Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / “Jurnalistlərin reyestrdən keçməsi və vəsiqə əldə etməsi könüllü xarakter daşıyır”

“Jurnalistlərin reyestrdən keçməsi və vəsiqə əldə etməsi könüllü xarakter daşıyır”

“Media Reyestri jurnalistlərin və media subyektlərinin statistik məlumatlarının toplandığı bazadır. Media Reyestri Azərbaycanda bu vaxta qədər də mövcud olub. Dünyanın bütün ölkələrində biznes subyekti kimi fəaliyyət göstərən medianın qeydə alınma prosesi mövcuddur. Media biznes strukturudur, MMC kimi fəaliyyət göstərir və dövlət qeydiyyatında olur. Dövlət bilir ki, sahibkarlıq subyektləri sırasında media sahəsində fəaliyyət göstərən sahibkarlar neçə faiz təşkil edirlər. Bu, dünyanın hər yerində var.

Azərbaycanda statistik məlumatların toplanması Medianın İnkifaşı Agentliyinə həvalə edilib. Bu vaxtadək “Azərbaycanda neçə media subyekti var?” sualına müxtəlif cavablar verilirdi. Ədliyyə Nazirliyində 2015-cilin mart ayınadək 4 978 kütləvi informasiya vasitəsi uçota götürülmüşdü. Jurnalistlərin sayı ilə də bağlı ziddiyyətli statistik məlumatlar var idi, 15-16 min olduğu bildirilirdi. Media Reyestri media sferasında fəaliyyət göstərən biznes subyektlərinin statistikasını dəqiqləşdirir, dövlət üçün mənzərəni ifadə edir”.

Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) şöbə müdiri Natiq Məmmədli AzTV-də çıxışı zamanı bildirib.

N.Məmmədli qeyd edib ki, jurnalistlərin reyestrdən keçməsi və vəsiqə əldə etməsi könüllü xarakter daşıyır: “Bəzən deyirlər ki, qanunda könüllü sözü harada yazılıb? “Media haqqında” qanunda jurnalistin media reyestrindən keçməsi üçün hər hansı məcburetmə tədbiri nəzərdə tutulmayıb. Bu da o deməkdir ki, reyestrdə qeydiyyatdan keçmək könüllüdür. Media subyekti isə reyestrdə qeydiyyatdan keçməlidir. Dövlət bu barədə məlumatlı olmalıdır. Artıq 183 media subyekti reyestrdə qeydiyyatdan keçib, 207 nəfərə də jurnalist vəsiqəsi verilib. Baxın, Ədliyyə Nazirliyində 5 minə yaxın kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. İndi isə aşağı-yuxarı 200-ə yaxın media subyekti reyestrdə var. Sual yaranır, 4 800 kütləvi informasiya vasitəsi haradadır? Ola bilməz axı birdən buxarlansın, yoxa çıxsın…

Jurnalistlərin də sayının 15-16 min olduğu deyilirdi, bəs yaxşı, 14 800 insan haradadır, nə işlə məşğuldurlar? Doğrudanmı, bunlar media sahəsində fəaliyyət göstərirlər? Bəlkə bu, ifadə azadlığına manipulyasiya predmetidir? Bu rəqəmlər şişirdilib, reallığı ifadə etmir, onlar media sahəsində peşəkar fəaliyyət göstərməyiblər. Jurnalist adını spekulyasiya hədəfinə çevirənlərin sayı jurnalistlərin sayından dəfələrlə çox olub. Sual yarana bilər ki, dövlət nə üçün jurnalistlərin sayını bilmək istəyir?

Azərbaycan dövləti jurnalistlərə, media subyektlərinə güzəşt tətbiq etmək istədikdə, sayı bilməlidir. Məsələn, jurnalistlər sosial ipoteka alan zümrəyə daxil edilib. Dövlət bilməlidir ki, nə qədər vəsait ayrılmalıdır ki, jurnalistlər də bu imtiyazdan istifadə edə bilsin. Azərbaycan dövləti hansısa jurnalistə və ya media subyektinə məcburi qaydada imtiyaz təqdim etmir. Güzəşt və imtiyazlar təklif olunur, yararlana da bilərlər, yararlanmaya da… Dövlətin prinsipində yeganə yanaşma ondan ibarətdir ki, təklif edilən güzəştlər jurnalistlərin peşəkar fəaliyyətinə mane olmasın”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …