APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Qubaxəlilli kəndinin sakinləri bildirib ki, son 10 gün ərzində fərdi təsərrüfatlarda 15-ə yaxın iri buynuzlu heyvanın ölümü hansısa xəstəliyin olmasından xəbər verir.

Heyvanlara baytar həkimlər tərəfindən müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq, onlar tələf olub. Kənd sakini Maqsud Babayev bildirir ki, heyvanlar arasında naməlum yoluxucu xəstəlik yayılıb.

İsmayıllı rayon Baytarlıq İdarəsinin rəisi Barat Şahəliyev isə bildirib ki, iribuynuzlu heyvanların tələf olmasının səbəbini yoluxucu xəstəliklərlə bağlamaq doğru deyil. Belə ki, son aylar bir sıra yoluxucu xəstəliklərə qarşı mal-qaraya vaksinlər vurulub. Son günlər kənddə tələf olan mallardan nümunələr götürülərək Respublika Baytarlıq İdarəsinə göndərilib. Araşdırmadan sonra tələfolmanın səbəbi bəlli olacaq.