Şənbə , Noyabr 17 2018
Ana səhifə / Media / İnformasiya hücumları haradan gəlir və onların qarşısında nə etməliyik? – TƏHLİL

İnformasiya hücumları haradan gəlir və onların qarşısında nə etməliyik? – TƏHLİL

Azərbaycan dövlətçiliyinə qarşı yönəldilmiş Gəncə terroru təkcə soyuq və odlu silahla yox, həm də bunlardan daha dəhşətli olan, kütləvi təsirə malik informasiya silahı ilə həyata keçirildi. Hadisələri izləyənlər bilirlər ki, ilk andan etibarən Gəncədəki terror əsasən 3 istiqamətdən aktiv informasiya dəstəyilə müşayiət olunub. Həmin istiqamətlər bunlardır:
1) Radikal şiə ideologiyalı, dini ekstremizmə meyilli saytlar, feysbuk səhifələri və profilləri, youtube kanalları. Bu şəbəkənin xaricdəki radikal şiə mərkəzlərinə bağlı olduğuna aid heç bir şübhə yoxdur. Heç onlar özləri də bunu gizlətmirlər və açıq nümayiş etdirirlər.

2) Talış separatizmini dəstəkləyən şəxslər və onların youtube kanalları, feysbukdakı səhifə və profilləri də ilk gündən açıq şəkildə Gəncə terroruna dəstək verir və bu hadisələrin digər bölgələrdə də yayılması üçün çağırışlar edirlər. Azərbaycanın daxilində heç bir talış separatizminin olmadığını nəzərə alsaq, bu şəxslərin çoxu xaricdə yaşayırlar. Onların erməni kəşfiyyatı ilə əlaqələrinin olduğu, ümumiyyətlə, erməni xüsusi xidmətlərinin Azərbaycanda talış mövzusunu şişirtmək üçün dəridən-qabıqdan çıxdığı, bu məqsədlə xüsusi resurslar yaratdığı sirr deyil. İndi həmin resursların hamısı Gəncə terroruna dəstək verməyə yönəldilmişdi.

3) Xaricdə yaşayan və özünü “Mühacirlər” adlandıran dəstə aktiv şəkildə Gəncə terrorçularına dəstək vermək, onları qəhrəmana çevirmək və faciənin günahını dövlətin üstünə yıxmağa çalışırdı. Bu qrupun informasiya meydanına çıxış imkanları o biri ikisinə nisbətən daha güclüdür, əllərində nisbətən geniş auditoriyaya malik saytlar, feysbuksəhifələri və youtube kanalları var. Buna görə, onların işi daha destruktiv sayıla bilər. Həmin şəbəkənin eyni zamanda həm Qərbdəki bəzi çevrələrdən maliyyələşdiyi, həm də erməni lobbisi ilə əlaqələri haqqında dəfələrlə yazılıb.

Ümumiləşdirəndə, belə bir mənzərə alınır ki, Azərbaycandakı terrorun informasiya dəstəyi əsasən 5 mənbədən gəlib: Radikal şiə ekstremistləri və onlara dəstək verən xarici mərkəzlər, xaricdəki talış separatçıları və onları idarə edən Erməni kəşfiyyatı, Qərbdəki erməni lobbisi, Qərbin bəzi anti-Azərbaycan dairələri və Avropadakı özlərini “siyasi mühacir” kimi qələmə verən şəbəkə. İlk baxışdan tamamilə fərqli maraqlı olan qruplardır, amma bir məsələdə onların hamısının maraqları üst-üstə düşüb. Həmin maraq isə Azərbaycandakı sabitliyi pozmaq və dövlətimizi zəiflətməkdir.

Əgər söhbət sadəcə informasiya yaymaqdan, təbliğat aparmaqdan, ideoloji zondaj etməkdən getsəydi, bu mərkəzlərin ölkəmizə qarşı birgə fəaliyyətini “informasiya müharibəsi” kimi dəyərləndirmək olardı. Amma məsələ daha ciddidir: Eyni zamanda həm terror törədilir, həm aksiya təyin olunur, həm əhali itaətsizliyə çağırılır, həm də bütün bunlar geniş, çoxtərəfli informasiya dəstəyilə müşayiət olunur. Bu, açıq-aşkar “hibrid müharibə”dir. “Hibrid müharibə” zamanı da heç bir dövlətə savaş elan olunmur, hərbi zərbə endirilmir, amma eynilə bu cür vasitələrlə onu çökdürməyə çalışırlar.

Beləliklə, hər bir Azərbaycan vətəndaşı anlamalıdır ki, əslində onun ölkəsinə qarşı hansı əməliyyat aparılır. “Hibrid müharibə” zamanı ən vacibi informasiya hücumlarının qarşısını kəsməkdir. Həssas məqamlarda kütlə emosional davrana, özü də bilmədən bəzi qrupların məqsədli şəkildə yaydıqları dezinformasiyaların təsirinə düşə bilər. Həmin məqamda kütlənin hisslərini qıcıqlandıran fikirlər və yalan-doğru xəbərlər ildırım sürətilə yayılır, onlara nəzarət etmək olmur. Vaxtilə məhz bu effektdən istifadə olunaraq, Yaxın Şərq ölkələrində “Ərəb baharı” adlandırılan siyasi çevrilişlər həyata keçirilmişdi. 

Bu cür məqamlarda hibrid hücumların qarşısını almaq üçün dövlət də, vətəndaşlar da nə lazımdırsa, onu etməlidirlər. Yalan xəbərlər yayan, əhalini itaətsizliyə, qanunu pozmağa, terrora dəstək olmağa çağıran hər kəs nəzarətə götürülməli və lazım gəlsə, cəzalandırılmalıdır. Xüsusi kritik vəziyyətlərdə dövlətə qarşı çıxan qrupların istifadə etdiyi informasiya resursları və hətta qlobal platformalar da müvəqqəti qapadıla bilər. Bura əsasən feysbuk və youtube daxildir. Azərbaycan reallığında radikal saytların bloklanması elə də effekt vermir, çünki təbliğat əsasən sosial şəbəkələrdə gedir. Feysbuk və Youtube-da rəsmi müraciət olunaraq, açıq-aşkar terrora çağıran, ekstremizm təbliğatı aparan hesabların bağlanması tələb olunmalıdır. İnsanlar isə vətəndaş məsuliyyəti ortaya qoyaraq, fərdi qaydada həmin hesabları şikayət etməlidirlər.

Yada salaq ki, bir sıra ölkələrdə, o cümlədən də, qardaş Türkiyədə informasiya təxribatlarının qarşısını almaq üçün sosial şəbəkələrin müvəqqəti qapadılması təcrübəsi var. Əlbəttə ki, söhbət heç bir halda əhalinin informasiya almaq hüququnun məhdudlaşdırılmasından getmir. Son hadisələrin acı təcrübəsi göstərdi ki, vəziyyət aydınlaşana, ehtiraslar sakitləşənə qədər təxribatçı informasiyaların qarşısını almaq doğrudan da, vacibdir. Sonra isə yenə də hər kəs istədiyi statusu yazıb, istədiyi məlumatı paylaşa bilər. Dövlətin və cəmiyyətin təhlükəsizliyi, gələcəyi o qədər böyük anlayışdır ki, bunun xətrinə kritik anlarda bir neçə saat sosial şəbəkəsiz qalmaq olar. Həmin vaxt cəmiyyət informasiyanı ancaq etibarlı, yaydığı xəbərin məsuliyyətini başa düşən mənbələrdən almalıdır.

Hələ ki, Gəncədəki hadisələrin üzərindən sirr pərdəsi tam qalxmayıb, cinayətkarlardan biri azadlıqladır, bu terroru planlaşdıran şəbəkənin üzvlərinin çoxu ifşa olunmayıb, demək, onların yeni qanunsuzluqlar törədə biləcəkləri də tam istisna deyil. Belə vəziyyətdə vətəndaş məsuliyyəti bütün emosiyalardan daha güclü olmalıdır. Bilməliyik ki, ölkəmizə qarşı hansı planlar icra olunub və onların iştirakçısına çevrilməməliyik. (AzVision.az)

VIPedu.BIZ

Həmçinin oxuyun

“Vaşinqton post”: “Qaşıqçının öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhdi verib”

“Jurnalist Camal Qaşıqçının öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin-Salman verib”. ABŞ Mərkəzi Kəşfiyyat …