Bazar ertəsi , Avqust 15 2022
Ana səhifə / Media / Jurnalist “Gelandevagen” sürücüsünə səsləndi: “Məni öldürmədiyin üçün sağ ol”

Jurnalist “Gelandevagen” sürücüsünə səsləndi: “Məni öldürmədiyin üçün sağ ol”

Bu mövzuda əvvəllər də yazmışdım. Yəqin ki, gələcəkdə də yazacağam. Dövlət büdcəsinə zəli kimi daraşan məmurlar, onların müftəxor övladları əl-qollarını sallaya-sallaya azadlıqda gəzdikcə, başımıza bu cür hadisələr çox gələcək…

Dövlət vəsaitini dədəsinin malı kimi talayan bir məmur oğlunun sözləridir. Təsadüfən toyların birində yanaşı oturmuşduq. Efirdəki fəaliyyətimi bəyəndiyi üçün 100 qram içəndən sonra ürəyindən keçənləri dilinə gətirdi: ““Gelandewagen”in sükanı arxasında əyləşəndə yolun kənarındakı insanlar gözümə muncuq boyda görünürlər. Bəzən istəyirəm ki, onları qarışqa kimi əzib keçim. Amma maşının təkərlərinə heyfim gəlir”.

Bu həmin vaxt idi ki, “Gelandewagen” sürən varlı adamların başını aşağı salıb yolun kənarı ilə gedən kasıb insanları öz maşınlarının iri təkərləri altında qoyub xurd-xəşil etməsi adi hala çevrilmişdi. Bu söhbətdən cəmi bir neçə gün əvvəl tanınmış iş adamı Füzuli Fərəcovun 14 yaşlı oğlu Ağaəli Fərəcov idarə etdiyi “Porsche” ilə 24 yaşlı Xəyalə Məmmədovanı vurub öldürmüşdü. “Xəzər” Dəniz Gəmiçiliyi ASC-nin keçmiş sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov isə idarə etdiyi “Gelandewagen” markalı avtomobillə Xalq artisti Ağasəlim Abdullayevin həyat yoldaşını və azyaşlı nəvəsini vurub öldürsə də, cəmi 3 il sonra azadlığa çıxa bilmişdi. İndi yadımda deyil, analoji hadisələr ölkənin digər böyük şəhər və rayonlarında da baş verirdi. Varlılar kasıbları qarışqa kimi əzib keçirdi.

Həmin toydan sonra harda qara rəngli “Gelandewagen” görürdümsə, yolumu dəyişirdim. Üstəlik, bir məqalə yazıb, oxucularımı, qahum-qardaşı, dost-tanışı da mənim kimi davranmağa səsləmişdim. Köhnə kişilərin sözü olmasın, pis zaman idi, heç birimiz varlı uşaqların sürdüyü bahalı maşınların təkərləri altında xurd-xəşil olmaqdan sığortalanmamışdıq. Əgər bu günə kimi hansısa müftəxorun harın övladı bizi öz bahalı maşınıyla vurub bu küçədən o küçəyə atmayıbsa, bu, Allahın mərhəməti, özümüzün qabiliyyəti sayəsində mümkün olub.

Yuxarıda nəql etdiyim bu hadisəni təsadüfən xatırlamadım. Artıq bir neçə gündür ki, ölkə “Gelandewagen”in sükanı arxasında cəmiyyətin kasıb təbəqəsini təhqir edən Samid Bağırovun hərəkətindən danışır. Tanımadığım, hətta tanıdığım adamlar da gözlərini yumub ağızlarını açıblar. Hamı Samidi söyür. Mən isə burdan Samidə təşəkkür edirəm. Sağ olsun ki, bizi adam yerinə qoyaraq, “ay kasıb, yoldan çəkil” deyib. Maşını birbaşa üstümüzə sürsəydi, nə edəcəkdik?

Yəqin ki, indi dost-tanış ehsanımızı yeyirdi…

Seymur VERDİZADƏ

Həmçinin oxuyun

“Yeni yol çəkiblər, təklif edirlər ki, bu yolda yalnız “Ferrari” sürmək olar”

“Aztelekom” və “Baktelecom”un yeni qiymət siyasəti: yeni yol çəkiblər, amma təklif edirlər ki, bu yolda …