Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Lənkəran Rayon Xəstəxanasına ayrılan vəsaitlər hara xərclənir? 

Lənkəran Rayon Xəstəxanasına ayrılan vəsaitlər hara xərclənir? 

Ağabala Kəlbiyevin baş həkimi olduğu tibb müəssisəsində qeysəriyyə əməliyyatı can alır.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında yaşanan bir sıra olaylar yerli sakinlərin ciddi narazılığına səbəb olduğundan əhali adıçəkilən tibb müəssisəsinin baş həkimi Ağabala Kəlbiyevin işdən azad olunmasını, onun yerinə isə daha peşəkar, öz işini lazımi səviyyədə icra edən kadrın təyin olunmasını arzulayırlar.

Bu və digər önəmli məqamlarla bağlı redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, Ağabala Kəlbiyevin yol verdiyi nöqsanlar səbəbindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının ümümi cərrahiyyə, travmatologiya, terapiya, pediatriya, mamalıq, laboratoriya, qadın məsləhətxanası, yoluxucu xəstəliklər, ginekologiya, anesteziologiya-reanimatologiya və konsultativ poliklinika şöbəsinin fəaliyyəti rayon sakinləri tərəfindən qeyri-qənaətbəxş qiymətləndirilir.

Hazırda Lənkəranda uşaq poliklinikası, təsərrüfat hesablı stomatoloji poliklinika, təcili və təxirəsalınmaz tibbi xidmət stansiyası, taun əleyhinə stansiya, hərbi xəstəxana, 6 şəhər xəstəxanası, 3 kənd sahə xəstəxanası, 7 qəsəbə və 24 kənd həkim məntəqəsi, 34 kənd tibb məntəqəsi və dəmiryol stansiyası tibb məntəqəsinin fəaliyyət göstərdiyini qeyd edən məlumatlı şəxsin bildirdiyinə görə, Ağabala Kəlbiyev onların hər birini nəzarətdə saxlamaq niyyətindədir: “Deyilənlərə görə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev sənəd üzərində müalicə alan xəstələrə gen-bol yeyib-içmək verir. Təkcə bu il “Kaspiya-12” MMC-dən alınan kələm, turp, vəzəri, pomidor, xiyar və sairəyə 33 min manat pul xərclənib. Qeyd olunan məhsullar bazar qiyməti ilə alınarsa, onların ümumilikdə kütləsi 40 tondan çox edir və daşınması üçün yük vaqonu tələb olunur. Bu kütləni il boyu Lənkəran Rayon Mərkəzi Xəstəxanasında yatan xəstələrin adambaşına böləndə, belə çıxır ki, xəstələr burdan hətta evlərinə də meyvə-tərəvəz yollayıblar. Hərçənd heç kəsə sirr deyil ki, əksər dövlət xəstəxanasında müalicə alan insanlara yaxınları ev yeməkləri gətirir. Bəs onda dövlət büdcəsindən xəstəxanaya ayrılan vəsaitlər hara xərclənir?.. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının “Lənkəran Tədarük Firması” MMC-dən aldığı ət məhsuluna görə ödədiyi 46 min manat ilk baxışdan kiçik görünsə də, əslində təəccüblüdür. Çünki bu pula 7 tona yaxın ət almaq olar ki, bu da orta hesabla bir aya 600 kq edir. Meyvə-tərəvəz, həmçinin ətlə müqayisədə baha olmayan və az miqdarda istifadə edilən digər ərzaq məhsulları – düz, yağ, sarıkök, verməşil və s. üçün 41 min manat xərclənməsi də şübhəlidir. “Lənkəran Çörək” ATSC-dən illik çörəyin alınmasına sərf edilən 16 min manata biri 30 qəpikdən 53333 ədəd zavod çörəyi almaq olar ki, bu da aya 4444, günə isə 146 ədəd edir. 140 ədəd çörək ən azı 250 nəfərin günlük normasıdır. Burada diqqət çəkən maraqlı məqam isə adam başına düşən çörəklə yemək payında olan uyğunsuzluqdur. Belə çıxır ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasındakı xəstələrin yarısından çoxu gen-bol ət, qalanı isə sadəcə quru çörək yeyir…”

Bu arada, mənbə iddia edir ki, ötən ilin oktyabr ayında qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişən Astara rayon sakini Xoşqədəm Yədulla qızı Məmmədovanı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev özü əməliyyat edib: “Deyilənlərə görə, ginekoloq Mehparə Rufullayeva nəyinsə müqabilində bu işi öz üzərinə götürüb. Sonradan baş həkim müxtəlif dairələrdə Mehparə Rufullayevanı müdafiə edə bilib. Beləliklə də hər ikisi cəzasız qalıb. Yeri gəlmişkən, qeyd edim ki, ölkə başçısının 27 noyabr 2013-cü il tarixdə imzaladığı fərmanda göstərilir ki, qeysəriyyə əməliyyatının qeyri-qanuni aparılmasına görə təqsirli şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar. Lakin buna baxmayaraq, həmin hadisəyə görə heç kim məsuliyyətə cəlb olunmayıb. Əksinə həmin gündən sonra Ağabala Kəlbiyev Mehparə Rufullayevanın maraqlarına cavab verməyən digər ginekoloqları daim basqı altında saxlayır. Xoşqədəm Yədulla qızı Məmmədovanın ölümündən az keçmədi ki, Mehparə Rufullayevanın səhvindən qeysəriyyə əməliyyatı zamanı Ramilə Şıxəliyeva, daha sonra isə Rahimə Şahəli qızı Nuriyeva dünyasını dəyişdi. Bütün bunlara görə məhz Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev məsuliyyət daşıyır. Lakin nədənsə hələ də onun fəaliyyətini obyektiv şəkildə araşdıran, əməllərinə görə müvafiq qaydada cəzalandırılmasını təmin edən olmayıb. Görünür, Ağabala Kəlbiyev hansısa nüfuzlu şəxsin himayəsində olduğu üçün heç kim onunla pis düşmək istəmir…”

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın