Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / İlahiyyatçı ilə məhkəmədə jurnalistləri arasında söz savaşı…

İlahiyyatçı ilə məhkəmədə jurnalistləri arasında söz savaşı…

İlahiyyatçı Əkrəm Həsənov sosial şəbəkədə status yazaraq, məhkəmə proseslərindən material hazırlayan jurnalistlərin onun qardaşının işi ilə bağlı yalan məlumat yazdığını bildirib.

İlahiyyatçı yazıb: “Qardaşım öz sol yolu ilə hərəkət edərkən “Oka” maşını sağda dayanan vəziyyətdə olub. Qardaşım yaxınlaşanda qəflətən “Oka” maşınının sürücüsü maşını sola qardaşımın yoluna çəkərək hərəkətə başlayıb. Qardaşım onun hərəkət edəcəyini düşünməyib. Çünki, maşın sağda dayanmışdı. “Oka” maşınının işıqları isə sönülü olub. Qardaşım hərəkətdə olarkən yerindən tərpənib və tam sağa döndərib dayanıb. Əgər video görüntülər varsa məhkəməyə təqdim edilməlidir.

İkincisi, qardaşım işıqfordan sola dönüb hərəkət edəndə o qədər sürəti yığa bilməz. Orada işıqfordan sonra hadisə yerində çox az məsafə var. Qardaşım uzağı 50-60 sürət arasında sürüb. İşıqfordan dərhal sonra o qədər sürət götürmək qeyri mümkündür. “Oka” maşınının arxa işıqları yanılı olmayıb, arxasında işıq yerinə taxta bağlanılıb. Maşında oturacaq olmayıb. Köhnə çürük vəziyyətdə olub. Maşına ən az sürət belə dəysə, oradan sağ çıxmaq qeyri mümkün məsələdir. Dünyasını dəyişənləri biz heç birimiz tanımırıq. Onlarla və ailələləri ilə, özləri ilə nə biz, nə qardaşım heç zaman qarşılaşmamışıq. Yəni, təsadüfən baş verən yol qəzasıdır”.

İlahiyyatçı həyatını itirənlərin ailələrindən üzr istədiklərini bildirib. Yazıb ki, ailələrdən biri hadisənin qəza olduğunu bilib, şikayətçi olmayıb. Digəri isə şikayətçi olub və onun sözlərinə görə, məhkəmədə şər və böhtan danışıb.

İlahiyyatçı məhkəmədə iştirak edən jurnalistlərə yönəlik təhqiramiz ifadə də yazıb və onları pul alıb, məhkəmədə iştirak etməyib, sifarişlə yalan yazmaqda  günahlandırıb. Onun bu statusunun altında məhkəmədə iştirak edən jurnalistlər rəy yazıb, durumu izah etməyə çalışıblar. Lakin Əkrəm Həsənov həmin jurnalistləri blok edib.

Musavat.com-un həmin məhkəmədə iştirak edən əməkdaşı İlkin Muradov saytımıza bildirib ki, Əkrəm Həsənov doğru danışmır: “Əkrəm Həsənovun qardaşı içkili vəziyyətdə idarə etdiyi “Hundai” markalı avtomobillə, “Oka” maşınını vuraraq, ağır qəza törədib və iki nəfərin ölümünə səbəb olub. Bu işlə bağlı 4 məhkəmə prosesi olub ki, onlardan da ikisində iştirak etmişəm. Sonuncu məhkəmə prosesində Əkrəm Həsənov iştirak etmirdi. Ancaq ondan əvvəlki prosesdə məhkəmə zalında Əkrəm Həsənov yanımda əyləşmişdi. Yazdığı statusdan belə anlaşıldı ki, etirazının səbəbi, qəzada ölənlərdən birinin anasının məhkəməyə təqdim etdiyi ərizənin məzmunu ilə bağlı məhkəmə yazısında qeydin olmasıdır. Həmin ana ərizədə qeyd edirdi ki, qəzanı törədən şəxs həddindən artıq miqdarda spirtli içki qəbul edib. İşin obyektiv araşdırılmasını istəyirdi. Hətta həmin ana iddia edirdi ki, bu, qəsdən adam öldürməkdir və qəza deyil. Məhkəmə ərizəni qəbul edib, məzmunu elan elədi. Biz də həmin məzmunu yazmışıq. Bundan başqa hər hansı şahid olmadı, kimsə dindirilmədi və məhkəmə təxirə salındı. Şəxsən özüm qeydlərimi götürüb, bu şəkildə yazmışam. Proseslə bağlı heç bir təhrif olmayıb. Əkrəm Həsənov məhkəmədə iştirak edən jurnalistləri təhqir edərək bildirir ki, məhkəmə prosesində ananın yalanlarını dərc etmisiz. İmkan vermir başa salaq ki, məhkəmə prosesində kim nə deyirsə, onu yazırsan. Bizim orada dustağa və ya başqa birisinə sual vermək ixtiyarımız yoxdur. Növbəti prosesdə onun qardaşı danışacaqsa, bunu da verəcəyik. Əkrəm Həsənov yazdı ki, bundan sonra məndən inciməyin və bizi blok etdi. Bildirirdi ki, pul alıb yalan yazırsız. Sonra da dedi ki, adım niyə bu işdə hallanır. İndiyə qədər də hansısa vəzifəli, ictimai şəxsin yaxınları qəza törədib. Həmin yazılarda da qəza törədənin kiminsə qohumu olması ilə bağlı məlumat verilib. Yəni bu da normal haldır. Əkrəm Həsənov sadəcə olaraq məsələyə məntiqli yanaşmır. Əkrəm Həsənov deyir ki, jurnalistlər məhkəmə prosesinə gəlmədən, yazı yazıblar. Ancaq bir daha qeyd edirəm ki, prosesdə, məhkəmə zalında şəxsən mən elə Əkrəm Həsənovun yanında əyləşmişdim. Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsinin 2-ci zalında hakim Rahib Salmanovun sədrliyi ilə keçirilib. Dəqiqliyi ilə xatırladım ki, məhkəmə zalına qapıdan girəndə sol tərəfdə oturmuşdum. Əkrəm Həsənov da mənim solumda idi. Bu dediklərimi nəzərə alsa, ola bilsin ki, xatırlayar”.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …