Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Media / Jurnalistləri incidən kaprizli MÜSAHİBLƏR: “Məndən izahat aldı ki, bu başlıqla getməsə…”

Jurnalistləri incidən kaprizli MÜSAHİBLƏR: “Məndən izahat aldı ki, bu başlıqla getməsə…”

Jurnalistikanın maraqla oxunan, hər zaman ehtiyac duyulan aktual janrlarından biri müsahibə janrıdır. Təcrübəli jurnalistlər demək olar ki, hər zaman müsahibəyə hazır olur. Bəzən müsahibə sanki bir duelə bənzəyir. Lakin bu duel silahların deyil, intellektlərin sözlə döyüşü olur. Burada ya jurnalist qalib gəlir, ya da müsahib.

Lakin bəzən qarşı tərəf ya müsahibədən öncə, ya da sonra müəyyən problemlər yaradır. Yaxud jurnalist müsahibinin kaprizlərinə dözməli olur.

Maraqlıdır, mədəniyyət sahəsində fəaliyyət göstərən müxbirlərin ən kaprizli müsahibi kim olub?

Müsahibədən boyun qaçıranlar, yaxud müsahibə verəndən sonra problem yaradanlar kimlərdir?

Modern.az saytı bu sualla bir neşə mədəniyyət müxbirinə müraciət edib.


APA İnformasiya Agentliyinin  əməkdaşı Cavid Zeynallı
saytımızla maraqlı xatirəsini bölüşüb:

“Sualı eşidən kimi ilk ağlıma gələn qaboy ifaçısı Kamil Cəlilov oldu. Mənim Kamil müəllimlə söhbətim əsl müsibət olub. Heç danışası deyil. Zəng vurub müsahibə istəyəndə, rahatca razılaşdı. Hətta dedi, “özüm redaksiyaya gəlirəm, sən zəhmət çəkmə”. Gəldi, söhbətləşdik. Çıxanda dedi, “gözəl balam, onu sabah kağıza çıxar, gətir bağa, oxuyum, düzəliş edək”. Dedim, “gətirmək imkanım olmayacaq, e-mailə göndərim, oxuyun”. Razılaşdı. Qızı e-mailini verdi. Müsahibəyə baxdı, göndərdi, sonra zəng vurdu ki, “şəhərdə görüşək, bir də baxaq”. Razılaşmadım. Dedi, “onda telefonda müsahibəni mənə oxu, qulaq asım”. Bir dəfə oxudum, dedi, “oğlum, sən incimə, mən ağsaqqal adamam, gərək sözümdən çıxmayasan, bir dəfə də oxu”. Yenə oxudum. Müsahibənin ortasında dayandırdı ki, “əvvəli yadımdan çıxdı, təzədən başla”. Sonra da dedi, “xoşuma gəlmir, gəl mənə təzədən zəng elə, yenə görüşək, sən müsahibəni təzədən yaz, göndər mənə, cümlələrimi düzəldim, təzədən verək”.

Özümdən çıxdım, redaksiyada dedilər, müsahibə ümumiyyətlə, lazım deyil, nə özünə zülm edirsən? Razılaşmadım ki, bu, prinsip məsələsidir, öldü var, döndü yoxdur. Sənətkar da dayanmadan zəng edirdi. Kamil Cəlilovun telefonunu bloka qoydum. Axşam yatdım, yuxuda gördüm ki, ölmüşəm, yasımda da Kamil müəllim qaboy çalır. Açığı, mövhumat basdı məni. Planlaşdırırdım ki, zəng vuracam, nə desə, edəcəyəm. Bir nömrədən zəng gəldi: “Mən Kamil Cəlilovun kürəkəniyəm, özüm də general köməkçisiyəm”. Mən cavab vermək istəyirdim ki, kürəkən tenor səslə dedi: “Sonrasını da özün bilirsən də…”. Dalınca Kamil Cəlilov zəng vurdu, müsahibəni 4 dəfə telefonda oxudum, axırda dedi, “ağıllı oğlum, bəlkə bunu verməyək?”. Mən ona bütün müqəddəslərin ruhuna and verdim. Sonra bir dəfə də oxutdu, axırda dedi, “day sənsən də, ver getsin”. Bir xeyli keçəndən sonra rayona getdim. Bayram axşamı idi. Kamil müəllim zəng vurdu ki, “mənim ağıllı, səbirli balam, ürəyimdən keçdi ki, sənin bayramını təbrik edim”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Xalidə Gəray deyib ki, daha çox sənətkarlarla, sənət aləmində öz möhürünü vuran şəxsiyyətlərlə müsahibə etməyə çalışır:

“Bu cür insanlarla söhbətləşəmək həm çox maraqlıdır, həm də qəlizdir. Çünki adətən əsl sənətkarlar kaprizli, dəymə-düşər olur. Bu baxımdan təbii ki, mədəniyyət sahəsindəki jurnalist fəaliyyətim boyu kaprizli, müsahibə verdikdən sonra problem yaradanlar, hətta müsahibədən boyun qaçıranlar, eyni zamanda rahat, səmimi, pafosdan uzaq müsahiblərim də olub. Təbii ki, bütün bunlar müsahibənin ab-havasına öz təsirini göstərir.

Bu günə qədər ən kaprizli müsahibim xalq artisti, məşhur kinorejissorumuz Oqtay Mirqasımov olub. Xalq artisti çox az hallarda mətbuata müsahibə verir. Ondan müsahibə almaq üçün uzun müddət “çarpışıb-vuruşmuşam”. Nəhayət günlərin bir günü kinostudiyada görüşümüz baş tutdu. Müsahibim özü də telefonundakı diktofonu açdı, yazılı surətdə məndən izahat aldı ki, müsahibə razılaşma ilə olacaq və israrla qeyd etdi ki, qalmaqallı suallara cavab verməyəcək. Beləliklə, uzun sürən müsahibəmiz baş tutdu, sonda hətta otağındakı pianoda ekspromt ifalar etdik, sağollaşdıq.
Bir gün sonra müsahibəni yazıb onun elektron poçtuna göndərdim. Səhəri gün mənə zəng vurub bildirdi ki, dəyişikliklər edib, müsahibə həmin dəyişikliklər ilə getməlidir. Sonradan məlum oldu ki, Oqtay müəllim kompüterdə yazmağı bacarmır, yazının üzünü çıxardıb, düzəlişləri əllə edib. Daha bir gün sonra isə görüşdük, kağızlara yazılmış müsahibəni sözbə-söz mənə oxutdurdu, yenidən razılaşmaya imza atdım. Yalnız bundan sonra yazını hazırlamağa başladım. Təsəvvür edin, bir müsahibə üçün tam 4 gün sərf etməli oldum. Doğrudur, bütün bunlardan inciyirik, lakin müsahibimizin məşhur şəxsiyyət olduğunu düşündükcə, bu inciklik unudulur”.

X.Gəray bildirib ki, müsahibədən boyun qaçıran müsahibi  “Göy göl”, “Neftçi” mahnı və rəqs ansambllarının, Gəncə Dövlət Filarmoniyasının yaradıcısı Fikrət Verdiyev olub:

“Qeyd edim ki, hər ikimiz gəncəli və musiqiçi olduğumuzdan çox maraqlı müsahibə alınmışdı. Redaktorum da onunla olan müsahibəmi fəaliyyətim dövründə ən yaxşı müsahibə olduğunu demişdi. Lakin sonradan sənətkarın xanımı, Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva həyat yoldaşının müxalif qəzetə müsahibə verməsindən, yazıdakı bir çox maraqlı detallara aydınlıq gətirilməsindən narahat olmuşdu. Əvvəlcə hədə ilə, sonra isə müxtəlif üsullarla yazıdakı bəzi fikirlərin silinməsini, bir qədər keçdikdən sonra müsahibənin tamamilə çıxarılmasını istəmişdi. Qeyd edim ki, müsahibədə illər öncə xalq artisti Niyaməddin Musayevin Gəncədə bıçaqlanmasının səbəbi, olayla bağlı ilginc faktlar var idi.

Yaradıcılığım boyu ən rahat, heç ruhum da incimədən 1 saat müddətinə hazırladığım müsahibə xalq artisti, gözəl xanəndəmiz Alim Qasımovla olub. Həqiqətən Alim Qasımov həm sadə, səmimi, rahat müsahib, həm də gözəl şəxsiyyət, zəngin mənəviyyata malik insandır”.

“Moderator.az” saytının əməkdaşı  Elmin Nuri bildirib ki, əsasən, elm, ədəbiyyat və mədəniyyət xadimləri ilə müsahibələri olub:

“Sualı eşitcək, 2013-cü ildən bu yana bu üç sahəyə aid etdiyim müsahibələrin bir qismini göz önümə gətirməyə çalışdım. Rasim Balayevi heç zaman müsahibəyə razılaşdırmaq mümkün olmayıb.  Xalq artisti incidiyindənmi, ya nədənsə, müsahibəni az qala, əhəmiyyətsiz sayıb. Onun bu kaprizini müəyyən mənada anlamağa çalışmışam. Fuad Poladovda da eyni israr hiss olunur. Lakin bir dəfə telefonla müsahibə etdik – o qədər də geniş olmayan və konkret bir mövzu ilə bağlı müsahibə idi. Sayta gedəndən sonra çox böyük narazılığını bildirdi.
O qədər də ciddi aktyor hesab etmədiyim və böyük potensial sahibi saymadığım Arif Quliyevdən də eyni reaksiyanı görmüşəm. Dedi, siz jurnalistlər, dediyimi qoyub, tərsini yazırsız. Bəlkə, onları da başa düşmək olar… Hər yerindən duran “jurnalistəm” deyib, müsahibəyə gedəndə elə dəolacaq”.

E.Nuri qeyd edib ki, 60 yaşı olmamış tanınmış bir aktyorla müsahibədə çox yorulub:

“Adam elektron poçtun, “Feysbuk” profili anlayışının nə olduğunu bilmir. Müsahibədən sonra xahiş etdi ki, mətni getməzdən əvvəl ona aparım ki, oxusun. Nə isə, aktyorun sayəsində 70-80-ci illərə xəyalən də olsa, getdik. Kağıza çıxarıb, dərs dediyi yerə apardım ki, oxusun. Oxudu və sonra da tələb qoydu ki, əvvəlcədən müəyyən etdiyi şərti başlıq dəyişməsin. “Lənət şeytana” deyib bununla da razılaşdıq. Müsahibə saytda yayımlandı. Lakin çox məşğul olduğumdan ona xəbər edə bilmədim. Əslində, buna gərək də yox idi. Müsahibədeyildiyi vaxtda saytda getmişdi. İndi görün, bu aktyor nə qədər kaprizli adamdır ki, bütün elədiklərimizi bir tərəfə qoyub, nə var-nə var , müsahibənin getdiyi barədə ona xəbər vermədiyim üçün məndən incidi. Tədbirlərin birində görəndə, elə soyuq görüşdü ki, anlamamaq mümkün deyildi. Kimsədən çəkinəcəyim yoxdu, adını çəkərdim. Amma istəmirəm ki, bir sənət adamı oxucuların nəzərində bu cür yadda qalsın.

Hələ bir xanım xanəndə də var idi: bizi özünün işlədiyi yerin həyətində – şəxsi maşınının içində müsahibə verəcəyini dedi. Mən peşəkar jurnalistəm, lap blokun ağzında da geniş müsahibə ala bilərəm. Odur ki, elə maşının içindəcə ən azı bir saat danışdırdım onu…. Özü də xalq artistidir. Xanım olduğu üçün adını çəkməyimiz heç yaxşı olmaz”.

“Azvision.az” saytının əməkdaşı Şəhanə Rəhimova qeyd edib ki, onun çətin müsahiblərindən biri bəstəkar Xəyyam Mirzəzadə olub:

“Müsahibə alandan sonra bəlkə də 3-4 dəfə evlərinə getdim. Hər dəfə də vərəqdə müsahibəyə baxıb düzəlişlər edirdi və deyirdi get düzəlt, yenidən gətir. Axırıncı dəfə də gedəndə dəqiq yadımda deyil, hansısa düzəlişi edib, qışqırırdı.

Aktrisalar Lətifə Əliyeva və Səfurə İbrahimova ilə görüşüb müsahibə almaq istəmişəm, ancaq razı olmayıblar. Yalnız telefon danışıqları ilə kifayətlənmişəm.  Həmçinin, Fuad Poladovdan müsahibə almaq asan deyil, onunla telefonda mini müsahibələr almışam.  Ancaq canlı müsahibə almaq üçün aylarla gözləmişəm. Axırda o möhtəşəm səsi ilə sərt bir şəkildə “Mən heç kimə müsahibə vermirəm!” deyib.

Ən maraqlısı isə Fərhad Bədəlbəyli ilə olub. Adam telefonu açmırdı. Müsahibə almaq mümkün deyildi. Əlacım kəsildi, nəinki gündüzlər , dayanmadan günlərlə axşam saat 10-kimi zəng etdim. Nəhayət alındı, telefonu açıb müsahibəyə razı oldu. Ən qalmaqallı isə Şövkət Ələkbərovanın gəlini ilə olub. Müsahibədə xoşuna gəlməyən məqamlar olduğu üçün saytda çıxmasına razılıq vermədi və aramızda böyük narazılıq oldu”.

“525-ci qəzet”in əməkdaşı Cavid Qədir deyib ki, bütün sahələrdəkaprizli adamlar var:

“Jurnalistik fəaliyyətim boyunca kapriz məsələsində xüsusi yadda qalan hadisə olmayıb. Üstəlik, “525-ci qəzet” ölkə çapında kifayət qədər məşhur, tanınmış media orqanıdır deyə, çox kapriz edən, müsahibədən, açıqlamadan boyun qaçıran olmur.

Sentyabr ayından dostumla yeni layihəyə başladıq – mədəniyyət yönümlü xəbər portalı “Parafraz”ı yaratdıq. Bir müddət əvvəl şair Qəşəm Nəcəfzadə ilə sayta müsahibə üçün saatı, yeri razılaşdıq. Müsahibə günü zənglərimizə cavab vermədi. Heç sonra da soraq çıxmadı. Daha axtarmadım”.

 

Həmçinin oxuyun

Azərbaycan və Türkiyə bundan uğurla yararlanıb – “Qardian”

Azərbaycanın Ermənistana qarşı qazandığı uğurlarda “Bayraqdar” dronlarının əhəmiyyəti bütün dünyanın gündəmindədir. Axar.az xəbər verir ki, …