Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Media / Məcburi köçkün yaşıllığın məhv edildiyini deyir, qarşı tərəf isə…

Məcburi köçkün yaşıllığın məhv edildiyini deyir, qarşı tərəf isə…

Cəbrayıl rayonundan məcburi köçkün olan Əsgərov Kamal redaksiyamıza gələrək şikayətlənib. Şikayətçinin sözlərinə görə, hazırda yaşadığı Qaradağ rayonu Müşfiqabad qəsəbəsi, Məcburi Köçkün Şəhərciyində yaşıllıq məhv edilmək üzrədir: “2013-cü ildə həmin qəsəbə istifadəyə verilib. 2014-cü ildə mərkəzi dairə adlanan ərazinin yaxınlığında təxminən 60-a yaxın müxtəlif növ ağac əkmişəm, bunun üçün xeyli maddi vəsait xərcləmişəm.

Həmin ərəfələrdə qəsəbənin Mənzil İstismar Departamentinin direktoru Qabil Quliyevə 3 min xan çinarı verilmişdi. Direktor məndən xahiş etdi ki, əhali ilə birgə həmin ağacların əkilməsində ona köməklik göstərək. Biz qəsəbə sakinləri ağacların əkilməsində yaxından iştirak etdik. Lakin çox təəssüf ki, baxımsızlıq nəticəsində həmin ağacların əksəriyyəti sıradan çıxdı. Kim ağaclara xüsusi qulluq etdi, onlar yetişdi, böyüdü. Bu gün isə Qabil Quliyev tərəfindən qanunsuz şəkildə ağaclar ərazidən çıxarılır. O, həmin əraziləri satışa çıxarır. Ərazilərin satışa çıxarılması müəyyən mənada qanuni hesab edilsə də, yaşıllığın məhv edilməsi tamamilə qanunsuzdur”.

Şikayətçi məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini bildirib:

“Artıq ağaclardan ikisi yoxdur. Mənə rüşvət təklif edildi ki, imkan verim oradakı ağacların məhv edilməsinə göz yumum, orada obyekt tikilsin. 4 ildir ki, mən ağaclara qulluq edirəm. Qəsəbə sakinləri də buna şahiddir.

Aidiyyəti qurumlara müraciət etdim. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən nümayəndələr gəlib ağacları qeydiyyata saldılar, protokol tərtib etdilər. Üstündən bir müddət keçdikdən sonra yenidən ağacların çıxarılmasına başladılar”.
Məsələ ilə bağlı şikayətdə adı keçən qəsəbənin Mənzil İstismar Departamentinin direktoru Qabil Quliyevin də mövqeyini öyrənməyə çalışdıq. Q.Quliyev ona qarşı irəli sürülən ittihamları rədd etdi:

“Kamal Əsgərovu tanıyıram. Qəsəbədə ona 20 kv.m yer də verilib, bərbərxana tikmək üçün. O isə tikintiyə təxminən 40 kv.m də əlavə edərək orada pivəxana açıb. Pivəxananın arxasındakı ağaclığı isə hasarlamışdı. Qəsəbə sakinlərinin şikayəti əsasında həmin hasarı sökdük. Yəni həmin yeri zəbt edərək hasarlamışdı.

Bundan sonra Kamal Əsgərov müəyyən qurumlara şikayətlər yazdı. Bizim həmin ərazidə heç bir obyekt tikmək fikrimiz olmayıb”.

Qurum direktoru iki ağacın yerindən çıxarılması məsələsinə isə bu cür aydınlıq gətirdi: “Bəli, həmin ərazidə iki ağac yerindən çıxarılıb və bu çoxdan olub. Ağaclar ərazidən keçən qaz borularına mane olduğu üçün qanuni şəkildə, nazirliyin icazəsi ilə yerindən çıxarılaraq, təxminən 30 metr yaxınlıqdakı əraziyə köçürülüb. Yəni bu, tam qanuni şəkildə icra edilib”.

Həmçinin oxuyun

Zəngilanın işğaldan azad olunması xəbərini sevinc göz yaşları ilə təqdim etdi – Video

Azərbaycanlı teleaparıcı Zəngilanın işğaldan azad olunması xəbərini verərkən sevinc göz yaşlarına hakim ola bilməyib. Həmin …

Bir cavab yazın