Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / İcra Hakimiyyətləri ləğv olunacaq?

İcra Hakimiyyətləri ləğv olunacaq?

Azərbaycanda sentyabrın 26-da keçiriləcək referendumdan sonra yerli icra hakimiyyətlərinin ləğv olunması məsələsi gündəmdə deyil.

Azinforum.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə referendumdan sonra yerli icra hakimiyyətlərinin ləğv olunacağı və onların əvəzinə vilayətlərin yaradılması ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.

Bu fikirlərin fərziyə olduğunu deyən deputat həmin məsələlərin ölkə prezidentinin səlahiyyətinə aid olduğunu qeyd edib: “Əminəm ki, Prezident İlham Əliyevin atacağı bütün addımlar Azərbaycan dövlətinin maraqlarına, dövlətin idarəçiliyində çevik və operativ bir modelin yaranmasına xidmət edəcək və bunun bəhrəsini də xalqımız və dövlətimiz görəcək”.

Hazırda yerli icra hakimiyyətlərinin idarəedilməsi sahəsində problemlərin olub-olmamasına gəldikdə, Ç.Qənizadə deyib ki, icra hakimiyyəti başçıları Prezidentin yerlərdəki nümayəndələridirlər.

Deputatın sözlərinə görə, bütün icra hakimiyyəti strukturundakı iş qaydasını, fəaliyyəti neqativ olaraq qəbul etmək olmaz : “İcra başçıları yerlərdə Prezidentin bütün tapşırıqlarını yerinə yetirməyə və fəaliyyətlərini qanun əsasında qurmağa borcludurlar. Bəzən ayrı-ayrı icra başçıları, onların fəaliyyətləri ilə bağlı neqativ məqamlar işıqlandırılır və gündəmə gətirilir. Cənab prezident də onlar barəsində öz mövqeyini ortaya qoyur. Amma ümumilikdə icra hakimiyyəti orqanlarının ləğv olunması, onların əvəzinə vilayətlərin yaranması hələlik “dəhliz”lərdə danışılan fikirlər, müzakirələrdir”.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın