Ana səhifə / Media / Jurnalist Nərgiz Absalamovanın həbs müddəti daha 3 ay artırıldı

Jurnalist Nərgiz Absalamovanın həbs müddəti daha 3 ay artırıldı

“AbzasMedia” ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlərdən biri – Nərgiz Absalamova haqqında həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Fevralın 24-də Xətai Rayon Məhkəməsində prokurorun bu barədə təqdimatına baxılıb.

Məhkəmədə müstəntiq təqdimatı müdafiə edib. Deyib ki, hələlik istintaq yekunlaşmayıb, bu cinayət işi üzrə bir sıra istintaq hərəkətləri aparılmalıdır. Bu müddətdə onun həbsdə saxlanması məqsədəuyğundur. Çünki azadlıqda qalarsa, istintaqdan yayına, prosesin gedişinə təsir göstərə bilər.

Nərgiz Absalamovanın özü və vəkili isə təqdimata etiraz edib.

Jurnalist heç bir cinayət törətmədiyini, peşə fəaliyyətinə görə cəzalandırıldığını bildirib.

Vəkili isə deyib ki, Nərgiz Absalamovanı həbsdə saxlamadan da istintaq davam etdirilə bilər.

Nərgiz Absalamovanın həbsindən öncə də istintaqdan yayınmadığını, müstəntiqin çağırışlarına getdiyini yada salan vəkil bildirib ki, ümumiyyətlə, onun həbsdə saxlanması üçün heç bir əsas yoxdur.

Müdafiə tərəfinin etirazlarına baxmayaraq, hakim təqdimatı təmin edib. Nərgiz Absalamovanın istintaq dövründə həbsdə saxlanma müddəti daha 3 ay artırılıb.

Vəkil Xətai Rayon Məhkəməsinin bu qərarından apelyasiya şikayəti verəcək.

Nərgiz Absalamova dekabrın 1-dən həbsdədir. İlkin olaraq, onun haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” işi üzrə həbslər ötən ilin noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib. Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.

Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …