Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Mərhum məmurun iki ailəsinin – Varis savaşı

Mərhum məmurun iki ailəsinin – Varis savaşı

Ötən ay “Qafqazinfo”da “Azərbaycan çempionu hakimdən şikayətçidir” adlı yazı yayımlanmışdı. Redaksiyamıza müraciət edən Aynurə Sultanova Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədovdan şikayətçi olduğunu bildirmişdi. İddiasına səbəb isə atasının qeyri-rəsmi nikahdan doğulan oğluna DNK analizi ilə bağlı verdiyi vəsatətin hakim tərəfindən təmin edilməməsi olmuşdu.

Bu gün isə yazıda adı qeyd olunan Şir Sultanovun anası Əsgərova Xatirə redaksiyamıza gələrək Aynurə Sultanovanın oğlu barəsində səsləndirdiyi iddialara cavab verib. O oğlunun doğum haqqında şəhadətnaməsinin saxta olmasında Sultanov Şirin günahı olmadığını vurğulayıb:

“Oğluma şəhadətnaməni atası Azad Sultanov doğulandan sonra alıb. O vaxt 90- ci illərdə belə hallar mövcud idi. Şəhadətnamə var, ancaq kodlaşdırmada çıxmır. Burada yeni doğulmuş körpənin nə günahı var? Şirin anadan olandan bəri əlində bu kağız olub. Həmin kağızla özünə pasport alıb, hərbi xidmətdə olub, atası ilə birgə xaricdə olub. Azad öz atasının adını oğluna qoyub.

1988- ci ildə Azad Sultanovla tanış olmuşuq. Mart ayının 19-da toyumuz olub. Sadəcə rəsmi nikahda olmamışıq. 4 övladımız dünyaya gəlib. 1992- ci ildə bir qız övladımız dünyasını dəyişib. Rəsmi nikaha girməməyimizin səbəbi isə Azadın Rusiyada qeydiyyata düşmək üçün bir rus qadınla evlənməsi olub. Aynurənin anasından isə 70- ci illərdə rəsmi şəkildə boşanıb. Həmin evlilikdən də Aynurə və Azadə adlı qızları dünyaya gəlib. Azadə hazırda dünyasını dəyişib. Sizə təqdim etdiyim fotolarda Sultanov Azad, onun bacıları ilə birgə müxtəlif yerlərdə çəkilmiş ailəvi şəkillərimiz var. Gəlsin o da atasıyla çəkdirmiş olduğu bir şəkillə ortaya çıxsın. Yoxdur. Amma mən 13 yaşı tamam olanda ona öz evimdə ad günü keçirmişəm. Atası onu Tibb Universitetinə qoyub, ev alıb. Anası ilə birgə 2001- ci ildə bizim evə gəlmişdi. Evə girən kimi məni vurdu. Elə həmin il atası ürəyindən infarkt keçirdi. Atası da vəsiyyət etdi ki, onu ölüsünün üstünə qoymasınlar. Atası da sıravi adam deyildi. Onun ölümündən bütün Gəncə, Azərbaycan xəbər tutdu. Çünki Azad Sultanov Əli Ömərovun vaxtında Baş Prokuror yanında baş ədliyyə müşavirə, hərbi prokuror, daha sonra Bakı şəhər prokurorluğunda işləyib. 1995- ci ildə öz ərizəsi ilə işdən çıxıb”.

X. Əsgərova DNK analizi verməyə razılaşdıqlarını da qeyd edib: “Hansı gün istəyirsə, biz analiz verməyə hazırıq. Ancaq qarşı tərəf bundan imtina edib. İddianı özü verdiyi üçün xərcləri də Aynurə qarşılamalı idi. Atası 2011- ci ildə dünyasını dəyişib. İndi eskumasiya ilə analiz götürə bilirsə, bunu etsin.

Burada əsas məsələ mülklə bağlıdır. Azad sağ olan vaxtda borcu yaranmışdı. Biz həmin torpaq sahəsini satıb onun borcunun bir hissəsini ödəmişik. Onun borcu olmasına dair öz xətti ilə yazılmış, notarial qaydada təsdiq olunmuş sənəd var. Orada Azad 83000 min manat borcu olduğunu qeyd edib.

O 2011- ci ildə vəfat etdi. Aynurə onun yasına gəlmədi, maraqlanmadı. Halbuki biz atasının ölümü barədə onu məlumatlandırmışdıq. Atası dünyasını dəyişəndə Şirin 18 yaşı var idi. Oğlum nə etməli idi? Varis kimi özünü təsdiq etdirməli idi. Bütün yükü çiyinlərinə götürdü, atasının da borcunu ödədi. Digər övladlarımın Şəfiqə ilə Aslanın sənədləri yox idi. Amma hazırda Ali Məhkəmənin qərarı var ki, Şəfiqə ilə Aslan Sultanov Azadın uşaqlarıdır. Eyni zamanda müəyyən olunub ki, Əsgərova Xatirə onun faktiki nikahdan olan arvadıdır. Həmin nikahdan da Şir adlı oğlanları olub. İndi bunlar da saxta olası oldu?”.

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın