Cümə , Aprel 19 2024
Ana səhifə / Media / “Mənə saytı dağıtmaq üçün pul təklif etdi” – FOTOLAR

“Mənə saytı dağıtmaq üçün pul təklif etdi” – FOTOLAR

Əsrlər öncə ilk yazılar qayalara, papirusa, heyvan dərilərinə yazılırdı. Beləcə indi dövrümüzə, 21-ci əsrə gəlib çıxdıq.

Artıq dövr dəyişib, əsrlər ötüb. Müasir tələblərdə artıq qələm tutub, yazı yazanların sayı getdikcə azalır. Onların yerini elektron tabletlər, kompüterlər alır.

E-mail ünvanlar, vacib sənədlər, önəmli şifrələr… Bütün məlumatlarımızı kompüterlərdə saxlayırıq. Xəbərləri onlayn mediadan, yəni saytlardan alırıq. Çünki dövr sürət tələb edir. İnsanlar hər şeyə tez çatmağı sevdiyi kimi, məlumatı da tez almağı sevir və bunu tələb edirlər. Bu səbəbdən onlayn saytların sayı hər gün artır.

Texnologiya inkişaf etdikcə, hər şey elektronlaşdıqca insan oğlu bu məslədə də problem yarada bilir. Məsələn, hackerlər… Bu ada layiq şəxslər müxtəlif sayt və portallara hücum çəkib, oradan pul, önəmli sənədlər və ya informasiyalar oğurlayırlar. Bəzən isə sadəcə həmin sayta hücum çəkib, saytı çökdürmək istəyirlər.

Doğma ölkəmizdə də bu kimi hallara çox rast gəlinir. Əsasən xəbər saytları bu tipli hücumlara məruz qalırlar. Məsələn, hansısa saytın dərc etdiyi xəbərdə adı hallanan məmur və ya biznesmen bu xəbəri saytdan sildirmək üçün İT mütəxəssislərinə, hackerlərə müraciət edirlər. Bundan qorunmaq isə heç də asan deyil.

Musavat.com saytı bu dəfə məhz bu məsələyə toxunub. Bu səbəbdən “Web developer”, Texnoloq.net saytının rəhbəri Rasim Həmidiyə suallar ünvanladıq və maraqlı cavablar aldıq.

“Ölkədə fəaliyyət göstərən bir neçə bank və dövlət təşkilatlarının saytlarında boşluqlar mövcuddur”

– Azərbaycan mediasında olan onlayn saytlar necə qorunur? Çünki tez-tez hücumlar olduğu deyilir. Saytlar çoxmu zəif qorunur, yoxsa hücummu güclüdür? 

– Bir hacker ,hər hansı bir veb sayta hücum etmədən öncə özü üçün işini harada başladıb, harada bitirəcəyi ilə bağlı bir cədvəl hazırlayır. Bu, cədvəl saytın xəritəsi kimidir. Təəssüf ki, ölkəmizdə veb saytların çoxu bir-birinin təkrarıdır, bu da hücumçunun işini bir xeyli rahatlaşdırır, çox az bir əziyyətlə saytla bağlı baza məlumatların əldə etməyə şərait yaradır. Bunun əsas səbəblərindən biri də sayt sifarişçilərinin “web developer”lərdən az məbləğ qarşılığında böyük işlər gözləməsidir. Bu səbəbdən  bir çox proqramçı da özünü əziyyətə vermir, yeni  sifarişçidən öncəki sifarişçinin işini kopyalayıb, az miqdarda görüntü üzərində dəyişikliklər edib, yeni müştəriyə satır.

Azərbaycanda son zamanlar ən çox istifadə edilən hücum yöntəmi “ D-Dos”dur. “Distributed Denial of Service (DDoS)” hücumları eyni anda birdən çox kompüterin hədəf kompüter və şəbəkələrə istiqamətli fərqli nöqtədən eyni vaxtda olaraq həyata keçirilir. Hücum əsnasında minlərlə fərqli IP ünvanından istifadə edirlər və çox ciddi zərərlər verə bilər. Bu hücumların qarşısını almaq, bir çox veb saytı üçün çox çətindir. Bunu, bir nəfərin keçə biləcəyi qapıdan 10000 nəfər keçirtmək kimi də başa düşmək olar.

Əgər çox önəmli bir sayt işlədirsinizsə, hər gün yüz minlərlə istifadəçiniz varsa, mütləqdir ki, saytın trafikinə nəzarət edəcək bir işçi tutasınız. Saytınızın “bandwidth”  genişliyin bilib, anormal vəziyyətlərdən qabaqcadan xəbərdar olmaq lazımdır. Bu tip hücumlardan xəbərdar olmaq üçün serverlərin xüsusi proqram və xidmətləri mövcuddur.

Bunun üçün  Firewall, Touter, Switch, IPS kimi şəbəkə və təhlükəsizlik təchizatları ilə saytınızı müdafiə edə bilərsiniz.

Hazırda biz “Texnoloq” komandası olaraq bilirik ki, ölkədə fəaliyyət göstərən bir neçə bank və dövlət təşkilatlarının saytlarında boşluqlar mövcuddur, bunlara ciddi nəzarət etmək lazımdır. Bu boşluqlardan əldə edilən məlumatlarla həmin bank və təşkilatların imicinə çox ciddi şəkildə zərər verə bilərlər.

“Kartofun qiyməti belə qalxırsa, bu sahədə də qiymətlərin qalxması normaldır”

– Bir saytın hazırlanması neçəyə başa gəlir? Bu sahədə də bahalaşma varmı? 

– Təbii ki, əgər dollarla əlaqədar ölkədə yetişdirilən kartofun qiyməti  belə qalxırsa, bu sahədə də qiymətlərin qalxması qaçınılmazdır. Amma burada saytın hazırlanmasında deyil,  əsasən aylıq və ya illik olaraq hostinq üçün  ödənilən qiymət  qalxır. (Hostinq- İnternet şəbəkəsindəki məlumatların yerləşdirilməsini, saxlanılmasını həyata keçirir. Web hostinq saytın internetdə yerləşdirilməsi, saxlanılması, istifadəçilərin sayta əlçatanlığını təmin edirş Bu xidmətləri göstərən qurum Hostinq Provayder adlanır).

Düşünün ki, müştəri saytın sıfırdan deyil, şablon üzərində hazırlanmasını istəyir. Seçdiyi şablonun qiyməti 60 dollardır. Əvvəl 60 dollar 47 manat edirdisə, indi 98 manatdır. Aradakı fərqi görmək çox asandır.

“Hansısa “sponsoru” olan biri, özün daha yaxşı reklam etdiyi üçün  bizdən daha çox tanınır”

–  Hər kəs bu işlə məşğul ola bilər? 

–  Hər kəs öz işi ilə məşğul olsa, həyat daha gözəl olar. Biz,  6-7 il həkimlik təhsili alan birini bazarda paltar satıcısı kimi görməyə öyrəşmişik. İçdən-içə bununla fəxr də edib, həmin adamı dostlarımıza görsədirik ki, “Bax, bizim çox savadlı paltar satıcımız var”. Amma başa düşmürük ki, bu satıcının yerində olan “həkim”, indi xəstəxanada kiminsə övladını, anasını bədbəxt edir. Eynən, kompüter sahəsi də belədir. Biz 10 ilimizin gecə-gündüzünü bu işə verib, hər gün yeni bir şeylər öyrənirik, amma hansısa “sponsoru” olan biri, özün daha yaxşı reklam etdiyi üçün  bizdən daha çox tanınır, daha çox müştəri cəlb edir. Sonda da “fiasko!”-  Müştəri peşman olur.

“Bəzi müştərilərimizin təkidi ilə hazırladığımız saytlar var ki, onları portfolio-ya yerləşdirməyə belə utanırıq”

 –  Bizim saytlar nə qədər müasir tələblərə cavab verir? 

–  Eh… (gülür – red) Bizim saytların 99 faizi heç bir yeniliyə açıq olmayan rəhbərlərin əlindədir. Çox utancverici zövqə sahibdirlər. Bəzən elə müştəri olur ki, ona deyirəm ki, “Sənin artıq pulun lazım deyil, gəl, bu saytı daha müasir variantda yığaq, daha baxımlı olsun”, amma razılaşmır. Bir sayt tapıb göstərir ki, “Saytım buna oxşasın”, məcbur qalıb razılaşırsan. Bəzi müştərilərimizin təkidi ilə hazırladığımız saytlar var ki, onları portfolio-ya yerləşdirməyə belə utanırıq.

“Proqramçı qaranquş deyil ki, aclıq hiss gələndə uçub, göydən həşərat tutub, yesin”

–  Çox vaxt sayt sahibləri saytı yığanlar barəsində narazılıq edirlər. Səbəb də birdir, işi gecikdirmə, tənbəllik, mesajlara cavab verməmə…

-Tək bir səbəb var, o da saytın hazırlanması üçün istənilən məbləğin vaxtında verilməməsi və qiymətin çox düşürülməsi.

Saytı hazırlayan proqramçı qaranquş deyil ki, aclıq hissi gələndə uçub, göydən həşərat tutub, yesin. O, da bu işi görmək üçün enerji, vaxt sərf edir. Əgər müştəri saytı hazırlamaq üçün istənilən məbləği verməsə, proqramçı da məcbur olub başqa işlər götürüb, iki-üç işi eyni anda edib, öz xərclərini ödəməyə çalışacaq. Sayt sifarişi verən hər bir şəxs bilməlidir ki, indi buna xərclədiyi pul, mütləq tez bir zamanda ona geri gələcək.  İstər böyük şirkət olsun, istərsə də fiziki şəxs…

“Bizim saytın adına çox yaxın bir adda sayt fəaliyyət göstərir, mümkünsə onu dağıt”

 

– Sənə bu günə kimi kimsə hansısa sayta hücum etmək, oradan material silmək üçün müraciət edibmi?

Bəli, olub. Ən son dünən məşhur bir saytın redaktoru mənə müraciət edib dedi ki, “Bizim saytın adına çox yaxın bir adda sayt fəaliyyət göstərir, mümkünsə onu dağıt, pulunu verəcəm”. İşdən sonra evdə maraq üçün bunun alınıb – alına bilməyəcəyini yoxladım, mümkün idi, amma  təklifini qəbul etmədim. Çünki bu işə yeni başladığım vaxtlarda mənim öz başımı çox ağrıdan olub, aylarla əziyyətin çəkdiyim saytı bir gecəyə məhv etmişdilər. Təbii ki, səhv özümdə idi, ən azından backup (arxiv) götürməli idim. O günlərdə həmin adamı yaxşıca söymüşdüm (gülür-red). Bütün hallarda kiminsə əməyini məhv etməyə qarşıyam, bu, yaxşı sonluqla nəticələnsə belə…

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın