Cümə , Aprel 19 2024
Ana səhifə / Media / İstismar müddəti bitmiş binalarda nə qədər yaşamaq olar?

İstismar müddəti bitmiş binalarda nə qədər yaşamaq olar?

Bakıda 5, 7 və 9 mərtəbəli köhnə binaların sökülməsi zərurəti neçə ildir ki, müzakirə olunur. Bu ilin əvvəlində dövlət səviyyəsində də bu binaların sökülməsi və yerində yeni binaların tikilməsi üçün konsepsiya hazırlanıb. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov isə bu ilin fevral ayında sahibkarlarla görüşündə bu sahədə tikinti şirkətlərinə dəstək verəcəyini bildirmişdi. Artıq paytaxt ərazisində prosesə başlanılıb, lakin daha çox 2-3 mərtəbəli yaşayış binaları sökülür.

Ekspertlərə görə, əvvəlcə bir əsrdən çox yaşı olan binaların sökülməsi vacibdir. Tikinti məsələləri üzrə ekspert Nüsrət İbrahimov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Bakıdakı 5 mərtəbə və 9 mərtəbəli binaların heç də hamısı qəzalı vəziyyətdə deyil: “Ancaq bəzi 2 və 3 mərtəbəli, hətta 4 və 5 mərtəbəli binalar var ki, qəzalı vəziyyətdədir. O binaların hər birinin istismar müddəti var. Məsələn, qamış evlər 15 ilə, taxta evlər 25, daş evlər 60-100 il, beton-monolit evlər isə 120-150 il üçün nəzərdə tutulub. Ancaq bu gün söküntü obyekti olan evlər əsasən XIX əsrin sonlarında, XX əsrin birinci yarısında tikilən taxta evlərdir, artıq fiziki cəhətdən tam aşınıb. Hazırda Fövqəladə Hallar Nazirliyi yerli icra hakimiyyətləri ilə bu istiqamətdə iş aparır, hansı binalar qəzalıdırsa onlar araşdırılıb, siyahısı hazırlanıb və müvafiq strukturlara təqdim olunub. Bildiyiniz kimi, bu yaxınlarda Nazirlər Kabinetində qərar qəbul olundu ki, həmin qəzalı binaların yerində yeni və müasir tələblərə cavab verən binalar tikiləcək. Hazırda bu istiqamətdə işlər aparılır. Məsələn, Bayılda və Sabunçuda işlər gedir. Bəzi yerlərdə artıq tikintiyə başlayıblar”.

Binaların sökülməsi zamanı sakinlərin hüquqlarının pozulması hallarına gəlincə, Nüsrət İbrahimov bildirdi ki, o mənzillərin əksəriyyəti özəlləşdirilmiş mənzillərdir: “Əslində dövlət o işə qarışmamalıdır. Dövlət bu prosesdə sadəcə, köməkçi rolunda çıxış edir. Əgər özəl mənzildirsə, mənim mənzilim qəzalı vəziyyətdədirsə, mən özüm onu söküb təzəsini tikməliyəm. Çünki bu mənim özəl mülkiyyətimdir. O baxımdan bu işlər dövlətdən ayrı aparılmalıdır. Azərbaycanda dövlət o işə qarışır, bu da Sovetdən qalan ənənəyə görədir ki, mən yaşadığım çoxmənzilli yaşayış binasında heç nə etməməliyəm, hər şeyi dövlət eləməlidir. Amma hüquqi baxımdan yanaşsaq, bu özəlləşmiş mənzildir. Onlar binanın həm ümumi istifadədə olan hissəsinə məsuliyyət daşıyırlar, həm də şəxsi mülkiyyətində olan hissəsinə. Onlar binanı idarə etmək üçün Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) formasında müstəqil bir hüquqi şəxs yaratmalıdırlar, Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər. Həmin binanı sığorta şirkətlərində sığorta etdirməlidirlər. Müəyyən qəzalı vəziyyət yarandıqda isə o binanı təmir və bərpa etdirməlidirlər”.

Hazırda yaşayış binalarının sökülməsi prosesinə dövlətin nəzarət etdiyini bildirən ekspert bunun da Sovet ənənəsinin qalığı olduğunu və cəmiyyətin tələbi üzrə aparıldığını diqqətə çatdırdı: “Ancaq bizdə o Sovet psixologiyası qalıb ki, hər şeyi dövlət eləməlidir. Ona görə də dövlət bu yanaşmaları bilir və dolayı yolla da olsa dəstək olur ki, həmin binalar sökülsün, yerində yeniləri tikilsin. O ki, qaldı bu tikintini həyata keçirən şəxslərin sakinlərin hüquqlarını necə təmin etməsi məsələsində, bu tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir. Mənim bildiyimə görə, bu müqavilədə nəzərdə tutulur ki, həmin ailəyə otaq sayına uyğun olaraq otaq verilir, üstəgəl, hər ailəyə əlavə olaraq 20 kvadratmetr sahə təklif olunur”.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın