Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / “Kimsə oğlan övladının sünnətini belə həkimə həvalə etsə…”

“Kimsə oğlan övladının sünnətini belə həkimə həvalə etsə…”

Ölkə səhiyyəsinin bugünkü durumu, vətəndaşlarımız xəstəxanalara müraciət edən zaman hansı xoşagəlməz hallarla qarşılaşdıqları artıq hamımıza məlumdur. Pasientlərə pul kisəsi kimi baxmaq, xəstələrə düzgün diaqnozun qoyulmaması və normal müalicə aparılmaması hər kəsə bəllidir. Ölkədə səhiyyənin inkişafı üçün bütün lazımi maddi-texniki təminat ortaya qoyulduğu halda, bəs bu xoşagəlməz və çatışmamazlıqların kökündə nə dayanır. Xəstəxanalarımızın əksəriyyəti ən müasir tibbi avadanlıqlarla təchiz olunsa da, nəyə görə ən adi xəstəliklərdən vətəndaşlarımız həyatlarını itirir?!. Həmən adamın ağlına müasir texnologiya ilə işləyə bilməyən təcrübəli kadrların azlığı, həkim məsuliyyətsizliyi və səhlənkarlığı gəlir.

Hər-hansı bədbəxt hadisələr baş verəndə nədəndirsə, həmişə xəstəxanalar, həkimlər deyil, günahkar vətəndaşlarımız çıxır. İndiyə kimi bu qədər ana və uşaq ölümündə, yanlış edilən cərrahiyə əməliyyatlarında, hansısa ağ xalatlının yaxasından tutub içalatı tərpənənə kimi sirkələyən olmayıb. Ki, o da günahını anlayıb səhvini başa düşsün. Və bu faciələrə içi millət vəkilləri olmaqla, yuxarı çinnlilərin hamısı göz yumur, soyuq yanaşır. Çünki “gözdən-könüldən” iraq olan xəstəxanalara kasıblar, imkansızlar müraciət edir və faciə ilə qarşılaşır. Misal üçün, Salyanın İcra Hakimiyyətinin başçısının və yaxud deputatının gəlini, qızı, qohumu sözügedən rayonun doğum evinə müraciət edib üçəm uşaq dünyaya gətirərdimi? Heç vaxt…Çünki cənab başçı da, möhtərəm millət vəkili də orada hava “çatışmamazlığını” gözəl bilirlər. Bu günlərdə Salyanda baş verən faciə-oksigen çatışmamazlığından iki körpənin günahsız ölümü hamımızın ürəyini ağrıtdı. Bir ailə iki övladını, vətən isə iki əsgərini itirdi. Valideynlərin dediyindən bəlli oldu ki, körpələrin ölümü sırf həkim səhlənkarlığı üzündən olub. Və bütün bu səhlənkarlığın və özbaşınalığın kökündə təbii ki, cəzasızlıq dayanır. Xəstəxanada enerjinin kəsilməsindən 15-20 dəqiqə öncə körpələrin ölməsini iddia edən cavabdeh tərəf, arada qalan xırda vaxt kəsiyini istədikləri, özlərinə sərf edəcəkləri kimi “fırladırlar”. Çünki məsuliyyətdən yayınmağın ən yaxşı yolu elə vicdansızlıq və yalan danışmaqdı. Və arada qalan “günahkar 15-20 dəqiqə vaxtı” yepyekə səhiyyə nazirliyimizin danışıqdan pulu çıxan sözçüləri irəli-geri çəkməklə işlərini bitmiş sayırlar. Bütün hallarda, lap elə hava çatışmamazlığından deyil, başqa səbəblərdən körpələrin ölümünün kökündə yenə də həkim məsuliyyətsizliyi dayanır. Belə qənaətə gəlmək olur ki, bu gün səhiyyəmizin özünün oksigeni çatmır.

Bu gün isə, tamam bir başqa bir olay medianın gündəminə gəldi, həkim cəlladlığı ölkəni sirkələdi. Xəstənin sol ayağı əvəzinə, həkim sağlam olan sağ ayağını amputasiya edib. Dəhşətdir. Görün belə cəllad-cərrahlar adamın daxili orqanını əməliyyat etsə hansı fəsadlara yol verər. Xəstənin sağ böyrəyi ilə sol böyrəyini, ürəyi ilə ciyəri dəyişik salmazmı? Hələ kimsə oğlan övladının sünnətini beləsinə həvalə etsə nələr baş verər… İndi bildinizmi əfəndilər, vətəndaşlarımız nə üçün Türkiyəyə, İrana, Rusiyaya və digər ölkələrə müalicə üçün üz tuturlar? Oralarda sağ ayaq əvəzinə solu kəsmirlər və yaxud oksigen çatışmamazlığından körpəni öldürmürlər. Moderator.az

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın