 12 kv-lıq iki otaqlı evdə məskunlaşmışam. Qızım Rəhimova Fidan 11, oğlum Sinan 7 yaşındadır. Sinan anadangəlmə ağır gedişli bronxial astma xəstəliyindən əziyyət çəkir. Bununla bağlı Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə dəfələrlə müraciət etməyimə baxmayaraq, heç bir köməklik olmayıb.

03.02.2016-cı ildə qonşuluqda yaşayan 90 yaşlı Quliyeva Səlbi rəhmətə getdi. Övladı olmadığı üçün ona qardaşı qızı baxırdı. S.Quliyeva rəhmətə getdikdən sonra qardaşı qızının imkanı olmadığı üçün məndən xahiş etdi ki, yas mərasimi üçün ona maddi köməklik edim.

Mən buna görə rəhmətliyin dəfn xərcinə 3500 manat pul xərclədim. Bunu və oğlumun xəstəliyini nəzərə alan rəhmətlik Səlbi Quliyevanın qardaşı qızı onlara məxsus olan otağı mənə verdi. Bundan sonra Xətai rayonunda yerləşən 122 saylı MKİİ rəisi Asəf Şərifov və 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin işçisi Cavanşir məni yaxınlıqda yerləşən kafeyə dəvət edərək bildirdilər ki, otağa görə birliyin rəisi Emin Talıbov 7 min manat pul tələb edir. Mən isə mənim bu qədər pulum olmadığını dedim. Onlar mənə ”fikirləş, yoxsa səni bu otaqdan rəisimiz E.Talıbov çıxaracaq” dedilər.

Mart ayının 1-də həyat yoldaşım Rəhimova Ülviyyə bu barədə Xətai Rayon Prokurorluğuna yazılı surətdə müraciət etdi. Səhəri gün Asəf və Cavanşir və daha 2 nəfər bizə gələrək mənə, oğlum Sinana otaqdan çıxmaq üçün güc tətbiq etdilər. Bu barədə prokurorluğa və 102 xidmətinə müraciət etdim. Ancaq mənə yazılı məlumat verildi ki, burada heç bir cinayət işi yoxdur. Bundan sonra onlar dəfələrlə bizə gələrək, məni və ailəmi təhqir etməyə başladılar. Bütün bunlar barəsində Baş Prokurorluğa müraciət etsəm də bu insanlar barəsində tədbir görülməyib. Məndə olan məlumata görə, Emin Talıbov Bakı meri Hacıbala müəllimin yaxın qohumudur”.

Məcburi köçkün Elçin Rəhimov şikayət məktubunda qeyd edib ki, məsələ ilə bağlı XİN-ə, BMT-nin Qaçqınlar üzrə Komissarlığının Bakı nümayəndəliyinə şikayət edib və hətta bir neçə səfirliyə müraciət edərək onların dövlətlərindən sığınacaq istəyib. Səbəb isə onun ailəsinin vəfat edən qonşusunun otağından çıxarılması ilə bağlı E.Talıbov tərəfindən Xətai Rayon Məhkəməsinə müraciət etməsidir.

Məsələnin hüquqi tərəflərini aydınlaşdırmaq üçün “Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas Müzəffər Baxışa müraciət etdik. Hüquqşünas qeyd etdi ki, ölən şəxsin mülkiyyəti ilk növbədə onun ən yaxın varisinə keçməli, məhz bundan sonra varis mülkiyyəti sata və ya hədiyyə edə bilər:

“Vətəndaşın ancaq bir yolu var ki, kimə pul veribsə onu məhkəməyə verib, pulu məhkəmə qaydasında ondan alsın. Əgər əvvəldən şikayətçi ilə ölən şəxsin arasında renta müqaviləsi bağlanılsaydı onda ev ona qala bilərdi. Amma ölən məcburi köçkünün qohumu şikayətçidən pul alıb, yas xərclərini keçirib. Qohumun heç bir səlahiyyəti olmadığı halda şikayətçidən 3550 manat pul alıb. Buna görə də şəxs ondan pul alan qohum barəsində məhkəməyə müraciət etməlidir. Həmin qohum heç bir şəkildə evi ona verə bilməz. Əgər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ölən şəxsin evi barədə sənəd olarsa, onun evinə vərəsəlik açılacaq və miras birinci növbədə onun uşağı, övladı, varisi varsa ona keçəcək. Əgər birinci dərəcəli varisi olmazsa 2-5-ci növbəyə qədər olan onun qohumları vərəsəlik qaydasında həmin evi əldə edə bilərlər. Sonradan vərəsəlik hüququ əldə edən qohum həmin evi sata və ya bağışlaya bilər”. Musavat.com

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın