Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / İsti hava şəraiti davam edəcək, bəs günvurmadan necə qorunaq?

İsti hava şəraiti davam edəcək, bəs günvurmadan necə qorunaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, hazırda Azərbaycan ərazisində müşahidə edilən hava temperaturu iqlim normasından bir qədər yüksəkdir. Bu barədə “Yeni Müsavat”a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bu cür hava şəraitinin anormal isti hesab edilmədiyini dedi:

“Artıq bir neçə gündür ki, ölkə ərazisində mülayim günəşli hava şəraiti müşahidə olunur. Əksər bölgələrdə əsasən yağmursuz hava şəraiti müşahidə olunur. Eləcə də paytaxtda bir neçə gündür ki, hava şəraiti dəyişkən buludlu, yağmursuz keçir. İyunun 25-də hava şəraitinin paytaxtda tutulacağı, səhər və axşam saatlarında isə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu artıq bir neçə gündür ki, 30-35 dərəcə arasında dəyişir. Ayın 25-də havanın temperaturunun 33-34 dərəcə təşkil edəcəyi gözlənilir. Eləcə də iyunun 26-27-də paytaxtda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu 30-35 dərəcə olacaq. İyunun 21-22-də Bakıda havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksək olub. Əvvəlki illərə nəzər salsaq o vaxtlarda iyun ayında belə hava şəraiti müşahidə olunmuşdu. Yəni əvvəlki illərdə də havanın temperaturu yüksək olub. Yaxın 2-3 gün ərzində havanın temperaturu 33-35 dərəcə arasında dəyişəcək. Bölgələrimizdə də havanın temperaturu 33-38, Dağlıq ərazilərdə isə 21-26 dərəcə intervalında olacaq”.

Buradan da göründüyü kimi ölkəmizdə 33-35 dərəcə arasında istilə müşahidə olunacaq ki, bu da gün vurma riskini artırır. Günəş altında işləyənlər, işə gedib gələnlər isti günlərdə diqqətli olmalıdır. Günvurma əksər hallarda, başı açıq şəkildə xeyli müddət ərzində gün altında qaldıqda baş verir. Belə hallarda gün şüalarının təsiri nəticəsində baş beyinə qan axını artır və beyinin qan dövranı pozulur. Bu zaman zərərçəkəndə zəiflik, ürəkbulanma, başgicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, üşütmə, ürək bulanması və qusma, temperaturun 40 və daha artıq dərəcəyə yüksəlməsi kimi əlamətlər qeyd edilir. Ağır hallarda qıcolmalar və huşun itirilməsi də ola bilər. Bəzi hallarda bu əlamətlər dərhal, bəzi hallarda isə açıq günəş altında qaldıqdan bir neçə saat sonra evə gəldikdə baş verir. Gün vurmanın qarşısı vaxtında alınmasa ölümlə də nəticələnə bilər. İsti vurma uzun müddət ərzində havası boğanaq olan otaqda (hamamda, saunada, avtobusda, metroda), qalması zamanı, çölə çıxarkən havaya uyğun olmayaraq çox isti geyindiyi hallarda, çimərlikdə voleybol, futbol və s. oyunlar oynadığı zaman baş verir. Uşaqların və yaşlı adamların orqanizmində istilik mübadiləsi zəif şəkildə tənzimləndiyi üçün isti vurma onlarda daha tez-tez baş verir.

İsti vurma bir çox hallarda qəflətən meydana çıxır: ilk baxışda kifayət qədər sağlam görünən insan birdən-birə əzgin olur, onun temperaturu 40 C və daha artıq dərəcəyə yüksəlir, bəzi hallarda qıcolmalar, sayıqlama və hallusinasiyalar (qarabasmalar) qeyd edilir. Xəstənin sifəti əvvəlcə qızarır, sonra isə birdən-birə avazıyır. Nəbz sürətlənir, çətinliklə əllənir; tənəffüs səthi olur, bəzən qusma da qeyd edilir.

İsti vurma zamanı ilk tibbi yardım gün vurmada olduğu kimidir. Zərərçəkənin vəziyyəti ağırlaşarsa dərhal “təcili yardım” çağırın və ya ilk tibbi yardım göstərdikdən sonra onu mümkün qədər tez bir zamanda yaxınlıqdakı tibb müəssisəsinə çatdırın. Çimərlikdə olduğunu zaman alkoqol içki qəbul etməyin. Çünki alkoqol orqanizmdə termorequlyasiyanı (istiliyin tənzimi) kəskin şəkildə pozduğu üçün bu istivurmanın səbəbi ola bilər.

Tibb elmləri doktoru, professor Adil Qeybulla saat 12-17 arası günəş altına çıxmamağı tövsiyə edir: “Günvurma hadisələri ultrabənövşəyi şüalar altında saat 12-dən təxminən 4-5-ə qədər olan vaxtlarda uzun müddət gün altında dayanmaqdan baş verə bilər. İsti vurma isə həddən artıq isti yerlərdə dayandıqda, bədənin temperaturu istilik tənzimi xarici mühitlə tam adaptasiya ola bilmir və istilik tənzimi pozulur. Buna isti vurma deyirlər. Həm gün vurma, həm də isti vurma zamanı qan təzyiqi düşür, bayılmalar ola bilər, soyuq tər axır və sairə ola bilər. Bütün bunlar baş verməsin deyə sərin yerdə olmaq, günəş altında uzun müddət dayanmamaq məsləhətdir. Əgər belə bir hal baş veribsə, dərhal həmin şəxsi sərin yerə keçirtmək, baş hissəsinə soyuq dəsmal qoymaq, bədən temperaturunu saldırmaq və həkim çağırmaq lazımdır. İsti vurma və gün vurma halı ölümlə də nəticələnə bilər. İnsan həddən artıq isti yerdə çox qalıbsa, onun orqanizminin dözümü ilə yanaşı xəstəliklərindən və ürək fəaliyyətindən asılı olaraq digər ağırlaşmalar ola bilər. Bu hallar gün vurmaya da aiddir”.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın