Bazar ertəsi , İyun 21 2021
Ana səhifə / Media / İrəvan türklərinin ədəbi mətbuat abidəsi olan “Lək-Lək” jurnalının dərc olunmasından 107 il ötür

İrəvan türklərinin ədəbi mətbuat abidəsi olan “Lək-Lək” jurnalının dərc olunmasından 107 il ötür

1875-ci ildə “Əkinçi” qəzetinin işıq üzü görməsi milli mətbuatımızın inkişafına güclü təkan verdi. Bu, sanki bir oyanış oldu. Nəticədə digər bu kimi qəzetlərin çap olunması üçün zəmin yarandı. Sözügedən proseslər İrəvandakı ictimai-mədəni mühütə də təsirsiz ötüşmədi. Yəni, bütün bunlar Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərini də əhatə etdi. Orada yaşayıb-yaradan ədəbi-mədəni həyatın önündə gedən görkəmli xadimlər “Əkinçi” qəzeti ilə əməkdaşlıq edirdilər.


“Əkinçi” çar hakimiyyəti tərəfindən bağlanandan sonra digər qəzetlər işıq üzü görməyə başladılar. İrəvanda bədii fikrin, ictimai-siyasi mühitin canlanmasında və inkişafında o vaxtkı mətbuat orqanlarının mühüm rolu olub. Onu da qeyd edək ki, İrəvanda Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi mühitinin inkişafında xidmətlər göstərən Mirzə Əlixan Şəmsül Hükəma “Ləli” (1845-1907) “Şərqi-Rus”, Mir Abbas Mir Bağırov isə “İrşad”, Cabbar Əsgərzadə “Kavkaz”, “Molla Nəsrəddin”, “Məzəli”, Mirzə Naseh İrəvani “Yeni İrşad”, Əli Məhzun Rəhimov “Molla Nəsrəddin”, Mirzə Cabbar Məmmədov “Yeni İqdam” qəzetlərinin İrəvan üzrə ən fəal müxbirləri olmaqla yanaşı, həmin mətbu orqanların həm də bölgədə geniş oxucu auditoriyasına çatdırılmasında da mühüm rol oynamışdılar. İrəvanda yaşayan azərbaycanlı ziyalılar bu qəzet və jurnallardan geniş istifadə edərək onların vasitəsi ilə dövrün mədəni, sosial-siyasi, iqtisadi məsələləri ilə yaxından tanış olurdular. Digər tərəfdən isə bu mətbu orqanlar həm İrəvanda, həm də Azərbaycanda yaşayan, yazıb-yaradan sənətkarlar arasında qarşılıqlı ədəbi-mədəni əlaqələrin, yaradıcılıq əməkdaşlığının yaranmasında da böyük rol oynayırdı.
Bütün bunlara baxmayaraq, 1906-cı il aprel ayının 7-də işıq üzü görən “Molla Nəsrəddin” jurnalı Azərbaycan mətbuatı, ictimai-siyasi və bədii fikrinin inkişafı tarixində yeni bir mərhələ təşkil etdi. Ondan sonra bir sıra digər satirik jurnallar yaranaraq fəaliyyət göstərdi. Onun təsiri altında meydana gələn satirik jurnallardan biri də 22 fevral 1914-cü il tarixdə ilk nömrəsi işıq üzü görən “Lək-Lək” (“Leylək”) satirik jurnalıdır. Bir sıra tədqiqatlarda, məqalələrdə, əsərlərdə İrəvanda Azərbaycan mətbuatının yaranmasını 22 fevral 1914-cü ildən “Lək-Lək”in nəşr edildiyi tarixdən başlandığını qeyd edirlər. Jurnalın səhifələrində İrəvan şəhəri ilə yanaşı, Bakıdan, Tiflisdən, Naxçıvandan, Ordubaddan, Makudan, Təbrizdən alınan xəbərlər satira janrında oxuculara çatdırılırdı. “Lək-lək” xarici ölkələrdə baş verən prosesləri ibrətamiz şəkildə oxucularına çatdırmaqla, onlarda milli özünüdərk prosesinə xeyli təkan verdi. Məcmuənin səhifələrində İrəvandakı Müsəlman Xeyriyyə Cəmiyyətinin fəaliyyəti tez-tez işıqlandırılır, cəmiyyət üzvləri arasında olan narazılıqların dolayısı ilə təhsilin və mədəniyyətin inkişafına maneçilik törətməsi oxucuların nəzərinə çatdırılırdı. “Lək-lək”in 5 may və 19 may tarixli nömrələrində “Dil məsələsi” başlıqlı yazı dərc olunub. Məmmədəli Nasirin “Dul toyuq” imzası ilə dərc edilən bu yazısında öncə danışığında rus kəlmələri işlədən “intiligentlər”, sonra isə ərəb və fars dillərindəki qəliz ifadələri işlədərək dilimizi korlayan mollalar, vaizlər, xanəndələr, savaddan yarımçıqlar tənqid atəşinə tutulub. Cəmisi 12 nömrəsi işıq üzü görən məcmuənin sonuncu nömrəsində “Lək-lək”in müdir və naşirləri M.Mirfətullayev və C.Əsgərzadənin imzası ilə oxuculara müraciət dərc olunub. Müraciətdə “Lək-lək”in qapanacağını, əvəzində müştərilərinə “Çınqı” adında yeni məcmuənin göndəriləcəyi bildirilib. Həmçinin, vurğulanıb ki, “Çınqı” məcmuəsi Əli Məhzun Hacı Zeynalabdinzadə və Cabbar Əsgərzadənin birgə redaktorluğu və müdirliyi ilə, İrəvanın bir neçə maarifpərvər gənclərinin maddi və mənəvi köməyi ilə nəşr olunacaq. Lakin “Çınqı”nın taleyi indiyədək qaranlıq qalır.

Bir sözlə, jurnal fəaliyyəti ilə Azərbaycan mətbuatında özünəməxsus iz qoyub.

İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev

Həmçinin oxuyun

Şəhid jurnalistlərə şeir yazıldı

Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşərək həlak olan media əməkdaşları – Azərbaycan …