Ana səhifə / Media / Kaspar Karampetyan Eynulla Fətullayevi Belçikada tutdurmaq istəyir

Kaspar Karampetyan Eynulla Fətullayevi Belçikada tutdurmaq istəyir

Ötən gün Avropadakı erməni mafioz təşkilatı olan “Demokratiya və ədalət uğrunda Avropa Erməni Federasiyası”nın rəhbəri Kaspar Karampetyanın vəkili Corc Henri Byussi haqqin.azsaytının redaksiyasına məktubla müraciət edib.

Virtualaz.org xəbər verir ki, məktubda belçikalı vəkil haqqin.az saytından və jurnalist Eynulla Fətullayevdən K.Karampetyanın fəaliyyətinə dair araşdırmanı silməyi tələb edir.

Xatırladaq ki, fevralın 20-də jurnalist Eynulla Fətullayev haqqin.az və virtualaz.org saytlarında “Kasparın işi: xüsusi xidmətlər, brillyantlar və qan” başlıqlı məqalə dərc edib. Məqalədə “Daşnaksütun” partiyasının fəallarından biri, “Ədalət və demokratiya uğrunda Avropa erməni Federasiyası”nın rəhbəri Kaspar Karampetyanın fəaliyyətindən bəhs edilirdi. Məqalədə erməni diasporunun Avropa qanadının faktiki lideri olan Karampetyan Azərbaycanın işğal edilmiş ərazilərindəki işğalçı rejimin legitimləşdirilməsinə və bu separatçı rejimin beynəlxalq tanınmasına nail olmaq cəhdlərinə dair faktlar yer alırdı.

Bu araşdırmadan dərhal sonra Azərbaycan Baş prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi Kaspar Karampetyanın barəsində cinayət işi qaldırıldığını elan etdi. Baş prokurorluğun yaydığı məlumatda deyilirdi ki, Kaspar Karampetyanın 2014-2018-ci illərdə dəfələrlə Ermənistan-Azərbaycan sərhədini qanunsuz keçdiyi, Xankəndinə və digər işğal altındakı Azərbaycan yaşayış məntəqələrinə baş çəkdiyi, qondarma “dqr”in beynəlxalq miqyasda təbliğiüçün işlər gördüyü, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozmağa yönəlmiş çağırışlar etdiyi təsbit olunub.

Həmin faktlar əsasənda Karampetyanın barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar, dəfələrlə təkrar edildikdə) və 318.2 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə, bir qrup şəxslə əlbir olaraq törədildikdə) maddələri ilə cinayət işi qaldırılıb. Məhkəmə Karampetyan haqda qiyabi həbs qətimkan tədbiri seçib və o, İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

Məktubda Karampetyanın vəkili Eynulla Fətullayevdən tələb edir ki, həmin məqaləni dərhal haqqin.az satından silsin. Əks halda vəkil Byussi və K.Karampetyan bildirirlər ki, E.Fətullayev Belçika Cinayət Məcəlləsinin 443-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb oluna bilər.

Xatırladaq ki, Avropa Konvensiyasının 10-cu maddəsinə zidd olaraq söhbət jurnalistin diffamasiyaya görə cəzalandırılmasından gedir.

Haqqin.az saytının redaksiyası bəyan edir ki, K.Karampetyanın Qarabağdakı işğalçı rejimi dəstəkləməyə yönəlmiş qanunsuz fəaliyyətinə dair jurnalist araşdırması beynəlxalq qanunvericiliyi, Avropa Konvensiyasını və Azərbaycan qanunlarını pozmur. Və saytın rəhbəri Eynulla Fətullayev Kaspar Karampetyanın qanunsuz fəaliyyəti ilə bağlı faktları Belçika məhkəməsinə təqdim edib onları sübuta yetirməyə hazırdır. K.Karampetyanın və belçikalı hüquqşünasın təşəbbüsünün bütün mənfi nəticələri Belçika ədalətinə yönələcək və diffamasiyaya görə cəzanın ləğvinə çağıran Avropa institutları tərəfindən qəti şəkildə pisləniləcək.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …