Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Media / “Lənkəran rayon icra başçısı Taleh Qaraşovun qəbuluna düşmək mümkün deyil…” – Şəhid atası şikayətçidir

“Lənkəran rayon icra başçısı Taleh Qaraşovun qəbuluna düşmək mümkün deyil…” – Şəhid atası şikayətçidir

Aprel döyüşlərində Şəhid olan hərbçilərimizdən biri də gizir Rusif İbrahim oğlu Ağayevdir.

Bu dəfə Şəhid gizirimiz Rusif Ağayevin ailəsi ilə görüşmək üçün Şəhidimizin doğulub boya-başa çatdığı Lənkəran rayon Hirkan qəsəbəsinə yola düşdük. Bizi Şəhid gizirmizin atası İbrahim müəllim, Şəhidimizin qardaşı Rasif və anası Rəsmiyyə xanım qaşıladı.

“Ailədə iki qardaş və bir bacıyıq…”

Rusifin yoxluğu Ağayevlər ailəsini çox sarsıdıb. Şəhidimizin anası Rəsmiyyə xanım Rusiflə bağlı suallarımızı cavablandıra bilmədi. Gözündən axan yaşları gördükdə, özümüz də ananı danışdırıb incitməyi məsləhət bilmədik. Şəhidizimin kiçik qardaşı Rasif dənizçidi. Qardaşının Şəhid olmasından sonra sarsılan Rasif indi çox əziyyət çəkdiyini deyir:

“Rusif mənim böyük qardaşımdı. Rusif 1987-ci ilin aprelin 16-da anadan olub. Ailədə iki qardaş və bir bacıyıq. Rusif evin böyük uşağı idi, ondan sonra bacım Ruhsalə və mən dünyaya gəlmişəm. Rusif sanki dünyaya yaxşılıq eləməyə gəlmişdi. İndi onunla bağlı xatirələr yada düşdükcə, çətinlik çəkirəm”. (Gözləri dolur)

Şəhid gizirimizin atası İbrahim müəllim Rusifin Şəhid olmasından sonra infarkt keçirib. Övlad itkisinin dözülməz olduğunu deyir Şəhid atası:

“Martın 30-da Rusifin evində qonaq olduq…”

“Rusif uşaqlıqdan çox zirəng uşaq idi. İki oğlumun ikisini də idmana qoymuşdum. İdmanın karate növüylə məşğul olurdular. Rusif orta məktəbi bitirdikdən sonra sənədlərini Heydər Əliyev adına Ali Hərbi məktəbə verdi. Amma çox təəsüf ki, qəbul ola bilmədi. 2005-ci ildə Rusif hərbi xidmətə yollandı. Hərbi dəniz qüvvələrində xidmətə başladı. Hərbi xidmtədə könüllü olaraq gizirlik kursuna yazılaraq oxudu. Elə həmin vaxtdan Rusif gizir kimi işləyirdi. Rusif ailəli idi, Zəhra adlı altı yaşında qızı və Əli adında beş yaşlı oğlu var. Martın 30-da Bakıda Rusifin evində qonaq olduq.

“Əyilib alnındakı yarasından öpdüm…”

Aprel döyüşlərində mən bilirdim Rusif də döyüşdədi. Aprelin 5-də axşamüstü Rusif mənə zəng vurub dedi ki, ata, uşaqları sənə tapşırıram. Telefonda əsəbiləşdim. Dedim ki, Rusif bu nə sözdü mənə deyirsən? Hiss edirdim ki, o, qaçır. Dedim ki, Rusif niyə qaçırsan? Dedi ki, ata, ermənilər qaçır, biz də qovuruq. Bunları deyib mənimlə sağollaşdı. Axşam Rusifin hərbçi yoldaşları mənə zəng vurub dedi ki, Rusif Şəhid olub. Aprelin 6-da Rusifin cənazəsini yaşadığımız Hirkan qəsəbəsinə gətirdilər. Məsciddə dedim ki, açın oğlumu görüm. Tabutu açdılar gördüm ki, güllə Rusifin alın nahiyyəsindən və bir də bud nahiyyəsindən dəyib. Əyilib alnındakı yarasından öpdüm. (Gözləri dolur) Sonra Rusifi qəsəbədəki qəbristanlığımızda böyük izdihamla dəfn etdik.

“Səksən dörd gündən sonra dedilər ki, bizlik deyil, get özün düzəltdir…”

Bu gün mən heç kimdən heç nə istəmirəm. Prezidentimiz həmişə icra başçılarına tapşırıq verir ki, Şəhid ailələrinə diqqət yetirin. Onların problemləri ilə maraqlanın. Amma Lənkəranda tam əksinədir. Lənkəran rayon icra hakimiyyəti mənə dedi ki, oğlunun məzar daşını biz qoyacağıq sən toxunma. Səksən dörd gündən sonra dedilər ki, bizlik deyil, get özün düzəltdir. Bunu elə əvvəldən deyərdilər mən edərdim də, niyə biz Şəhid ailələri ilə oyun oynayırlar. Məzar daşının özüm xərcini çəkdim.

“Lənkəran rayon icra başçısı Taleh Qaraşovun qəbuluna düşmək mümkün deyil…”

Lənkəran rayon icra başçısı Taleh Qaraşovun qəbuluna düşmək mümkün deyil. Aprelin 16-da ad günü oldu, heç kim gəlmədi. Qırx mərasimində Lənkəran rayon icra hakimyyətindən heç kim gəlmədi. Ad günündə yalnız Rusifin müəlliməsi tədbir təşkil elədi. Buna görə ona minnətdaram. Başqa rayonlara baxanda bizim Lənkəranda Şəhid ailələrinə diqqət sıfıra bərabərdi. Mənə ən ağır gələn oğlumun məzar daşının gecikdirilməsi oldu.

“Bələdiyyə sədri neçə ildir ki, mənimlə davadadır…”

Bələdiyyə sədri neçə ildir ki, mənimlə davadadır. Yeddi sot torpaq almaq istəyirəm ki, təsərrüfatımı yaradım. Öz yaşadığım evin torpaq sahəsi yoxdu. Bələdiyyə sədri Ələmşah Məmmədov mənə zülüm edir. Neçə vaxtdır ki, o torpağı almağım üçün mənə köməklik göstərmir. Qapımızı döyən ancaq media nümayəndələridir. Gəldiyiniz üçün sizə də minnətdaram. Çox sağ olun ki, gəlib biz Şəhid ailələri ilə maraqlanırsınız”.

Sonda Şəhid gizirimizin ailəsinə baş sağlığı verib oradan Bakıya yola düşürük. Ümidvarıq ki, Şəhid atasının sadaladığı problemlər öz əksini tapacaq. (modrator.az)

“Lənkəran rayon icra başçısı Taleh Qaraşovun qəbuluna düşmək mümkün deyil...”

Azinforum.az olaraq bildiririk ki, moderator.az saytına istinadən yerləşdirdiyimiz  bu yazıya reaksiya verilib. Məqalədə barəsində söz açılan şəhid atasının imzası ilə  moderator.az saytına ünvanlanan müraciətin bir sürəti də bizim elektron poçtumuza göndərilib. Həmin məktubu olduğu kimi təqdim edirik:

“Moderator.az internet saytına

Mən, Lənkəran rayonunun Hirkan qəsəbə sakini, Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyi uğrunda döyüşdə mərdliklə vuruşaraq şəhid olmuş Ağayev Rusifin atası Ağayev İbrahim saytınızın 24 aprel   tarixli sayında guya Lənkəranda şəhid ailələrinə diqqətin olmaması ilə bağlı mənim adımdan yayılmış yalan məlumata ciddi etirazımı bildirirəm və şəhid atası olduğumu bilə-bilə mənim heysiyyatıma toxunan, hansısa qüvvələrin sifarişi ilə mənim adımdan böhtan və əsassız informasiya yayan əməkdaşın dərhal cəzalandırılmasını tələb edirəm.

Şəxsən bir şəhid atası kimi bildirmək istəyirəm ki, Lənkəranda şəhid ailələrinə daim diqqət və qayğı göstərilir. Şəhər İcra hakimiyyətində və rayonun digər idarə və təşkilatlarında növbədən kənar qəbul olunuruq, problemlərimiz həll edilir. Minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki, şəhid oğlum dəfn olunarkən mərasimdə elim-obamla birlikdə İcra başçısı başda olmaqla rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri də yanımda olub mənə həyan durublar, mənə təskinlik veriblər. Bundan başqa yas mərasimi davam edən üç gün müddətində, 40 və il mərasimlərində İcra başçısı rəhbər işçilərlə birlikdə məclisdə iştirak edib.

Bundan başqa oğlumun dəfn, qırx və il mərasimlərinin keçirilməsi və məzar daşının hazırlanması üçün İcra başçısı tərəfindən lazımı qədər vəsait verilmişdir.

Bundan əlavə Heydər Əliyev Fondu,  Milli Məclisin deputatları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şöbəsi, dövlət sığorta şirkəti, oğlumun xidmət etdiyi hərbi hissə  tərəfindən maddi köməklik göstərilmişdir. Eyni zamanda şəhid oğlumun adına olan ipoteka kreditinin Standart bank, istehlak kreditinin isə Beynəlxalq bank tərəfindən tam ödənilməsi təmin olunmuşdur. Şəhər İcra hakimiyyətinin təşəbbüsü ilə aprel döyüşlərinin ildönümünə həsr olunmuş, mənim və ailə üzvlərimin də iştirak etdiyi tədbirdə nümayiş etdirilmiş filmdə başqa şəhidlərlə yanaşı  oğlumun da həyatı, təhsili və hərbi xidməti ilə bağlı görüntülərin verilməsi mənə yenə təskinlik oldu və oğlumun Vətən yolunda göstərdiyi xidmətdən bir daha şərəf duydum. Məgər bunlar şəhid ailəsinə göstərilən qayğı deyilmi? Özünüz mətbuat orqanı ola-ola bu barədə dəfələrlə verilmiş məlumatlara nə üçün əhəmiyyət vermirsiniz? Niyə onları nəzərə almırsınız? Siz kimə xidmət edirsiniz? Sizdən tələb edirəm, mənim adımdan verdiyiniz saxta informasiyaya görə dərhal təkzib verib məndən üzr istəyin. Əks təqdirdə məhkəməyə müraciət edəcəyəm.               

      İmza: Şəhid atası Ağayev İbrahim”.

Azinforum.az

 

Həmçinin oxuyun

Elçin Şıxlı İctimai Televiziyadakı işindən DANIŞDI

Azərbaycan Jurnalistlər Birliyinin sədri, fəaliyyəti dayanmış “Ayna-Zerkalo” qəzetlərinin sahibi Elçin Şıxlı İctimai Televiziyada fəaliyyətə başlayıb. …

Bir cavab yazın