Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Lənkəran sakini bələdiyyə sədrinin əlindən özünü yandıracağını deyir

Lənkəran sakini bələdiyyə sədrinin əlindən özünü yandıracağını deyir

Lənkəran sakini prezidentdən kömək istəyir; “30 ildir istifadəmizdə olan torpaq sahəsini kənd bələdiyyəsi əlimizdən alıb başqa adama satır”

 
Lənkəran şəhər Digah kənd sakini Məryəm Həşimova prezident İlham Əliyevə, birinci ledi Mehriban Əliyevaya, daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırova müraciət ünvanlayaraq kömək istəyib. O, müraciətinin mətbuatda da dərc edilməsi üçün redaksiyamızdan kömək istəyib.
M.Həşimova bildirir ki, Digah kəndinin də tabe olduğu Şiləvar bələdiyyəsinin sədri Malik Fərzullayev onun və ailəsinin 30 ildən çoxdur istifadəsində olan torpaq sahəsini mənimsəyərək başqa adama satmaq istəyir: “Mənim həyat yoldaşım 12 il öncə rəhmətə gedib. Ondan sonra 11 sotluq həyətimizdə əkib-biçib balalarımı böyütmüşəm. Həmin 11 sot torpaq sahəsinin 6 sotu hələ ərim sağ olarkən onun adına rəsmiləşdirilmişdi. Qalan 5 sot torpağın isə 2013-cü ilin avqust ayında bələdiyyəyə rəsmi müraciət edərək, oğlum Həşimov Vüsalın adına keçirilməsini xahiş etdim.
Həmin ərazini biz 30 ilə yaxındır əkib biçirik,  həmin sahədə yaşı 100 ilədək olan ağaclar vardı. Bələdiyyə sədri məndən buna görə 5 min manat pul istədi. Bildirdim ki, kasıb adamam, maksimum 500 manat ödəyə bilərəm, qanuni rüsum bundan artıq eləmir. Dedi, yox.  Bundan bir qədər sonra bizə bəlli oldu ki, bələdiyyə sədri bizim torpaq sahəmizi əlimizdən alıb qonşumuz Kamran Əzimova satmaq istəyir.
Bunun üçün bələdiyyə sədri özünün və icra hakimiyyətində işləyən qaynı İlkin Rəhimovun imkanlarından istifadə edərək, həmin torpaq sahəsinin bizim istifadəmizdən alınaraq bələdiyyənin sərəncamına verilməsi üçün Lənkəran Şəhər Məhkəməsində qərar çıxartdırdı. Sonra da qonşu Kamran Əzimova guya yol vermək adı ilə torpaq sahəmizin hasarını uçurtmaq və yaşıllığı məhv etmək istədi. Biz vəkil tutduq, Apelyasiya Məhkəməsinə, Ali Məhkəməyə şikayət etdik. Mən savadsız adamam, vəkil də məhkəmədə qarşı tərəflə işbirliyinə getdi, nəhayət bizə qarşı çıxarılan qərar qüvvəsində qaldı. Məhkəmələr, məmurlar məni – kimsəsiz adamı eşitmədi. Əksinə, saxta bir sənəd yazıblar ki, guya Kamran Əzimov həmin torpaq sahəsinin əvəzində bizə başqa yerdə torpaq alıb verəcəyinə dair öhdəlik götürüb.
Əvvəla, bu yalandır, ikincisi də mən 30 illik torpağımı niyə başqa boş sahə ilə əvəzləməliyəm, oğlum yanımdan köçüb gedib başqa yerdə ev tikməlidir? Əslində Malik Fərzullayev bələdiyyə sədri işlədiyi 15 il ərzində – bələdiyyə yaranan gündən indiyədək saxtakarlıqla o seçilib – kənddə bir qarış torpaq sahəsi qoymayıb. Hətta kəndimizdəki məşhur çay tarlasını gecə ilə yandıraraq məhv etdi və sonra torpağı satdı. İndi də camaatın həyətyanı sahələrini əlindən alıb satmaq istəyir…
2014-cü ilin sonlarından başlayaraq bələdiyyə sədri dəfələrlə torpaq sahəmizin hasarını dağıtmağa cəhd etdi. Hər dəfə özüm və balalarım traktorun qarşısına çıxaraq özümüzü fəda edərək torpağımızı qorumuşuq. Nəhayət, 2015-ci il martın 10-da bələdiyyə sədri biz evdə olmadığımız müddətdə traktor gətirərək hasarımızı uçurub, həyətdəki yaşıllığı məhv edib. Orada 50-dən çox yaşı 10 illərlə olan ağacları məhv edib. Bu hadisədən sonra insult keçirmişəm. Son həddəyəm, bələdiyyə sədri məni özümü yandırmaq həddinə çatdırıb. Mən cənab prezidentdən xahiş edirəm, heç bir qanun tanımayan, özünü az qala padşah kimi aparan bələdiyyə sədrinin qanunsuzluqlarına son qoyması üçün göstəriş verməsini acizanə şəkildə xahiş edirəm. Cənab prezident, mənim son ümidim sizədir, xahiş edirəm səsimə səs verin




Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın