Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / “Mənə satılan evi başqası təmir edir…”

“Mənə satılan evi başqası təmir edir…”

“Belə çıxır ki, indi də bu başqası ilə məhkəmələrdə vuruşmalıyam.

Ömrümün bir hardasa 10 ili də buna gedəcək. Yəni, pulunu verib aldığım evə 10 ildir girə bilmirəm, hələ 10 il də yaxın düşə bilməyəcəm”

“Xırdalan şəhərində fəaliyyət göstərən “ABŞERON LTD-2013” tikinti şirkəti tərəfindən evim ikinci şəxsə satılıb. Pulunu ödəyən mən, təmir işlərini aparan başqasıdır. Getmişəm evə, baxıram ki, qapı açıq, evdə də fəhlələr işləyir”.

Bakı sakini Malik Hüseynovun başına gələnləri bir neçə il əvvəl eşitsəydik, bunu “qəribə əhvalat” da adlandırardıq.

Ancaq bu hadisə Azərbaycanda, özəlliklə də Bakıda, son illər o qədər insanın başına gəlib ki, onu nəql edənə də, dinləyənə də adiləşib.

Halbuki, söhbət bir şirkətə bel bağlayıb əmlakını satmaqdan, əlində-ovcundakı son qəpik quruşu da üstünə qoyub onminlərlə manatı hansısa şirkətə təhvil-təslim etməkdən gedir.

Həm də söhbət ondan gedir ki, sahibkar toruna düşüb iri məbləğlərlə vidalaşan pul sahibləri itirdiklərinin heç yarısını da sonradan geri ala bilmirlər. Elə eynən Malik Hüseynov kimi…

Deyir, vaxtilə “ABŞERON LTD-2013”tikinti şirkətindən ev alanlar tora düşdüklərini anlayandan sonra məhkəmə, prokurorluq, şirkət arasında futbol topuna dönüb. Hərə bir tərəfə qovalayır.

ZƏRƏRÇƏKMİŞ VƏ MÜLKİ İDDİAÇI

Malik Hüseynov özü də Xırdalan sakinidir.

Quşçuluq yaşayış massivində yaşayır. Düz 10 il əvvəl Xırdalanda – M.Hüseynzadə küçəsi 1 saylı ünvanda“Fuad LTD” şirkəti tərəfindən inşa edilən yaşayış binasından valideynləri və özünə ayrı-ayrı mənzillər alıb. 121 saylı mənzilin dəyərini tam, 122 saylı mənzilin dəyərini yarımçıq ödəyib. Pulun qalanını hissə-hissə ödəməklə bağlı şirkət rəhbərliyi ilə razılıq olub.

Binadakı işlər 2009- cu ilədək davam edib, həmin ildən tikinti dayanıb. Sakinlərin şikayətinə əsasən, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq başlanıb. İstintaq orqanı digər payçılar kimi, onu da zərərçəkmiş və mülki iddiaçı qismində tanıyıb. Amma nə faydası…

“İstintaqdan sonra bizə məlum olmayan səbəbdən tikintini “Abşeron LTD 2013” (VÖEN 10000 58691) adlı firma davam etdirməyə başladı. Zərərçəkənlərin evlərinin tikilib təhvil verilməsi hüquqi varis kimi onların üzərinə bir vəzifə olaraq qoyuldu. Bir də xəbər tutdum ki, 2006-ci ildə aldığım mənzilimi 2014 -cü ilin dekabrında başqasına satıblar. Evimə yaxın düşə bilmirəm. Hazırda həmin mənzildə təmir işləri gedir. Özümsə uzun müddətdir kirayələrdə yaşayıram. Yaşayışını düzəltmək üçün halal pulunu əlinlə apar ver dələduza, bir neçə il get-gəl, tikintinin başa çatmasını tələb elə, prokurorluqlarda, məhkəmələrdə düş qal, sevinməyinə bir addım qalmış xəyalların puç olsun – məlum olsun ki, illərlə xəyalında təmir edib xəyalən içərisində yaşadığın evində gerçəkdə başqası təmir işləri aparır. Belə çıxır ki, indi də bu başqası ilə məhkəmələrdə vuruşmalıyam. Ömrümün bir hardasa 10 ili də buna gedəcək. Yəni, pulunu verib aldığım evə 10 ildir girə bilmirəm, hələ 10 il də yaxın düşə bilməyəcəm”.

“MƏNZİL ALARKƏN KOOPERATİVƏ ÜZV OLUN”

Hüquqşünas Vaqif Alıyev deyir, yeni tikilən binalardan mənzil alarkən vətəndaşların aldanmaları, bir mənzilin eyni vaxtda bir neçə vətəndaşa satılması halları, həqiqətən də, adiləşib. O bu cür məsələlərdə hüquqi yardımdan istifadə etməni zəruri sayır. Deyir, kooperativdən mənzil alarkən alıcılar özlərinin kooperativin ortaq (assosiativ) üzvlüyünə qəbul edilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış tələb etməlidilər. Hüquqşünas məsələnin həlli yollarından biri kimi müqavilələrin vahid reyestrinin yaradılmasını önəmli sayır:

“Burada söhbət ondan gedir ki, mənzil-tikinti kooperativləri satdıqları mənzillərin alqı-satqısına dair müqavilələri bunun üçün müəyyən edilmiş xüsusi reyestrdə qeydiyyatdan keçirməlidirlər. Bu zaman mənzil-tikinti kooperativləri həm müqavilədə göstərilən mənzilin dəyərini açıq göstərməyə, həm də ölçüləri dəqiq qeyd etməyə məcbur olacaqlar. Eyni zamanda, ən əhəmiyyətlisi odur ki, müqavilələrin reyestrdən çıxarışı olmadan qeyd edilən mənzilləri alıb-satmaq mümkün olmayacaq, bu da vətəndaşları aldadılma hallarından qoruyacaq”.

Vaqif Alıyev tikintisi başa çatmayan binalarla bağlı sığortanın tətbiqinin də problemlərin qarşısını ala biləcəyini deyir və Türkiyə təcrübəsini önə çəkir:

“Orada satılan mənzillərin sığortalanması məsələsi var. Tikintisi başa çatmamış mənzillər satılarkən mütləq sığorta şirkəti tərəfindən sığortalanır və əgər gələcəkdə binanın tikintisi başa çatmırsa, tikinti ilə bağlı hər hansı problemlər yaranırsa, alıcıya dəymiş zərəri sığorta şirkəti ödəyir. Bu məsələ bizim qanunvericilikdə də öz əksini tapsa, yaxşı olardı”.

CƏZASI 12 İLDİR, AMMA…

Hüquqşünas deyir, bundan başqa, vətəndaş mənzil alarkən tələskənliyə yol verməməli və evtikmə şirkətinin fəaliyyətini dərindən araşdırmalıdır:

“Reputasiyası çirklənmiş firmalar var, onları hamı tanıyır. Belə şirkətlərdən kənar durmaq lazımdır ki, tora düşməyəsən. Əgər vətəndaş gedib tamamilə qanundankənar bir müqavilə bağlayırsa, bir dələduzun toruna düşürsə, qanun nə edə bilər? Kimsə bir vətəndaşdan pul alır və mənzili bir neçə şəxsə satırsa, bunun üçün Cinayət Məcəlləsində dələduzluq maddəsi var, 12 ilə qədər həbs müddəti nəzərdə tutulur. Yəni buna görə qanunda boşluq axtarmaq düzgün deyil. İnsanlar öz hüquqi biliklərini artırmalı, bu cür hallardan özlərini qorumalıdırlar. Maliyyə riskli addımlar atarkən mütləq vəkilin köməyindən istifadə etməlidirlər”.

“Abşeron LTD-2013” şirkəti haqqında heç bir internet məlumatı tapılmadı.

Payçıdan şirkətin iki əməkdaşının əlaqə nömrəsini əldə etsək də, bir neçə gün ərzində zəng vurmağımıza baxmayaraq, hər ikisi qapalı oldu. Elə payçı özü də hazırda şirkət əməkdaşlarını axtardığını deyir. Azadliq.org

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın