Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Jurnalistlər yeni binaya nə vaxt köçə bilər?

Jurnalistlər yeni binaya nə vaxt köçə bilər?

Bakının Bibiheybət qəsəbəsində tikilmiş yeni jurnalist binasının noyabrda istifadəyə veriləcəyi gözlənir. “Jurnalist Evi” MMC-nin direktoru Bünyamin İsmayılov Novator.az-a deyib ki, binanın təhvil verilməsi üçün işlər yekunlaşır: “Çalışırıq sakinlər ən qısa müddətdə mənzillərinə köçə bilsinlər. Ola bilsin, noyabrın ikinci yarısında buna nail olaq. Tikinti şirkəti binanın daxilindəki təmir işlərini bitirib. Sənədləşmə yekunlaşmaq üzrədir. Binada yoxlama aparmaları üçün 19 təşkilata rəsmi müraciət etmişik. Yoxlamanı başa çatdıran qurumların verdiyi rəsmi cavablarda binanın istismara hazır olduğu, heç bir nöqsanın qeydə alınmadığı bildirilib.

Yanğın Nəzarəti Xidməti yanğın siqnalizasiyasını yoxlayıb, sanitar-epidemioloji nəzarət qurumunun əməkdaşları su anbarlarını dezinfeksiya edib yuyublar, bir dəfə analiz götürüblər, ikinci dəfə də götürəcəklər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları da burada olublar. İnternet xətti çəkilib, elektrik sayğacları qoyulub.

Qaz xətti də var. Bircə həyətdə ümumi qaz xəttinə qoşulma qalıb, oktyabrın sonuna bu da həllini tapacaq. “Azəriqaz” çox tələbkar qurumdur, paytaxtda yaşayış olan onlarca bina illərlə qaz problemini həll edib dövlət reyestrindən çıxarış ala bilmir. Amma bizim binada heç bir problem qeydə alınmayıb, eyni zamanda işi sürətləndirmək üçün güzəştlər edilir. İndiyə qədər heç bir təşkilatla problem yaşamamışıq, bütün zəruri sənədlərimizi almışıq.

Bütün təşkilatlarla iş yekunlaşandan sonra noyabr ayının əvvəllərindən mənzillərin sakinlərə bağışlanmasına dair müqavilələrin bağlanması prosesinə başlamağı nəzərdə tuturuq. Operativlik üçün bu prosesdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nümayəndələrinin və notarius əməkdaşlarının birbaşa iştirakını təmin etmək fikrindəyik.

Bütün sakinlər gəlib öz mənzillərini görüblər, hər kəs mənzilini çox bəyənib, heç bir narazılıq yoxdur. Rəhbərlik marağındadır və əlindən gələni edir ki, sakinlər evlərinə tez köçsünlər”.

Yeni jurnalist binasının açılışı iyulun 20-də olub. Binada 255 mənzil var. Onların 9-u birotaqlı, 144-ü ikiotaqlı, 93-ü üçotaqlı, 9-u dördotaqlıdır.

156 mənzilli ilk bina 4 il əvvəl media işçilərinə təqdim olunub.

Hər iki yaşayış binası prezident İlham Əliyevin sərəncamları ilə dövlət vəsaiti hesabına inşa edilib. Mənzillər jurnalistlərə pulsuz verilir.

Dövlət başçısının kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə dair iyulun 19-da imzaladığı sərəncama əsasən Bibiheybət qəsəbəsində jurnalistlər üçün daha bir yaşayış binası tikilir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …