Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Media / İsrail mətbuatı Tovuzdan yazdı – “Ermənilər dinc sakinləri öldürür”

İsrail mətbuatı Tovuzdan yazdı – “Ermənilər dinc sakinləri öldürür”

Azərbaycan ilə Ermənistan arasında şimal sərhədində, Azərbaycanın Tovuz şəhəri yaxınlığında ağır döyüşlər iki gündür ki, davam edir. Azərbaycanlı zabitlər həlak olub, erməni əsgər və zabitlər arasında xeyli tələfat var, lakin erməni tərəfi təfsilatı açıqlamır.

İsrailli jurnalist Neta Bar bu barədə İsraildə çıxan populyar ivritdilli “İsrael HaYom” qəzetində yazır.

Məqalə müəllifi bildirir ki, dünən tərəflər arasında atışma davam edib. Neta Bar yazır: “Azərbaycan həmin ərazidə yaşayan dinc sakinlərin evlərinin, habelə sərhədin yaxınlığında – Tovuz şəhərində erməni artilleriya mərmiləri ilə dağıdılmış evlərin fotoşəkillərini nümayiş etdirib”.

Rəsmi Bakı bir dinc sakinin ermənilər tərəfindən öldürüldüyünü bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Azərbaycanın mülki əhalisinə məqsədyönlü şəkildə hücum edilməsi və Ermənistan tərəfindən ağır silahlardan atəş açılması faşizm və vəhşilik təzahürüdür. Bu, Ermənistanın təcavüzkar siyasətinin bir hissəsidir. Azərbaycanlı mülki şəxsin qətlə yetirilməsi qanlı cinayətdir”.

Neta Bar yazır: “Bu hərbi toqquşma Dağlıq Qarabağa görə silahlı münaqişə vəziyyətində olan Azərbaycan ilə Ermənistan arasında münaqişə xəttindən uzaqda baş verib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, hərbi insident Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan ordusunun mövqelərini ələ keçirmək məqsədilə artilleriyadan istifadə etməklə hücuma keçməyə cəhd göstərmiş Ermənistan silahlı qüvvələrinin bölmələrinin hərbi əməliyyatları nəticəsində baş verib. Məlumata görə, atışma Ermənistan piyada qoşunlarının Azərbaycan ordusunun mövqelərini ələ keçirmək cəhdi ilə müşayiət olunub, lakin bu cəhd baş tutmayıb”.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib: “Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozub və Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini artilleriya silahlarından atəşə tutublar. Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-hücumu nəticəsində Ermənistan silahlı qüvvələrinin hücuma keçmək cəhdinin qarşısı alınıb. Erməni tərəfi hər hansı ərazi tutmağa nail olmayıb”.

Hikmət Hacıyev vurğulayıb: “Ermənistan tərəfindən bu provokasiya bir daha sübut edir ki, Yerevandakı hökumət Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həll edilməsində maraqlı deyil. Beynəlxalq birlik koronavirus pandemiyasına qarşı mübarizə apardığı bir vaxtda Ermənistan hökuməti provokasiya törətməyi qərara alıb. Biz beynəlxalq birliyi Ermənistanın bu hərəkətlərini qətiyyətlə pisləməyə çağırırıq. Yaranmış vəziyyətə görə məsuliyyət bütünlüklə Ermənistan rəhbərliyinin üzərinə düşür”.

Modern.az-ın yazdığına görə, məqalə müəllifi vurğulayır ki, 1994-cü ildə Ermənistan və Azərbaycan ağır hərbi əməliyyatlardan sonra atəşkəs haqqında müqavilə imzalayıb və Dağlıq Qarabağ ətrafında silahlı münaqişəyə münasibətdə atəşkəs rejimi müəyyən ediblər. İsraildə çıxan populyar ivritdilli “İsrael HaYom” qəzeti sonda yazır: “Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin bir hissəsi olan bu regionda hazırda erməni əhali yaşayır, azərbaycanlı əhali isə etnik təmizləmə nəticəsində bu torpaqlardan qovulub. Sülh danışıqlarının davam etməsinə baxmayaraq, regionda çox gərgin və partlayış təhlükəli vəziyyət davam edir”.

Həmçinin oxuyun

Azərbaycan və Türkiyə bundan uğurla yararlanıb – “Qardian”

Azərbaycanın Ermənistana qarşı qazandığı uğurlarda “Bayraqdar” dronlarının əhəmiyyəti bütün dünyanın gündəmindədir. Axar.az xəbər verir ki, …