Ana səhifə / Media / Məmurlar sahibkarın obyektini söküb yerini bankirə satdılar

Məmurlar sahibkarın obyektini söküb yerini bankirə satdılar

Bu gün Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən və fiziki şəxsə məxsus olan kafe-çayxana Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşları tərəfindən yerlə-yeksan edilib. Bununla bağlı obyekt sahibinə əvvəlcədən heç bir xəbərdarlıq edilməyib.

Virtualaz.org saytının söküntü prosesini izləyən əməkdaşlarının verdiyi xəbərə görə, söküntü işi Yasaml RİH başçısının müavini Səməd İslamovun rəhbərliyi ilə həyata keçirilib. Söküntü gedən əraziyə Yasamal Rayon Polis İdarəsinin xeyli sayda əməkdaşı cəlb olunub.

Özünü obyektin sahibi kimi təqdim edən Cabir Sabir oğlu Sədrəddinov virtualaz.org saytına açıqlamasında söküntünün qanunsuz olaraq həyata keçirildiyini dedi: “20 ildir bu obyekti işlədirəm. Bu ərazini – 200 kvadratmetr sahəni sərəncamla almışam. Tikili də 20 ildir var. Bu obyektin sökülməsinin yolverilməz olması barədə məhkəmə qərarı da var. Buna baxmayaraq obyektimi sökdülər. Bu, aşkar özbaşınalıqdır”.

Obyekt sahibi deyir ki, söküntü ilə bağlı ona heç bir rəsmi xəbərdarlıq edilməyib: “Bir həftə əvvəl də söküntü üçün gəlmişdilər. Mən də məhkəmə qərarını onlara təqdim etdim. Məhkəmədən nümayəndələr gəldi. Bundan sonra icra hakimiyyətinin işçiləri çıxıb getdi”.

C.Sədrəddinov dedi ki, Yasamal RİH əməkdaşları və polis bu gün səhər heç bir xəbərdarlıq etmədən söküntü aparmağa gəliblər: “Mənə xəbər elədilər ki, bəs, obyekti sökməyə gəliblər. Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət etdim. İzahatımı yazıb bura gələnə qədər obyekti sökdülər. Deyirlər ki, obyekt qeyri-qanunidir. Burada yaşıllaşdırma işləri aparıb çayxana açmışam. Məhkəmənin qərarı var ki, bura mübahisəli yerdir və razılıq olmadan söküntü aparmaq qadağandır. Amma bu qərarı sayan olmadı. Bu işlər də qanunsuzdur”.

Bu günədək bütün vergilərini ödədiyini deyən obyekt sahibinin sözlərinə görə, ona Yasamal RİH-dən sərəncam göstərilib. Sərəncamda bu torpaq sahəsinin başqa şəxsə məxsus olduğu qeyd edilib: “Dedilər ki, guya Hacıbala Abutalıbovun da bundan xəbəri var, Abutalıbov layihəyə etiraz etmir. Amma rəsmi sərəncamının olması da deyilmir”.

C.Sədrəddinov bu ərazinin kimə satıldığını və yerində nə tikiləcəyini də açıqladı: “Burada 2-3 mərtəbəli ofis tikiləcək. Bu ərazini iki gün ərzində Beynəlxalq Bankın kredit şöbəsinin müdiri Kələntərov Orxan Natiq oğluna satıblar. Bu, necə qanuni ola bilər? Özbaşınalıqdır. Yuxarıdan deyiblər sökün, bunlar da sökür”.

Söküntü aparılan ərazidə olan Yasamal RİH başçısının müavini Səməd İslamovdan sahibkarın səsləndirdiyi fikirlərə münasibət öyrənmək istədik.

Lakin icra başçısının müavini açıqlama verə bilməyəcəyini dedi. O, mətbuata açıqlama vermədiyini dedi, bunun üçün icra hakimiyyətinin mətbuat xidmətinə müraciət etməyi məsləhət gördü.

S.İslamova bu günədək mətbuata verdiyi açıqlamaları xatırlatdıq. Buna baxmayaraq o, israr etdi ki, indiyədək mətbuata açıqlama verməyib və verməyəcək.

“Sovetski” söküntülərindən mətbuata və ictimaiyyətə yaxşı tanış olan S.İslamov daha sonra hadisə yerini tərk etdi.

Obyekt sahibi isə məhkəməyə müraciət edəcəyini və bu qanunsuzluğa görə haqqını tələb edəcəyini dedi. Daha sonra ərazidə söküntü işləri davam etdirildi.

İlkin Muradov

Fotolar Vüsalə Abdullayevanındır

Virtualaz.org

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın