Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / “İşsizəm, nisyə yaşayıram, nöqtə, vergüllə dolanıram” – Yazar Kəramət Böyükçöl

“İşsizəm, nisyə yaşayıram, nöqtə, vergüllə dolanıram” – Yazar Kəramət Böyükçöl

Kəramət Böyükçöl imzası çoxlarına tanışdır. O, istedadlı adamdır, amma xeyli vaxtdır ki, işsizdir. Səbəbləri isə çoxdur və niyəsini özü yaxşı bilir. Bu barədə sosial şəbəkədə də tez-tez yazır. Onunla söhbətimizə də elə işsizliyindən başlamışıq.

K.Böyükçölün “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

– Kəramət, tez-tez işsiz olduğunu yazırsan…

– Təxminən, 10 ildir Bakı Dövlət Universitetində işləyirəm. Universitet maaşı ilə dolanmaq isə qeyri-mümkündür. Qızımın aliment pulu çıxandan sonra o maaş heç siqaret pulu eləmir. Amma ora da mənə doğma yerdir, ayrılmaq çətindir.Продажа недвижимости в ТбилисиУзнать больше

alliancehighline.ruПроектная декларация на рекламируемом сайтеЯндекс.ДиректПутевки в санатории БеларусиУзнать больше

Bu gün Azərbaycanda hər şeyin adı var, özü yoxdur. Universitetin də adı var. Soruşan olanda ki, harda işləyirsən. Deyirəm, BDU-da. Elə bu adla dolanıram.

– Uşağa görə nə qədər aliment ödəyirsən?

– Məhkəmənin müəyyən etdiyi pulun iki qatını ödəyirəm. Onu da az hesab edirəm. Çünki uşaq saxlamaq, onu arzularına uyğun gəzdirmək, əyləndirmək, qidalandırmaq, geyindirmək çox çətindir. Bu şeyləri maddi cəhətdən həyata keçirə bilməmək məni həmişə narahat edib. Uşaq üçün gecələr yuxusuz qalmaq, yediyi yeməkləri tapıb almaq o qədər əhəmiyyət kəsb eləmir. Uşağın şüuru, düşüncəsi ancaq əyləncəyə, oyuncaqlara hesablanır. O, ancaq oyuncaqları, əyləncəni diqqət, sevgi hesab edir. Həmişə istəmişəm ki, övladlarımın uşaq arzularını həyata keçirim. O arzular uşaqkən həyata keçməsə, arzular onların içində kimsəsiz, yiyəsiz  qalacaq.

– Uşaqla görüşə bilirsən?

– Qızımla görüşürəm. Amma oğlumla görüş üçün problem yaratdılar, onu da hələ ki yoluna qoymuşuq. Görək, sonrası necə olur…

– Niyə problem yaratdılar?

– Azərbaycan elə yerdir ki, burda adamlar bir-biri ilə intiqam hissi ilə, bir-birinin acığına yaşayır. Ata qız atası olduğunu özünə bağışlamır, istəyir ki, oğlan tərəf olsun. Biz də ayrılmışıq deyə o intiqam hissləri qız valideyninin içində daha da şiddətlənib. Uşağa görə əzab çəkdiyimi bilirlər deyə onu mənə göstərməmək onlara ləzzət edir. Mən də əslində, övladdan ayrı qalmağı əvvəldən məşq eləmişəm deyə, bu ağrılar mənə tanışdır, çətin də olsa dözə bilirəm. Amma  bilirəm ki, oğlum dözə bilmir. Onun üçün hər şey anlaşılmazdır, hisslərini ifadə də edə bilmir. Fikirləşir ki, evimiz harda qaldı, gecə 3-də beşiyimdən durub yanlarında yatdığım atam-anam hardadır? Oyuncaqlarını düşünür, əzab çəkir. Oğlum uşaq da olsa, it dilini bilir. Sadəcə, ifadə edə bilmir. Bunlara dözmək mənim üçün çətindir.

KERO.jpg (34 KB)

– Bəlkə problem, günah səndədir?

– Əlbəttə, problemlər məndədir, günah da məndədir. Bilirəm ki, nə qədər danışsam da, hamı sənin dediyin kimi günahı məndə görəcək. Ona görə də söhbəti uzatmamaq üçün deyirəm ki, günah məndədir. Mən çətin adamam, məndən uzaq gəzin.

– Deməli, özündə günahı görmürsən, sadəcə, söhbət uzanmasın deyə boynuna alırsan?

– Görmürəm deyəndə ki, məişət divarları arasında ölməyən sevgi, ölməyən hörmət yoxdur. Onsuz da bütün sevgilər ataya-anaya, qab-qaşığa, çörəyə, kartof-soğana bölünür, vurulur, çıxılır, axırda yox olub gedir. Sadəcə, adamlar o yoxluğa birtəhər dözürlər. Nə eləsə, başlarını qatıb yola verirlər. Mənsə dözə bilmirəm. Hiss edəndə ki, hər şey bitib, o münasibətə nöqtə qoyuram.

Başqaları isə müqəddəs ailə dedikləri saxtakarlığı ölənə qədər davam etdirirlər. Adını da qoyurlar ki, ailəmi qoruyuram. Azərbaycanda o qədər  ailə var ki, onlar 10, 30 il qabaq dağılıb, amma hələ də bir yerdədirlər.

– Yəni hesab edirsən ki,  ailədə tərəflər bir-birinə güzəştə gedəndə, dağılmaq həddinə çatmasın deyə hörmət xətrinə nəyisə udması doğru deyil?

– Söhbət bilirsən nədən gedir? Mən yazıçıyam. Dünyanı xilas etmək, Amerika ilə Rusiyanı, yerlə göyü, Şərqlə Qərbi, Allahla Şeytanı barışdırmaq, bir stol arxasına gətirmək istəyən adamam.

Bu hisslərlə yaşayan bir yazıçını məişət söhbətləri, gəlin-qaynana davaları, “niyə çürük kartof aldın”, “niyə sümüklü ət aldın”, “niyə aldığın pampers sidik keçirir” sualları ilə bezdirmək olmaz. Belə pis çıxmasın, mən özüm nazıma dözməyə adam axtarıram, hansısa kiflənmiş təfəkkürün nazına dözməyə halım yoxdur. Ona görə də nöqtə, nöqtə və nöqtə…

– Bax, dünyada Stevan Sveyq kimi xanımıyla intihar edən, Selincer kimi ailəsinə bağlı şöhrətli yazıçılar da var, tənha yaşayıb evlənməyənlər də.  Bəlkə başından elə ikincini seçərdin, evlənməzdin?

– Mən ailə qurub heç kəsə pislik eləməmişəm, iki dəfə ailə qurmuşam, hərəsinə bir uşaq hədiyyə eləmişəm. Yəni onlar məndən nəsə alıblar. Mən onlardan heç nə almamışam. İndi onlar tək deyillər, amma mən təkəm. O ki qaldı sənin dediyin məsələyə, yəni əvvəldən evlənməmək… Mən bunu yaşamasaydım, necə bilə bilərdim? Bir də hər şeyi sənin dediyin kimi hesablayıb, nizamlamaq olmur. Bəs gələcək zaman nədən ötrüdür? Xəbərimiz olmadığı zamanı əvvəldən necə müəyyənləşdirmək olar? Bilsəydim, belə olacaq, əlbəttə, sənin dediyin varıantı seçərdim.

“Elə adamlar da var, təhqirsiz mənə elə rəy yazır, dəymişim dura-dura kalım tökülür”

Məsələn, yenə də bilmirəm ki, bundan sonra ailə quracağam, ya yox. Əgər quracağamsa, nə cür olacaq, xəbərim yoxdur. Nə bilim…

– Bəlkə sənin yaxşı pulun olsaydı, bu problemlər gəlib çıxmazdı?

– Pulun idarə edə bilmədiyi, sistemə sala bilmədiyi çox az adamlar var. Hesab edirəm ki, onlardan biri də mənəm. Əlbəttə, maddi problemlər məndə çox böyükdür. Amma o demək deyil ki, o pullarla öz arzularımı həyata keçirməyi düşünürəm. Mən o pullarla övladımın, anasının istəklərini həyata keçirirəm ki, dinməsinlər, sakit dursunlar, mən də öz dünyamda yaşayım. Evləri olsun, istədikləri paltarı alım, onlar da adam kimi yaşasınlar, mənlə də problemləri olmasın. Mən öz mənəvi dünyamı maddiyyatla qidalandıra bilmərəm. Pul mənə özümü yox, başqalarını xoşbəxt etmək üçün lazımdır.

– Çoxları soruşur ki, Kəramət tanınmış yazıçıdır, istedadlıdır, onu hamı çap etmək istəyər, bu qədər izləyicisi var. Amma səndə niyə tez-tez işsizlik problemi yaranır, nə üçün bu qədər işsiz qalırsan?

– Mən öz qələmimi, ruhumu, təfəkkürümü Azərbaycandakı mövcud media prinsiplərinə uyğunlaşdıra bilmirəm. Yazdığım bir köşəni, yaxud götürdüyüm müsahibənin içindən bir cümlə çıxarılanda elə bilirəm ürəyimi çəkib qulağımın içindən çıxarırlar. Buna görə ağrıyıram.

Tez-tez mənə deyirlər ki, niyə sənin götürdüyün müsahibələr maraqlı olur? Ona görə ki, o müsahibələri bir çox hallarda qonorar üçün götürmürəm. Müsahibimə hansısa əsərimin obrazı kimi baxıram. Hansı müsahibəm maraqsız alınırsa, hansı yazım keyfiyyətsiz olursa, demək, onu mütləq əlacsız qalıb pul üçün yazmışam. Çünki ehtiyacım olub. Müsahibə götürdüyüm adamlara heç vaxt cavabını bilmədiyim sualı verməmişəm.

Müsahibin nə qədər hiyləgər olmasından asılı olmayaraq, onu 2-3 sualla istədiyim yerə aparıb-gətirirəm. Tanınmış baş redaktorlardan biri bu yaxınlarda mənə dedi ki, özünə elədiyin pisliyi heç kim sənə edə bilməz.

O, guya bununla demək istəyirdi ki, mən maaş aldığım adamların qabağında belə demək mümkünsə, əzilib-büzülməliyəm, onunla ehtiyatla davranmalıyam. Niyə? Ona görə ondan maaş alıram. Halbuki, maaş aldığım adamdan həm savadlıyam, həm istedadlıyam, həm də bacarıqlıyam. Bəs niyə onunla ehtiyatla davranmalıyam? Onların nəyi məndən artıqdır? Özümdən savadlı, istedadlı adamların qabağında əzilib-büzülərəm də, əyilərəm də. Bəs bunlara nə üçün dözməliyəm? Özlərinin satmadığı mənəvi dəyər qalmayıb, ən yüksək səviyyədə adamlara ən kəskin sözlər deyiblər. İndi mənə nöqsan tuturlar ki, sən niyə filan yerdə filankəs haqda filan sözü yazmısan. Yazmışam, yaxşı eləmişəm. Buna görə məni işsizliklə sınağa çəkməlisən? Azərbaycanda özünə baş redaktor deyən adamların hamısı çox yaxşı bilir ki, mən jurnalist, yazıçı kimi nələrə qadirəm. Amma bu gün işsizəm, nisyə yaşayıram, nöqtə, vergüllə dolanıram.

Demirəm, məndə problem yoxdur. Dözümsüz, iradəsiz adamam. Reallıqla barışa bilmirəm. İçimdə ünvansız və idarəolunmaz bir darıxmaq hissi var. Hər şey mənə faciə kimi gəlir.

Bir müddət özümü içki ilə ovutmaq yolunu tutdum. Gördüm, bu da bir yol deyil. İndi içmirəm. İçkiyə və əsəbilərimə qarşı müalicə olunuram ki, həyata içkisiz dözüm. Mütləq özümü redaktə eləyib mövcud mühitə uyğunlaşdırmaqdan başqa yolum yoxdur.

– İndi işləyən jurnalistlər belə çıxır ki, müsahiblərinin qarşısında əzilib-büzülürlər, malalayırlar deyə işsiz qalmayıblar?

– Əksəriyyəti elədir. Çünki bacarıqları, qabiliyyət, istedadları yoxdur.

– Məsələn kim?

– Axı onların heç adlarını bilmirəm. Heç özlərini tanıda da bilməyiblər.

– Yəni yazılarının nöqtə, vergülünə toxunurlar deyə işsiz qalmısan?

– Xarakterimi, ipə-sapa yatmayan adam olduğumu bilirlər. Tutaq ki, hardansa tapşırıq gəldi ki, filankəsdən müsahibə alım. Mən təlimatlandırılıb o adamın üstünə göndərilmək üçün deyiləm. Müsahibəyə öz suallarımla üstünə gedəcəyəm. Bu da onların qəzetlərində, saytlarında çap edilməyəcək və bütün istedad, bacarığıma baxmayaraq, lazımsız adam hesab olunacağam. Bu yaxınlarda bir deputatla oturmuşduq. Dedim,  işsizəm, qayıtdı ki, gəl sənə hər ay maaş verim, ancaq mənə demə ki, filan yerdə işləmək üçün kömək elə. Çünki sən ipinin üstünə odun yığılası adam deyilsən. Yəni, ipə-sapa yatmayacaqsan, dedikləri sözlə oturub-durmayacaqsan.

Ker 2.jpg (34 KB)

– Deputatın maaşını götürərdin də onda…

– Təmənnasız heç nə olmur. Bilirəm, bir müddət sonra o pulun qabağında məndən elə şeylər istəyəcəkdi, razı olmayacaqdım. Deyəcəkdi ki, təbliğatımla məşğul ol, nə iş görməyimdən asılı olmayaraq, sosial şəbəkədə paylaş ki, eşq olsun. Ta bunları edəndən sonra mənim mənliyim nə oldu?

– Bayaq dedin ki, mən müsahiblərimi hansısa əsərimin obrazı kimi görürəm. Bəs sən verdiyin müsahibələrdə özünü hansı əsərin hansı obrazı yerində görürsən?

– Təbii, mən özümü də hansısa obraz kimi görürəm. Amma inanmıram ki, qarşımdakı adam mənə obraz kimi baxa bilsin.

– Səni sevənlər də, söyənlər də olur. Amma çoxları elə fikirləşir ki, sən bəzən hansısa dəyərə ilişəndə bunu qəsdən, bilə-bilə edib qıcıq yaradırsan…

– Şablon bir söz var: söyüş acizlikdir. Doğurdan, belədir. Elə adamlar var ki, yazılarıma görə məni ən ağır formada təhqir edir. Çox vaxt oxumuram, oxusam da əhəmiyyət vermirəm. Vecimə də olmur, heç rəylərin də silmirəm.

Elə adamlar da var, təhqirsiz mənə elə rəy yazır, dəymişim dura-dura kalım tökülür. Bax, məni düz hədəfimdən vurur. Hətta bəzi hallarda təhqirləri, söyüşləri yox, o rəyləri dözməyib silirəm.

İkincisi, məni sevənlərdən demək olar ki, xeyir görməmişəm. Xeyiri ən çox məni sevməyənlərdən görmüşəm. Məni onlar məşhurlaşdırıblar. Sevən nə edir ki? Uzaqbaşı dinmir.

Sənin dediyin məsələyə gəlincə, Azərbaycan xalqının xasiyyətini bilirəm. Məsələn, bu müsahibədə elə cümlə deyərəm ki, düz bir ay müzakirə olunar, aləm bir-birinə qarışar.

Çünki bu bambılı adamları çox yaxşı tanıyıram və bir çox hallarda bu cür adamlarla məzələnirəm. O gün tanınmış ağsaqqal Rəşid Mahmudov haqda statusuma görə bir gədəbəyli məni ölümlə hədələmişdi. Yazdım ki, gələndə imkan varsa mənə kartof gətir. (gülür – E.S)

– Kəramət, səni Xəlil Rzaya da, Fuad Poladova da, başqalarına da yazdığın sözlərə görə “topa tutub”lar. Amma bir status yazmışdın ki, kimsə dinə inanmırsa, öz işidir, inanclı adamın qıldığı namaza, ibadətə hörmət etməlidir. Bəs, minlərlə adam da saza qiymət verir, dinləyir. Nə üçün saz, aşıq sənətinə hörmət qoyub susmadın?

– Din haqda statusum kütləni nəzərə alıb yazılmış fikirlər idi. Bilirəm ki, inanclı adamlar hamısı bəh-bəhlə məni alqışlayacaq. Siyasətçilər də adamları belə aldadır, kütlə nə istəyir, onu da danışıb, arxada da öz bildiklərini edirlər.

Əslində fikirləşirəm ki, bu dünyaya din lazım deyil…

Bax, dəyər deyirsən. Mən bir insanın özünü rahat və azad şəkildə ifadə etmək haqqından böyük dəyər tanımıram. Bu dəyərin yanında bütün şəxsiyyətlər cılız görünür.

– Onda bundan sonra iş tapsan, belə çıxır ki, bayaq söylədiyin kaprizləri kənara qoyub, mövcud reallığa tabe olacaqsan?

– Düzü, tabe olmaq istəyirəm. Yorulmuşam. Məncə, bacararam da. Həm də mən böyük mübarizə adamı deyiləm ki?! Deyəsən, özümü çox şişirtdim… Azad və müstəqil mediadan başqa nə istəyirəm ki?

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …