Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Liseyin müəllimləri şagirdi intihar həddinə çatdırıb?

Liseyin müəllimləri şagirdi intihar həddinə çatdırıb?

Kimya Biologiya Təmayüllü Respublika Liseyinin 11-ci sinif şagirdi Nərmin Mehtilinin valideyni Dilarə Mehtiyeva redaksiyamıza Azərbaycan təhsil ictimaiyyətinə ünvanladığı müraciətinin surətini göndərib. Müraciətdə liseydə müəllimlərin repetitorluğunu qəbul etməyən şagirdə qarşı atılan qəddar addımlar haqda məlumatlar yer alıb.

Valideyn müraciətində yazır: “Qızım Mehtili Nərmin 7-ci sinifdən Kimya Biologiya Təmayüllü Respublika Liseyində təhsil alır. O, bizim ciddi nəzarətimiz altında dərslərə həmişə səylə hazırlaşıb və nəticələri də yaxşı olub. Lakin ötən 2016-2017-ci dərs ilinin əvvəlindən etibarən onun daha gərgin olduğu diqqətimizi çəkməyə başladı. O, bir az fərqli baxışlara malikdir. Hər olanı hər vaxt evdə danışmağı xoşlamır və müəyyən yerə qədər məsələləri özü həll etməyə səy göstərir. Nəticə olmadıqda bizə müraciət edir. Bir ana kimi onun artan gərginliyi məni çox narahat edirdi. Mən təkidlə ondan nə baş verdiyini soruşurdum. Axır ki, o, mənim israrlı sorğularıma cavab verərək bildirdi ki, biologiya müəlliməsi Həcər Sadıxova onu son vaxtlar bərk gözüm çıxdıya salıb ki, bəs sən gərək mənim hazırlıqlarımda iştirak edəsən. Nərmin də ona bu barədə hələ dəqiq qərar vermədiyini söyləyib. Bir neçə gün sonra həmin hal yenidən təkrarlanıb. Yenə Nərmin həmin cavabı verir. Müəllimə isə deyir ki, sən gərək mənim hazırlıqlarıma gələsən, yoxsa sənin işin yaxşı olmayacaq, bu liseylə vidalaşmalı olacaqsan. Bundan sonra müəllimə hər dərsdə onu layiq olmadığı sözlərlə aşağılamağa başlayır. Nərmin mənə artıq onun əlindən bezdiyini və dərsə getmək həvəsini itirməkdə olduğunu dedi. Nərmin hətta bu müəllimin əlindən özünü öldürmək barədə düşündüyünü söylədi”.

Valideyn yazır ki, bundan sonra müəllimə ilə əlaqə saxlayıb: “Müəllimə ilə əlaqə saxladım. Bildirdi ki, məsələ təkcə mənlik deyil. Qoyulmuş qayda belədir. Hazırlıq keçən hər 5 nəfərdən birinin haqqı rəhbəliyə çatır. Əgər bizim istədiyimiz kimi olmasa, sizin uşağınız heç bir müəllimdən 3-dən yüksək qiymət ala bilməyəcək və məktəbdən xaric olunacaq. Müəllimə haqlı imiş. Bundan sonra direktor müavini Aslan müəllim də mütəmadi olaraq Nərmini dərsdən ayıraraq yanına çağırtdırıb məktəbdən çıxarılacağı ilə təhdid edirmiş. Direktor müavini dəfələrlə Nərminə deyib ki, şələ-şüləni yığışdır və bizim məktəbdən rədd ol. Təbii ki, bu vəziyyətə düşən qızım da həvəsdən düşür və bu da onun nəticələrinə mənfi təsir göstərir”.

Baş verənlərdən sonra şagirdin sağlıq durumunda problemlər yaranıb və həkimin köməyi ilə vəziyyəti yaxşılaşıb. Amma liseyə qayıdandan sonra müəllimlər onun həkimdən gətirdiyi arayışın saxta olmasına yersiz iradlar bildirməyə başlayıblar: “Stresə düşən qızımı vəziyyətdən çıxarmaq üçün həkim köməyinə ehtiyac yarandı. Biz həkimə müraciət etdik, o müəyyən zaman ona daha yaxından dəstək olmağı və bir müddət müalicə alıb dincəlməyi məsləhət bildi və dərsdən üzrlü səbəbdən qalmaq üçün müvafiq sənəd verdi.
Biz Nərminin özünə gəlməsi üçün əlimizdən gələni etdik. O, bir qədər yaxşılaşdı və dərsə getdi. Yenə Həcər müəllimə ondan əl çəkmir. Bu dəfə başlayıb ki, sənin arayışın saxtadı, mənim qızım həkim işləyir və belə arayışlardan müəyyən məbləğ müqabilində hər gün yazır”.

Məni bağışlayın, heç müəllim söhbətinə oxşamır. Bu nə münasibət, nə yanaşmadı? Müəllim də öz şagirdi ilə belə mövzu açarmı? Bu səviyyəli təhsil ocağı üçün bu çox gözlənilməz və təəssüfedici bir haldır. Dərs ilinin I yarısının sonunadək Həcər müəllimə öz şagirdi ilə ədavətini aparmaqda israrından əl çəkmir və nəticədə Nərmin tədris ilinin ikinci yarısından qrupunu dəyişməli olur. Bu da vəziyyətin düzəlməsi üçün yetərli olmur. Bundan sonra liseyin direktor müavini Aslan Ağakişiyev onu daha çox sıxmağa başlayır. Tez-tez fənn dərslərindən ayırıb otağına çağırdır, hədə-qorxu gələrək ona 3-dən artıq qiymət görməyəcəyini və istənilən halda məktəbdən çıxarılacağını çatdırır. O, demək olar ki, Nərmini hər gün bu vəziyyətə salıb. Cəmiyyət üçün yenicə formalaşmaqda olan gəncin sındırılması və incik salınması üçün “müəllimlik” edib.
Nərminə qarşı olan qərəz, onun Aslan müəllim tərəfindən dərslərdən mütəmadi çıxarılıb hədələnməsi və bu kimi digər neqativ hallar onda ruh düşkünlüyünə, dərslərə marağının itməsinə və davamiyyətinin zəifləməsinə səbəb oldu. Dərslərə davamiyyətinin zəifləməsini fürsət bilərək müəllimlərin qiymət üçün boş saxladıqları yerlərə də əlavə qayıblar yazıb və beləcə, onun sinif jurnalındakı qayıblarını bilərəkdən artıraraq məktəbdən xaric etmək üçün daha bir əsas hazırlayıblar.

Bu liseydə bütün şagirdlər istinasız olaraq məcburən orada çalışan müəllimlərin hazırlıqlarına cəlb edilir. Qızım da hamı kimi kimyadan dərs müəllimi Xuraman Məmmədova müəllimənin hazırlığına gedirdi. Sonra Nərmin yaxşı başa salmır və vaxtı boşa verir deyə ondan şikayətləndi. Biz də Nərmini həmin məktəbin digər müəlliməsinin hazırlığına keçirdik. Bundan incik düşən fənn müəllimi digər müəllimlərdən daha da qabağa gedərək qızıma kimya fənnindən illik yekun qiymətləndirmə imtahanından qeyri-məqbul qiymət yazdı. Halbuki qızım yekun imtahanından bir qədər əvvəl liseydə keçirilən sınaq imtahanında kimyadan çox yüksək qiymət almışdı.

Dərs ilinin sonlarında dərs jurnalına diqqət yetirən Nərmin görür ki, gənclərin çağırışa qədərki hazırlığı dərsində fəal olmasına baxmayaraq dərs jurnalında onun qarşısında heç bir nəticə qeydi yoxdur. Nərmin gənclərin çağırışaqədərki hazırlığı fənn müəllimi Akif müəllimdən bunun səbəbini soruşur. Müəllim ona bildirir ki, bu barədə Aslan müəllimin tapşırığı var və Nərminə onun məsləhət bildiyi qiymətləri yazacaq. Bu qayda ilə Nərmin gözdən salınır. Kimyadan “2″ yazılaraq payıza saxlanılır. Fizika, riyaziyyat, ingilis dili və gənclərin çağırışaqədərki hazırlığı fənlərindən 3 qiymət verilərək məktəbdən çıxarılmasına ”mükəmməl zəmin” hazırlanır. Bütün bu müddət ərzində Aslan müəllim bizə könüllü olaraq ərizə yazıb Nərmini məktəbdən çıxarmağı təkid edirdi. Yalnız bu halda Nərminə layiq olduğu və hətta daha yüksək qiymət yazdırmağı bizə vəd edirdi.

28.08.2017-ci il tarixində kimyadan payız imtahanı baş tutdu. İmtahan vaxtı qızımın yanında idim. Aslan müəllim onu imtahana buraxmırdı. Məndən əvvəlcə onu çıxarmağım üçün ərizə yazmağımı israrla tələb edirdi. Direktor Kamran müəllimin müdaxiləsindən sonra onu imtahana buraxdılar və bildirdilər ki, xeyri yoxdur, “5″ də alsa şuraya qoyub çıxaracağıq. Qızım imtahanda 20 sualın hamısına doğru cavab verdi. Mən bir valideyn kimi əminəm ki, qızımın gənclərin çağırışaqədərki hazırlığından, fizika və ingilis dilindən də qiymətləri reallığı əks etdirmir. Həmin fənlərdən nəticələr Nərminə qarşı yaranmış qərəzin göstəricisidir. İmtahan başa çatdı və Aslan müəllim mənim iştirakımla Nərminin cavab kartını yoxladı və dedi ki, bütün cavablar doğrudur və imtahan qiyməti ”5″-dir. Ancaq bu da onun bizim məktəbdə qalıb oxumağına əsas vermir. Sən əgər müəllimələrinin dediklərinə vaxtında əməl etsəydin başına bu cür oyunlar gəlməzdi”.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirdi ki, valideynin müraciətində göstərilənlər araşdırılacaq. (Musavat.com)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın