Bazar ertəsi , Noyabr 18 2019
Ana səhifə / Media / “İsa Qəmbərin mövqeyi etik qaydaya sığmırdı” – Yadigar Sadıqlı

“İsa Qəmbərin mövqeyi etik qaydaya sığmırdı” – Yadigar Sadıqlı

Müsavat Partiyasının IX qurultayında başqanlığa namizədliyini irəli sürən, qurultaydan sonra açıqlama və fikirləri ilə diqqət mərkəzinə gələn Yadigar Sadıqlı ilə müsahibəni təqdim edirik:

– Yadigar bəy, Müsavat Partiyasının qurultayından bir neçə gün keçsə də, sosial şəbəkələrdə, mediada müzakirələr səngimək bilmir. Sizcə, buna səbəb nədir?

– Müzakirələrin davam etməsinin əsas iki səbəbi var. Birinci səbəb qurultay öncəsi və qurultayın gedişində İsa Qəmbərin birtərəfli mövqe tutması, faktiki bizə qarşı kampaniya aparması. İkinci səbəb Tofiq Yaqublu kimi partiyanın tanınan simasının Məclis üzvü seçilməməsidir. Əsas müzakirələr bunlarla bağlıdır və həm də gözləniləndir.

İsa Qəmbərin qurultaydakı mövqeyi ümumiyyətlə, etik qaydaya sığmırdı. O, bir namizədi həddən artıq dəstəkləməklə xoş olmayan münasibətini ortaya çıxardı. Əlbəttə, istənilən namizədi dəstəkləmək onun haqqıdır, amma həm mən, həm də Tofiq Yaqublu səs verərək, onu sədarətə seçmişdik. Bu halda sədarətdə olan şəxs bizə qarşı ifrat dərəcədə sui-istifadəyə yol verməməli, bizə qarşı təbliğat aparmamalı idi. Xüsusilə, nəzərə alsaq ki, sədarət adətən, məhdud fəaliyyət göstərməli, prosedurları müəyyən etməli, danışmaq istəyənlərə söz verməli idi. O vəzifədən bizə qarşı bu dərəcədə istifadə etmək heç bir əndazəyə sığmırdı.

Tofiq Yaqublunun Məclis üzvü seçilməməsi də birmənalı qarşılanmadı. Mən anlayıram , seçkilərdir. Amma bu həm də etirazlar və suallar yaradır. Tofiq Yaqublu kimi tanınmış müsavatçı niyə Məclisə seçilmədi? Bu olduqca böyük etiraz və tənqidlərə səbəb oldu. Ad çəkmək istəmirəm, elə müsavatçı tanıyıram ki, ömründə hakimiyyət əleyhinə bir cümlə yazdığını görməmişik, amma Divanda təmsil olunur. Parlament seçkilərində də namizədliyini geri çəkməyərək, Müsavatın qərarına hörmətsiz yanaşıb, amma eyni zamanda bu dəfə 200-dən çox səs toplayaraq, Məclisə seçilib. Nə deyim, müsavatçıların hansı kriteriyalarla səs verməsi onların hüququdur. Amma yaşananlar həm də suallar və narahatçılıqlar yaradır.

– Siz iddia edirsiniz ki, İsa Qəmbər qurultayda açıq mövqe tutmasaydı və müdaxilə etməsəydi, nəticələr fərqli olacaqdı?

– Nəticələr yəqin ki, fərqli olmazdı, amma İsa Qəmbərin çıxışı belə təəssürat yaratdı ki, o, bizim maksimum az səs almağımızda və nüfuzdan düşməyimizdə maraqlıdır. Amma belə düşünürsə, çox yanılır. Bu məni mübarizədən yayındıra bilməz. Əksinə, mübarizəmi davam etdirəcəyəm.

– Mübarizənizi hansı resurslarla və hansı formada davam etdirəcəksiniz?

– Təbii ki, bu barədə düşünəcəyik. Amma indiyə qədər necə siyasi fəaliyyətimiz olubsa, bundan sonra da o şəkildə davam edəcək. Sosial şəbəkələrdə, əyani formada işimizi aparacağıq, eləcə də sahəm olduğu üşün tarix elmi ilə məşğul olmaq, özümüzü daha yaxşı tanıtdırmağa çalışacağıq.

– Müsavat Partiyası rəhbərliyində təmsil olunan Razim Əmiraslanlının “Rəsulzadə yolunda olub Elçibəyi qəbul etməyənlər və İsa Qəmbər siyasi xəttində olmayanlar heç vaxt Müsavat Partiyasının başqanı ola bilməzlər. Hətta yüz il sonra da!” açıqlamasını necə qiymətləndirirsiniz və bu, sizə aiddirmi?

– O, rəhbərliyə ləbbeh deməklə özünü günün altında tutan şəxsdir. Bu adam hətta 2015-ci il seçkilərində Müsavatın qərarını pozaraq, bəyan etmişdi ki, gedib ağsaqqalları ilə görüşüb namizədliyindən imtina edib-etməyəcəyi haqda qərarını verəcək. Bu adamın bizə ideologiya dərsi keçməsi boş şeydir. Mən Rəsulzadə yolçusuyam, bu yolu ləyaqətlə gedirəm və bundan sonra da davam edəcəyəm. Kimin nə deməsi, onun şəxsi işidir. Başqaları başqa yolda ola bilər.

– Siz özünüzün və Tofiq Yaqublunun partiyadan çıxdaş edilmənizin səbəbini müəyyən etmisinizmi?

– Ola bilsin ki, Tofiq Yaqublunun Milli Şuraya daha yaxın olması buna səbəb ola bilər.

Mənim isə nisbətən azad və müstəqil düşüncəli adam olmağım, partiya daxilində yüksəlişim bu münasibətin yaranmasına vəsilə olub.

– Belə iddialar var ki, Tofiq Yaqublunun qarşısı daha çox Milli Şuraya yaxın olması, sizin qarşınız isə İran səyahətlərinizə görə kəsilir…

– Mən ömrümdə iki dəfə İranda olmuşam və yalnız Təbrizə getmişəm. Arif Hacılının Cənubi Azərbaycan dediyi torpaqlara. Bunlardan biri 2013-cü ildə, digəri bu ilin aprelində olub. Yalan-palan söhbətlərdir. Məni İrana bağlamaq istəyirlər, ya hara? Bunlar olduqca gülüncdür. Sadəcə olaraq şərəfsizcəsinə ortaya atılan sözlərdir.

– Siz barənizdə bu kimi fikirlər eşitmisinizmi?

– Mən bundan da iyrənclərini eşitmişəm, amma təkrar etmək istəmirəm. Bu iyrəncliklər arxada qalıb və mən irəli baxmağı, növbəti qurultayı düşünməyi vacib sayıram.

– Sevinc Hüseynova sosial şəbəkədə mübahisə zamanı Valeh Hümbətova deyib ki, mən bilirəm, siz kimin xahişi ilə qurultay nümayəndəsi seçilmisiniz. Qurultaydan öncə belə faktlar olubmu?

– Onun yazdıqlarına reaksiya verməyə dəyməz. Bu adam hikkəsi, kini, əsəbi ilə sözü düz gəlməyən istənilən şəxsi şərlə susdurmağa çalışan birisidir. Onun yazdıqlarını ciddiyə almağın tərəfdarı deyiləm.

– Məsələ Sevinc Hüseynovada deyil, faktdadır. Belə faktlar olubmu?

– Xahişlə olsaydı, elə Sevinc Hüseynova da qurultaya nümayəndə seçilərdi də. O, Yasamal rayon təşkilatının üzvüdür, partiyada Arif Hacılının himayəsində olduğuna görə faktiki Müsavat iyerarxiyasında üçüncü rəhbər postu tutub. Yəni MNTK-nın sədridir. Amma Yasamal rayon təşkilatının konfransında iştirak edən 34 nəfərdən cəmi 14-nün səsini aldığına görə qurultaya nümayəndə seçilə bilməyib.

– Sizin Müsavat Partiyasında tərəfdarlarınız varmı?

– Sözsüz ki, tərəfdarlarımız var və çoxlarına İsa Qəmbərin mövqeyinin, bəzilərinə Tofiq Yaqublunun namizəd olmasının təsirləri oldu. Mən tərəfdarlarımın əhatəsini genişləndirməyə çalışıram. Bu dəfə yetərli olmadı, amma biz çalışmaqda davam edəcəyik və əminəm ki, daha yaxşı nəticələr əldə edəcəyik.

– Siz növbəti qurultayda Müsavat başqanı postuna iddianızı indidən ortaya qoyuyur?

– İstisna etmirəm. Hazırda siyasi fəaliyyətimdə əsas məsələ növbəti qurultaya hədəflənməkdir.

– Partiyada heç bir vəzifə tutmursunuz, niyə Məclis üzvlüyünə namizədliyinizi vermədiniz?

– Namizədliyimi vermədim. 3-4 aydan bir toplaşan Məclis mübarizə aparmaq üçün o qədər də münasib yer deyil. Məclis üzvü olmadan da mübarizə apara bilərəm. Həm də də sıravi üzv kimi Məclisin işində iştirak edə, söz alıb fikrimi deyə bilərəm.

– Qurultaydan sonra partiyanın rəhbərliyi ilə təmasınız olubmu?

– Mətbuatda informasiya getmişdi ki, Arif Hacılı vəzifə təklifi edə bilər. Mən də elə mətbuatda bildirdim ki, ondan vəzifə qəbul etmək niyyətim yoxdur. Arif Hacılının başqanlığı altında Müsavatı gücləndirməyi mümkünsüz hesab edirəm və zəhmətimi mənasız xərcləmək istəmirəm. Odur ki, bundan imtina etdim. Rəhbərliklə isə görüşməmişəm.

– Qurultaydan sonra qərargaha gedib gəlirsinizmi?

– Yox. Getməmişəm.

– Sizə elə gəlmirmi ki, qərargahda yaranacaq atmosfer sizin ora getməyinizə imkan verməyəcək?

– Mənim qərargahda işim olmadığına görə getməmişəm. Müsavat qərargahı heç kimin şəxsi evi və ya yeri deyil. Ehtiyac duyulduğu anda gedəcəyəm.

– Qurultaydan sonra İsa Qəmbərlə kontaktınız olubmu?

– İsa Qəmbər mənə qarşı nifrətini büruzə verdikdən sonra onunla görüşməyə ehtiyac görmürəm.

– Tofiq Yaqublu ilə bundan sonrakı fəaliyyətinizin koordinasiyalı şəkildə davam etdirməyə dair razılığınız varmı?

– Tofiq Yaqublu ilə telefon danışığımız olub. Amma bizim onunla fikir ayrılığımız var. Sadəcə olaraq, biz maliyyə xərclərimizi azaltmaq məqsədilə rayonlara birgə səfərlər edirdik. Amma Müsavat Partiyasının gələcəyinə dair mənimlə Tofiq Yaqublunun fikir ayrılığı var.

– İddia edirsiniz ki, növbəti 5 ildə Arif Hacılının başqanlığı altında Müsavat Partiyası daha da zəifəyəcək, təsir gücünü tamamilə itirəcək. Bu halda zəif bir partiyanın başqanlığına iddia etmək nə dərəcədə doğrudur, yeni partiya yaradıb onu güclü etmək daha məntiqli deyilmi?

– Yumşaq desək, Arif Hacılının başqanlığında Müsavatın növbəti 5 illik dövrü haqqında optimist fikirdə deyiləm. İnanmıram ki, onun dövründə partiya hansısa formada inkişaf edə bilər. Bizim də alnımıza bu yazılıb. Mən Azərbaycanla bağlı da optimist deyiləm, amma ölkədən çıxıb heç hara getmirəm. Bəlkədə siyasi mühacirətə getmək haqqı olanlardan biri də mənəm. Amma Azərbaycanı tərk etmirəm. Müsavat Partiyası da mənim taleyimdir, alın yazımdır. Partiya nə qədər zəifləsə də, onun məsuliyyətini çəkməyə borclu olduğumu düşünürəm. (Telqraf.com)

Həmçinin oxuyun

Erməni jurnalistləri və badımcan dolması…

Dünən sevincimdən yata bilmədim. Axır ki hörmətli Elmar Məmmədyarovun rəhbərlik etdiyi Xarici İşlər Nazirliyi Qarabağ …