Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Kürdəmirdə fermerə qan uddururlar – ŞİKAYƏT VAR

Kürdəmirdə fermerə qan uddururlar – ŞİKAYƏT VAR

Kürdəmir rayonunun Qarasaqqal kənd sakini, Qarabağ müharibəsi veteranı, sahibkar Nicat Muradov “Təzadlar” qəzetinə müraciət edərək fermer təsərrüfatı ilə məşğul olduğunu, lakin onun sahibkarlıq fəaliyyətinə törədilən əngəllərin arxasında yerli məmurların dayandığını bildirib. N.Muradov sahibkarların fəaliyyətinə məmurlar tərəfindən edilən qanunsuz müdaxilələrə son qoyulması barəsində ölkə rəhbərinin söylədiyi fikirlərdən və verdiyi tapşırıqlardan sonra da Kürdəmir rayon İcra Hakimiyyətinin Qarasaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cahid Abdullayevin və sahə inspektoru Mahmud Mahmudovun qanunsuz əməllərindən əl çəkmədiklərini, ondan rüşvət tələb etdiklərini deyib.

Şikayətçinin sözlərinə görə, üzləşdiyi problemlə bağlı rayon rəhbərliyinə, aidiyyəti dövlət qurumlarına məlumat verərək onun sahibkarlıq fəaliyyətinə yaradılan süni maneələrin aradan qaldırılmasını xahiş etsə də, hələ ki, bu məsələ öz həllini tapmayıb. Bütün baş verənlərlə bağlı Nicat Muradov media vasitəslə dövlət başçısına, aidiyyəti dövlət qurumlarına müraciət edib. Müraciətdən məlum olur ki, Kürdəmir rayonunun ərazisində yerləşən 65 saylı “Maqsudbağı” adlanan qış otlaq sahəsinin 80 hektar hissəsi 2000-ci ildən N.Muradovun icarəsindədir. Belə ki, Kürdəmir rayon İcra Hakimiyyətinin 22 oktyabr 2010-cu il tarixli, 130 saylı sərəncamı ilə sözügedən otlaq sahəsi onun istifadəsinə və icarəsinə verilib. Həmin sərəncama uyğun olaraq 1 noyabr 2010-cu il tarixdə icra hakimiyyəti ilə N.Muradovun arasında 64 saylı torpaq icarə müqaviləsi bağlanıb. O, həmin torpaq sahəsindən son 15 il ərzində daimi olaraq istifadə edib. Bu müddət ərzində icarə müqaviləsi üzrə bütün öhdəlikləri yerinə yetirib, hər il torpaq sahəsinin vergisini və digər ödənişləri də vaxtlı-vaxtında dövlətə ödəyib.
25 mart 2015-ci il tarixdən başlayaraq Kürdəmir rayonunun Qarasaqqal kənd sakinləri Salahov Ziyad Oruc oğlu, Salahov Lütvi Lətif oğlu, Salahov Hörmət Bahadur oğlu, Salahov Azad İsmayıl oğlu, Salahov Barat Əjdər oğlu, Salahov Ülvi Əjdər oğlu, Muradov Qubad Rəhim oğlu, Əliyev Cahid Əlisafa oğlu, Əliyev Əhsən Ədalət oğlu, Salahov Mərifət Fəxri oğlu, Salahov Şəmil Tofiq oğlu və Salahov Sücaət Tofiq oğlu (sonuncu iki qardaşlar icra nümayəndəsi Cahid Abdullayevin qayınlarıdır) heç bir əsas olmadan onun icarəsində olan torpaq sahəsinin bir hissəsini zəbt ediblər.
Onlar özlərinə məxsus iri və xırda buynuzlu heyvanları N.Muradovun qoyunçuluq təsərrüfatını inkişaf etdirmək və təbii yem artırmaq məqsədilə icarəyə götürdüyü 80 hektar qış otlaq sahəsinə (biçənək üçün qoruyub saxladığı təxminən 30 hektara yaxın sahəyə) salaraq otarmaqla oranı yararsız hala salıblar. N.Muradovun dəfələrlə onlardan icarəsində olan torpaq sahəsindən çıxmalarını tələb etməsinə, bununla bağlı aidiyyəti orqanlara müraciət etməsinə baxmayaraq, həmin adamlar qanunsuz əməllərinə son qoymayıb, sözügedən torpaq sahəsindən istifadə edərək sahibkara külli miqdarda maddi ziyan vurublar. Eyni zamanda, keçirmiş olduğu psixoloji gərginlik və depressiyaya düşməsi nəticəsində isə ona mənəvi ziyan vurulub.
Belə olan halda, Nicat Muradov son addıma əl atmaq qərarına gəlib. O, Salahov Azad İsmayıl oğlu, Salahov Lütvi Lətif oğlu, Salahov Hörmət Bahadur oğlu, Salahov Barat Əjdər oğlu, Salahov Ülvi Əjdər oğlu, Salahov Ziyad Oruc oğlu, Muradov Qubad Rəhim oğlu, Əliyev Cahid Əlisafa oğlu və Əliyev Əhsən Ədalət oğluna qarşı əmlak hüququnun təmin edilməsi, torpaq sahəsindən çıxarılma, hörülmüş taxta hasarın sökülməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.
Belə ki, 7 aprel 2015-ci il tarixli iddia ərizəsi ilə Kürdəmir rayon Məhkəməsinə müraciət edən N.Muradov məhkəmədən xahiş edib ki, cavabdehlərin ona məxsus Kürdəmir rayonunun ərazisində yerləşən 65 saylı “Maqsudbağı” adlanan qış otlaq sahəsinin 80 hektar hissəsindən çıxarılmaları, həmin torpaq sahəsində cavabdehlər tərəfindən hörülmüş taxta hasarın cavabdehlərin hesabına sökülməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənişməsi tələbinə dair qərar qəbul edilsin.
9 iyun 2015-ci il tarixdə sözügedən iddia üzrə mülki işə baxan Kürdəmir rayon Məhkəməsinin hakimi Rafiq Bağırov iddianı qismən təmin edib. Hakim qət edib ki, “cavabdehlər Salahov Azad İsmayıl oğlu, Salahov Lütvi Lətif oğlu, Salahov Hörmət Bahadur oğlu, Salahov Barat Əjdər oğlu, Salahov Ülvi Əjdər oğlu, Salahov Ziyad Oruc oğlu, Muradov Qubad Rəhim oğlu, Əliyev Cahid Əlisafa oğlu və Əliyev Əhsən Ədalət oğlu Kürdəmir rayonunun Qarasaqqal kəndinin ərazisində yerləşən, iddiaçı Muradov Nicat Rəhim oğlunun icarəsində olan torpaq sahəsindən məcburi qaydada çıxarılsınlar.
Həmin torpaq sahəsində cavabdehlər Muradov Qubad Rəhim oğlu və Salahov Ziyad Oruc oğlu tərəfindən çəkilmiş taxta hasar onların hesabına sökülsün”.
Kürdəmir rayon İcra Şöbəsinin rəisi, I dərəcəli ədliyyə qulluqçusu Hikmət Quliyevin aidiyyəti qurumlara ünvanlanan məktubunda bildirilir ki, Kürdəmir rayon Məhkəməsi tərəfindən verilmiş 09.06.2015-ci il tarixli 2(041)-492/2015 №-li icra vərəqəsinə əsasən, borclular Salahov Azad İsmayıl oğlu, Salahov Lütvi Lətif oğlu, Salahov Hörmət Bahadur oğlu, Salahov Barat Əjdər oğlu, Salahov Ülvi Əjdər oğlu, Salahov Ziyad Oruc oğlu, Muradov Qubad Rəhim oğlu, Əliyev Cahid Əlisafa oğlu və Əliyev Əhsən Ədalət oğlu Kürdəmir rayonunun Qarasaqqal kəndinin ərazisində yerləşən, tələbkar Muradov Nicat Rəhim oğlunun icarəsində olan torpaq sahəsindən məcburi qaydada çıxarılmalı, həmin torpaq sahəsində borclular Muradov Qubad Rəhim oğlu və Salahov Ziyad Oruc oğlu tərəfindən çəkilmiş taxta hasar onların hesabına sökülməlidir.
Məktubda o da bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmə qərarları dövlətin adından çıxarılır və onların icrası məcburidir, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini icra etməyən və ya icrasına hansı bir qaydadasa maneçilik törədən şəxs cinayət məsuliyyəti daşıyır.
N.Muradovun sözlərinə görə, məhkəmə qətanməsinə əsasən, icarəsində olan torpaq sahəsində cavabdehlər tərəfindən çəkilmiş taxta hasar onların hesabına sökülsə də, həmin adamlar bu gün də onun sahibkarlıq fəaliyyətinə imkan vermir, özlərinə məxsus iri və xırda buynuzlu heyvanları qış otlaq sahəsində otarırlar.
N.Muradov dəfələrlə onlardan icarəsində olan torpaq sahəsindən çıxmalarını tələb etməsinə, bununla bağlı aidiyyəti orqanlara müraciət etməsinə baxmayaraq, həmin adamlar qanunsuz əməllərinə son qoymayıb, sözügedən torpaq sahəsindən istifadə edərək, sahibkara külli miqdarda maddi ziyan vururlar.
Şikayətçi onun da qeyd edir ki, üzləşdiyi problemlə bağlı rayon rəhbərliyinə, rayon polis şöbəsinə məlumat verərək, onun sahibkarlıq fəaliyyətinə yaradılan süni problemlərin aradan qaldırılmasını xahiş etsə də, məsələ öz həllini tapmayıb: “Əksinə, Kürdəmir rayon İcra Hakimiyyətinin Qarasaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cahid Abdullayevlə sahə inspektoru Mahmud Mahmudov mənim sahibkarlıq fəaliyyətimə əngəllər törədən adamları müdafiə edirlər. Qarabağ müharibəsi iştirakçısıyam, özümün və mənimlə birlikdə çalışan insanların yeganə gəliri bu kiçik fermer təsərrüfatındandır ki, onunla da məşğul olmağa imkan vermirlər. İcra nümayəndəsi Cahid Abdullayev və sahə inspektoru Mahmud Mahmudov məqsədli şəkildə təsərrüfatımı çökdürmək istəyirlər. Onlar təsərrüfatıma ziyan vuran adamların qarşısını almaq üçün məndən rüşvət tələb edirlər.
Hörmətli cənab Prezident!
Mən bir müharibə iştirakçısı, bir sahibkar kimi Sizdən dəstək istəyirəm. Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim təsərrüfatımı faktiki olaraq məhv etmək istəyən adamların, onlara havadarlıq edən vəzifəli şəxslərin cəzalandırılması, sahibkarlıq fəaliyyətimə edilən qanunsuz müdaxilələrə son qoyulması üçün aidiyyəti qurumlara tapşırıq verəsiniz. Ümidim yalnız Sizədir”.
Onu da qeyd edək ki, N.Muradov şikayətinin yerində və obyektiv araşdırılması üçün əməkdaşımızı rayona dəvət etdi. Bu məqsədlə aprelin 10-da Kürdəmir rayonuna yollandıq. Nicat Muradovla yaratdığı fermer təsərrüfatında görüşüb, üzləşdiyi problemləri bir daha öz dilindən eşitdik. Bu barədə geniş yazını növbəti sayımızda oxuya bilərsiniz.
Məsələ ilə bağlı adı çəkilən şəxslərin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfi də dinləməyə hazırıq.

(Davamı var)

“Təzadlar”ın Araşdırma Qrupu

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın