Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / “Kanal 13” əməkdaşlarının həbs müddəti uzadıldı

“Kanal 13” əməkdaşlarının həbs müddəti uzadıldı

“Kanal 13” internet televiziyasının Bakı ofisinin rəhbəri Əziz Orucov və kanalın əməkdaşı Şamo Eminovun istintaq dövründə həbsdə saxlanma müddəti uzadılıb.

Martın 19-da Səbail Rayon Məhkəməsində onlar haqqında həbs qətimkan tədbirinin müddətinin artırılması üçün prokurorun təqdimatına baxılıb. Onların hər biri ilə bağlı məhkəmə prosesi ayrı-ayrılıqda keçirilib.

Hər iki məhkəmə prosesində müstəntiq təqdimatı müdafiə edərək bildirib ki, Əziz Orucov və Şamo Eminov haqqında qaçaqmalçılıq ittihamıyla aparılan istintaq hələ başa çatmayıb. Bir sıra atılası addımlar var. İstintaq davam etdiyi müddətdə isə onların azadlıqda olması məqsədəuyğun deyil. Çünki istintaqdan yayınmaq, prosesin gedişinə təsir göstərmək ehtimalı var.

Təqsirləndirilən şəxslər və onların vəkilləri təqdimata da, müstəntiqin dediklərinə də etiraz edib. Onlar bildiriblər ki, təqdimat əsassızdır, təmin olunmamalıdır.

Əziz Orucov, foto: Meydan Tv
Əziz Orucov, foto: Meydan TV

Əziz Orucov heç bir cinayət törətmədiklərini, qaçaqmalçılıq ittihamının əsassız və saxta olduğunu vurğulayıb. Onun sözlərinə görə, məqsəd “Kanal 13”ü susdurmaqdır.

Onun vəkili müvəkkilinin əsassız həbsdə saxlandığını bildirməklə yanaşı, Əziz Orucovun səhhətindəki problemləri də hakimin diqqətinə çatdırıb.

Lakin hər iki məhkəmə prosesində təqdimat təmin olunub – Əziz Orucov və Şamo Eminov haqqında həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.

Əziz Orucov noyabrın 27-də saxlanılıb. Əvvəl ona qarşı Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham irəli sürülüb. İddia olunub ki, “Kanal 13” rəhbəri inşasına icazə olmadan ev tikib.

Dekabrın 19-da Əziz Orucova Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə əlavə ittiham verilib.

Şamo Eminov. Foto: Şamo Eminovun arxivindən

Dekabrın 22-də isə kanalın əməkdaşı Şamo Eminov da eyni cinayət işi üzrə Cinayət Məcəlləsinin 206.3.2 maddəsilə təqsirləndirilərək həbs olunub.

Onların hər ikisi bu ittihamları rədd edir, “Kanal 13”ün fəaliyyətinə görə cəzalandırıldıqlarını deyirlər.

Əziz Orucovun həyat yoldaşı Lamiyə Əzizova onun sağlamlığında ciddi problemlər olduğunu, bu səbəbdən tibb müəssisəsinə köçürüldüyünü bildirib.

Son 4 ay ərzində Azərbaycanda müxtəlif media qurumlarını təmsil edən 15-ə yaxın jurnalist qaçaqmalçılıq ittihamıyla həbs olunub. “AbzasMedia”, “Toplum TV” və s. media orqanlarının ofislərində axtarış aparılıb. İddia olunur ki, adları çəkilən media orqanlarının əməkdaşları xaricdən qaçaqmalçılıq yolu ilə pul gətiriblər.

Lakin jurnalistlər bu ittihamları rədd edir, hakimiyyətdə təmsil olunanların korrupsiya əməllərini ifşa etdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …