Bazar , Yanvar 24 2021
Ana səhifə / Media / Komitə: Abşeron rayonunda 50 hektar torpaq sahəsi qanunsuz hasarlanıb

Komitə: Abşeron rayonunda 50 hektar torpaq sahəsi qanunsuz hasarlanıb

Binəqədi bələdiyyəsi tərəfindən qanunsuz olaraq torpaq sahələri ayrılıb.

Əmlak Məsələləri Dövlət Komitəsi Binəqədi rayonunun Xəzər dənizinin 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrində və Abşeron rayonunda növbəti monitorinq və reydlər keçirib.

Komitədən verilən məlumata görə, bu zaman Xəzər dənizinin dövlət mülkiyyətində saxlanılan sahilboyu mühafizə zolağı torpaqlarından Binəqədi bələdiyyəsi tərəfindən qanunsuz olaraq torpaq sahələrinin ayrılması halları aşkar olunub.

Bu hallar torpaq qanunvericiliyinin ciddi şəkildə pozulmasına səbəb olmaqla yanaşı, vətəndaşların Xəzər sahilində istirahət hüququnu da məhdudlaşdırır, bəzən tamamilə mümkünsüz edir və nəticədə narazılıqların meydana gəlməsinə gətirib çıxarır.

Reydlər zamanı məlum olub ki, Abşeron rayonunda 104 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi fiziki şəxslərə icarəyə verilib.

Lakin bu torpaqlardan 50 hektar ərazi müxtəlif vətəndaşlar tərəfindən qanunla qadağan olunmasına baxmayaraq (yəni dövlət qeydiyyatına alınmadan) hasarlanıb. Digər hissədə isə hüquqi qaydada icazə olmadan tikinti aparılması üçün hazırlıq işləri görülüb.

Həmçinin torpaq reydləri zamanı Hövsan-Türkan yolunun şimal tərəfində, ayrı-ayrı şəxslər tərəfindən təqribən 1,9 hektar torpaq sahəsi heç bir qanuni torpaq ayırma sənədi olmadan, habelə dövlət qeydiyyatına alınmadan özbaşına zəbt olunaraq, hasarlanıb və müxtəlif tikinti işləri aparılıb.

Monitorinqlər zamanı bütün bu halların qarşısı alınıb, aparılan tikinti işləri tamamilə dayandırılıb. Qanunsuzluqlarla bağlı aktlar tərtib edilib, inzibati tədbirlər görülüb, cərimə və sanksiyalar tətbiq olunub.

Komitədən qeyd edilib ki, 2016-cı ildə torpaq müfəttişləri tərəfindən 500-ə yaxın torpaqlarda istifadə ilə bağlı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib.  Moderator.az

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın