Ana səhifə / Media / Jurnalistin qətlinin sifarişçisi 70 min avro ödəyib

Jurnalistin qətlinin sifarişçisi 70 min avro ödəyib

Slovakiyada jurnalist Yan Kutsiakın qətlini sifariş edən şəxs bunun üçün 70 min avro ödəyib. Bu məbləğin 50 mini nağd şəkildə, qalanı sonradan verilib.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bunu jurnalistlərə xüsusi prokurorluğun adını açıqlamayan və fotosunun çəkilməməsini xahiş edən prokuroru deyib.

Fevralın sonlarında Slovakiyada siyasətçilərin cinayətkar aləmlə əlaqələrini araşdıran 27 yaşlı jurnalist Yan Kutsiakın öldürülməsi ilə əlaqədar siyasi böhran yaranmışdı. Kütləvi mitinqlərdən və ölkə prezidentinin, müxalifətin və Avropa Parlamenti deputatlarının tənqidindən sonra hökumət aparatının bir neçə nüfuzlu əməkdaşı, DİN və mədəniyyət nazirliyinin rəhbərləri, polisin başçısı, habelə baş nazir vəzifədən getmişdi. Polis jurnalistin ürəyinə tapançadan iki atəş açıldığını, nişanlısının isə başına bir güllə vurulduğunu aydınlaşdırmışdı.

Jurnalistin öldürülməsi ilə bağlı aparılan təhqiqat çərçivəsində ötən şənbə günü Komarno sakini Alen Jujova, bundan bir qədər əvvəl isə üç nəfərə ittiham irəli sürülüb. Söhbət sabiq polis müstəntiqindən, onun yaxın qohumu olan keçmiş hərbçidən və daha bir şəxsdən gedir. KİV-lərin məlumatına əsasən, polis Jujovu qətlin sifarişçisi hesab edir.

Bazar günü məhkəmə saxlanılan dörd nəfərin hamısı barədə həbs qərarı çıxarıb. Prokurorun sözlərinə görə, saxlanılanlar sifarişçi, vasitəçi, köməkçi və atəş açan şəxsdir.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …