Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, bu xidmət çərçivəsində tapılmış sənədlər aidiyyatı üzrə poçt müəssisələri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə aidiyyatı orqana təslim edilir. Belə ki, istənilən şəxs təsadüfən tapdığı sənədi istənilən poçt qutusuna ata və ya istənilən poçt şöbəsinə, eləcə də “Şəbəkə” xidmət mərkəzlərinə anonimliyini qorumaq şərti ilə təhvil verə bilər. Poçta daxil olmuş sənəd müvafiq proqramda qeydiyyata alınmaqla avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılır və tapıldığı təqdirdə telefon mərkəzi əməkdaşı tərəfindən həmin şəxslə əlaqə yaradılır.

Eyni zamanda, sənədini itirmiş şəxs “Poçtap” xidmətinin rəsmi internet səhifəsindən – http://www.pochtap.az, “169” saylı telefon mərkəzindən və ya istənilən poçt şöbəsindən sənədinin tapılıb-tapılmamasını öyrənə bilər və tapılmadığı təqdirdə itirilən sənədi axtarışa verə bilər.

Belə ki, http://www.pochtap.az internet səhifəsində “Sənədimi itirmişəm” bölməsini seçməklə müvafiq xanalara zəruri məlumatları daxil edərək, itirilən sənəd barədə elan yerləşdirmək mümkündür.