Ana səhifə / Media / “Kommunal xətlər sıradan çıxdığından, kiminin işığı, kiminin qazı, kiminin də suyu ” – “Sovetski”də yaşananlar…

“Kommunal xətlər sıradan çıxdığından, kiminin işığı, kiminin qazı, kiminin də suyu ” – “Sovetski”də yaşananlar…

“Sovetski”də söküntü işləri sürətləndirilib, hətta demək olar ki, hər gün bir ev sökülür. Amma hər sökülən ev yanındakı evin sakinlərinə problem yaradır. Söküntü işlərinin gedişində kommunal xətlər sıradan çıxdığından, kiminin işığı, kiminin qazı, kiminin də suyu kəsilir. Tolstoy küçəsi, dalan 10-da yaşayanlar günlərdir su üzünə həsrət qalıblar.

Bu barədə virtualaz.org saytına “Sovetski” sakinləri məlumat veriblər.

Məhəllənin Mirzəağa Əliyev, Dilarə Əliyeva, Süleyman Rəhimov, Mustafa Sübhi, Zülfi Adıgözəlov, Abdulla Şaiq küçələrindəki evlər artıq tarixin yaddaşına köçüb. Yeni salınacaq magistral yolun keçəcəyi ərazidə yerəşən evlərin sakinləri isə köç üstündədir. Verilən kompensasiyanın məbləğindən narazı qalaraq köçmək istəməyənlər olsa da, onlar yaxın aylarda evlərini tərk etməyə məcbur qalacaqlarını bilirlər.

“Bizim evin ön və sağ tərəfindəki evlər sökülüb. Hətta evə bitişik mənzil də söküntüyə düşüb. Bizə isə deyirlər ki, ola bilsin, 2 ildən sonra köçürüləcəksiniz”, – dalan 10, ev 6-da yaşayan Ofeliya İsmayılova deyir. Ofeliya xanımgilin 10 gündür ki, suyu verilmir.

Sakinlər “Azərsu” Səhmdar Cəmiyyətinə şikayət ediblər, oradan isə “Azəravtoyol”a müraciət edilməsini məsləhət görüblər. “Azəravtoyol”dan dedilər ki, su xəttinin bərpası ilə biz məşğul olmuruq. Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etməyimizi istədilər,icra hakimiyyətindən isə “Sovetski” ərazisindəki işlərin tender əsasında həyata keçirildiyini, bu məsələlərin onların səlahiyyətində olmadığını dedilər. Qalmışıq bu idarələrin arasında, – Ofeliya xanım əlavə edir.

Sakinlərin çıxılmaz durumundan yararlananlar da var. Məsələn, ərazidə işləyən fəhlələr 4-5 manat pul müqabilində aşağı küçələrdən vedrə ilə su daşıyırlar. “Problem ondadır ki, bizim evlərin nə vaxt söküləcəyi bəlli deyil. Yan-yörəmiz köçürülsə də, biz gözləyirik”, – sakinlər söyləyirlər.

Söküntüdən sonra yollar dağılıb, məsələn, elə Tolstoy küçəsinin sakinləri evlərə getmək üçün məhəllənin başına dövrə vurmaq məcburiyyətindədirlər. Toz-torpaq, maşınların gurultusu axşama qədər davam edir.

“Bizim evi sadəcə qeydiyyata götürüblər. Evin sahəsi belə ölçülməyib. Nə vaxt köçürüləcəyimizi bilmirik. Yollar pis vəziyyətdədir, üstəlik, maşınların hərəkətindən ev titrəyir. Nə gecəmiz, nə də gündüzümüz var, köçürüləcəyimiz günü gözləyirik”, – bunu isə Ləman xanım deyir.

Onun sözlərinə görə, evlərin sahəsinə görə hər kvadrat metrə 1500 manatdan kompensasiya ödənilməsinə qarşı deyil, təki tonları tez köçürsünlər: “Bu vəziyyətdə nə qədər yaşamaq olar? Ev sirkələnəndə qorxudan yata bilmirik. Yol yoxdur, işıq, qaz, su problemi də bir tərəfdən əziyyət verir”.

Bəziləri isə dolların bahalaşmasından sonra hər kvadrata görə 1500 manatın ödənilməsi ilə razılaşmır. “Mən bu məhəllədə doğulmuşam, burada böyümüşəm. İndi 50 min manat konpensasiya verəcəklər ki, get ucqarda bir ev al. Bu pula yalnız şəhər kənarında ev ala bilərəm. İki uşağım tələbədir, mən də, həyat yoldaşım da şəhərdə işləyirik. Gündə 4 nəfərin yolpulunu qazanmaq lazımdır”, – bunu isə “Sovetski” sakini Adil Məmmədov deyir və əlavə edir ki, təklif edilən məbləğlə razılaşmamaq kimi şansı da yoxdur. Çünki elə şərait yaradıblar ki, köçməkdən başqa çarə qalmır.

Sakinlərə xəbərdarlıq da edilib, deyiblər ki, evin təmiri və ya sonradan inşa edilmiş tikiliyə görə pul ödənilməyəcək. Qonşuluqdakı evlərin sökülməsi zamanı qapısı-pəncərəsi uçmuş sakin belə pul xərcləmək istəmir.

Sökülən ərazilərdəki tullantılar daşınır. Bir yanda iri maşınlar, bir yanda oynayan uşaqlar… hələ ki, “Sovetski”də həyat davam edir.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın