Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Körpələrin payına göz dikən bağça müdirləri…

Körpələrin payına göz dikən bağça müdirləri…

Bu gün bir çox sahələrdə korrupsiya və rüşvətxorluğun baş alıb getdiyi hər birimizə gün kimi aydındır.

Bu neqativ halların aradan qaldırılması uğrunda aparılan mübarizələr hələ də tam olaraq öz müsbət nəticəsini verməyib. Yəqin ki, bu halın aradan qaldırılması üçün inzibati və cəza tədbirlərini daha da sərtləşdirməyə ehtiyac var. Ən dəhşətlisi odur ki, rüşvətxorluq, korrupsiya halları təlim-tərbiyə müəssisələrində daha geniş vüsət alıb və acınacaqlı duruma gətirib çıxarıb. Ali məktəbdə təhsil alan tələbə, orta məktəbdə oxuyan şagird, bağçaya gedən uşaq istər-istəməz rüşvət və “şirinlik” verməyə təhrik edilir. Deməli, biz rüşvət almağın yollarını elə məktəbdə öyrənirik.

Sumqayıtdakı məktəbəqədər təhsil müəssisələrində-uşaq bağçalarında da ümumi vəziyyət acınacaqlı durumdadır. Düzdür, Zakir Fərəcov şəhərə icra başçısı təyin edildikdən sonra bir neçə bağçanın dam örtüyünün təzələnməsinə start verilib, müsbət irəliləyişə doğru bəzi addımlar atılıb, ancaq bu, daxilən çirkaba batmış bağçaları hələ rüşvət girdabından “hifz” edə bilməyib. Belə ki, müxtəlif ad altında yenə də pulyığma “kampaniyası” davam edir. Bura “fond pulu”, “xalça pulu”, “tozsoran pulu”, ən “vacibi” isə “yemək pulu” və s. daxildir. Aylıq uşaqlardan alınan “YEMƏK PULU” hər bağçada müxtəlif məbləğdədir. İnsaf üçün deyək ki, bu məbləğ uzaq mikrorayonlarda 10 manatdırsa, şəhərin digər “bahalı” məhəllə və mikrorayonlarında 40-50 manat təşkil edir. Aydındır ki, “yemək pulu” adı ilə valideynlərdən qopardılan həmin məbləğ, bir başa müdirin aylıq “qazancıdır”. Çünki əldə etdiyimiz məlumata görə, bağçaların ərzaq təminatını şəhər icra hakimiyyəti həyata keçirir və bu, körpələrin qida ehtiyacını normal təmin etmək üçün əslində kifayət edir. Əgər valideyn dilbilməz körpəsini evdən tox yola salıb, ac qarşılayırsa, deməli, burda bir neçə qaranlıq məqam var: körpələrin payına göz dikmə və oğurluq! Eləcə də bağçalara müəyyən olunmuş saydan artıq uşaq qəbulu. Çünki qəbulda maraq daha böyük və “dadlıdır”. Burada da bağçaya uşaqların qəbul edilməsinin qiyməti müxtəlifdi: bağçanın yerləşdiyi əraziyə və şəraitinə uyğun-150 manatdan 500 manata qədər “ödəniş” haqqı var.

Son vaxtlar şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov belə neqativ halların aradan qaldırılması üçün ciddi tapşırıqlar verib. Təssüf ki, bir çoxunun arxasında “dağ” kimi məmur dayanan, vəzifədə olan əmisinə, dayısına, ərinə və digər qohumuna arxalanan bağça müdirləri öz çirkin və “şirin” əməlindən əl çəkməyib. Ancaq onlara xatırladırıq ki, heç kim toxunulmaz deyil, qanun hamımız üçün alidir. Son hadisələr bunu bir daha təsdiq etdi. Bir az geci, tezi var… Moderator.az

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın