Şənbə , Noyabr 28 2020
Ana səhifə / Media / Karantin kişilərə problem yaradıb – Baş redaktor saçını müavininə qırxdırdı

Karantin kişilərə problem yaradıb – Baş redaktor saçını müavininə qırxdırdı

Azərbaycanda xüsusi karantin rejiminin elan olunması ilə əlaqədar artıq bir aya yaxındır ki, bərbərxana və gözəllik salonlarının da fəaliyyəti dayandırılıb. Kişilərin ay ərzində minimum olaraq 1-2 dəfə bərbərxanaya getdiyini nəzərə alsaq, onların necə bir problemlə qarşılaşdığını söyləmək çətin olmaz.
Maraqlıdır ki, ev şəraitində bu məsələni həll edə bilirlərmi?

Modern.az bu sualla kişilərə müraciət edib:

“Şərq” qəzetin baş redaktoru Akif Aşırlı deyib ki, o, saçını bir neçə gün əvvəl redaksiyada kəsdirib-qaydaya saldırıb:

“Gördüm ki, saçım uzanıb, bərbərxanalar da bağlıdır, düşündüm məsələni necə həll edim. Bizim baş redaktor müavini Yusif Nəzərlinin saçqırxan, üzqırxan aparatı var, dedim ki, onu işə gətirsin. Elə bir-iki gün bundan əvvəl qəzetin redaksiyasında Yusif saçımı qırxdı. Öz bərbərim Bakıda deyil, rayondadır. On görə də əlacsız qalıb, bu problemi iş yerində həll etdim”.

Deputat Etibar Əliyev deyib ki, saçı nə qədər uzanır-uzansın, karantin müddətinin bitəcəyini gözləyəcək:

“Bəzi insanlar var ki, tez-tez kişi salonuna getməyi xoşlayır. Ancaq mən kişi salonuna tez-tez gedən biri deyiləm. Yəni kişi salonuna ancaq vaxtı çatanda gedirəm. Təxminən 20 gün, bir ay müddətində görsəm ki, özümdə nəsə məni sıxır, onda bərbərə müraciət edirəm.
İndi məni ən çox təəsüfləndiyim məqam ondan ibarətdir ki, tez-tez üz tutduğum məkan, vaxtımın əksər hissəsini keçirdiyim kitabxanalar bağlıdır. Yəni təəssüfləndiyim məqam kişi salonlarının bağlı olması yox, kitabxanaların bağlı olmasıdır. Ev şəraitində heç vaxt saçımı qırxdırmamışam, buna görə də gözləyəcəm ki, karantin bitsin və kişi salonları açılsın”.

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Qara Qarayev karantin müddətində artıq yeni stilə keçdiyini diqqətə çatdırıb:

“Karantin başlayan ərəflərdə saçımla bağlı baxım işlərini həyata keçirmişdim deyə, hələ ki bir ay müddətində fövqəladə bir saç kəsiminə ehtiyac duymuram. Saqqalımı isə həmişə ev şəraitində özüm qaydaya salıram, buna görə bərbərə müraciət etmirəm. Karantin müddətində saçımı uzun saxlamağı düşünürəm, bir az da uzun qalsa, heç nə olmaz”.

“Müasir Müsavat” Partiyasının sədri Hafiz Hacıyev yaranmış şəraitlə əlaqədar saçını uzatdığını deyir:

“Ev şəraitində üzqırxan aparatla üzümü qaydaya sala bilirəm. Amma məlum məsələdir ki, evdə saçı qaydaya salmaq bir qədər çətindir. İstəmirəm ki, bərbərimə deyim işə çıxsın və onu cərimələsinlər. Ona görə də məcbur qalıb karantin qaydalarının yumşalmasını gözləyəcəm. Bir az da saçım uzun olsun, nə olacaq ki?!”.

Mügənni Yaşar Cəlilov deyir ki, bərbərini evə çağırır və ev şəraitində üz-saç baxımı etdirir:

“Ev şəraitində saçımı və üzümü qaydaya salmağa məcbur oldum. Çünki televiziyalar verilişə dəvət etdi və görünüşüm qaydasında olmalı idi. Bərbərimlə əlaqə saxladım, sağ olsun ki, o da gəlib ev şəraitində məni hazırladı”.

Təhsil eksperti Elçin Əfəndi karantin dövrü ilə əlaqədar özünəbaxım işlərini həyata keçirə bilir:

“Karantin dönəmində başqalarını deyə bilmərəm, özüm həmişəki qaydada üzümün təmizliyinə diqqət ayırıram. Düzdür, əvvəlki kimi 1-2 gün ara ilə deyil, karantin dövründə 4-5 gün ara ilə bunu edirəm. Saç məsələsində isə saç ustam qohumdur deyə, problem yoxdur. Yəni uzağı qonaq çağırıb və ya qonaq gedib bunu həll etmək olar. Necə ki, bunu artıq etmişəm. Bunlarla yanaşı, idmana da diqqət ayırıram. Amma düzü bu hazırda o qədər də alınmır.

Bəzi dostlarım saçlarını ümumiyyətlə dibdən qırxdırıblar. Bəziləri isə evə bərbər dəvət etməklə bu problemə çarə tapır. Bir çoxları saqqal saxlamağa üstünlük versə də, digərləri bunun əksinə, təmizliyi özü fərdi qaydada həyata keçirib”.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Ulucay Akif sonuncu dəfə saçına nə vaxt daraq dəydiyini unudub:

“Mən ümumiyyətlə saçımı darayan adam deyiləm. Sonuncu dəfə saçıma nə vaxt daraq dəydiyini xatırlamıram. Həmişə saçımı əlimlə səliqəyə salıram. Saçımın və saqqalımın çox səliqəli olmasını da sevmirəm. Bəxtimdən karantin rejimi başlamazdan əvvəl saçımı çox qısaltmışdım, hələ ki problem yoxdur. Karantinin faydası o oldu ki, siqareti tərgitdim, üzüm ətə, qana gəldi və rahatca saqqalımı da kəsdim. Məncə, yaraşdı da. Yəni, şükür, hələ ki problem yoxdur”.

“Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri İlham Şaban deyir ki, bəxti onda gətirib ki, bərbərxanalar bağlanmazdan bir gün öncə saçını qırxdırıb:

“İndi artıq ev şəraitində özüm mini-bərbər olmuşam. Efirə çıxdığım üçün özüm məcburam ki, saçımı qaydaya salım. Əgər ürəkdə istək varsa, elə ev şəraitində də özünə baxmaq olar. Amma əl altında yaxşı instrumentlərin, qayçın, darağın, fenin və güzgün olmalıdır. Bütün bunlar olsa, vəziyyətdən çıxmaq mümkündür. Sizə bir məsələni danışım. Birinci dünyü müharibəsində udan ölkə nə qazandı deyə soruşa bilərsiniz. Müharibəni qazanan ölkə olan Britaniya öz hərbçilərinin gigiyenik vəziyyətini yaxşılaşdırmaq üçün tender elan edir ki, necə etmək olar ki, güzgüyə baxmadan üzü qırxmaq mümkün olsun. Az keçmir ki, üzqırxan aparat, ülgüc meydana çıxır və dünya “Gillete” adında bir əşya tanıyır. Yəni müharibənin də faydası olub. Bu baxımdan da indi evdə oturub özünəbaxım üçün yeni-yeni üsullar kəşf etmək olar”.

Həmçinin oxuyun

Azərbaycanda daha bir qəzet fəaliyyətini dayandırıb

Bakı şəhər Baş Polis İdarəsinin orqanı olan “Polis” qəzeti fəaliyyətini dayandırıb. Qəzet 1993-cü ildən həftədə …