Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Media / İcra başçısının jurnalistə qarşı məhkəməsi başladı

İcra başçısının jurnalistə qarşı məhkəməsi başladı

Xaçmaz rayon Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə Quba rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyevin jurnalist Cəmil Məmmədliyə qarşı xüsusi ittiham qaydasında verdiyi iddia ərizəsinə baxış başlayıb. Vəkilin vəsatəti əsasında ərizəyə baxış iclası aprelin 2-dək təxirə salınıb.

Vəkil Şahin Mütəllimov Turan-a bildirib ki, məhkəmə iclası açıq elan edilsə də, iclas zalına heç kim buraxılmayıb. “Hakim pandemiya səbəbindən iclas zalına insanları buraxmadığını bildirdi. Halbuki məhkəmənin digər iclas zallarına insanlar buraxılırdı. Bu halda vəsatət verdim ki, digər iclas zallarındakı məhkəmə iclaslarının video görüntüləri təqdim edilsin. Hansı səbəbdən eyni vaxtda keçirilən digər açıq məhkəmə iclaslarına insanlar buraxılır, amma jurnalistin məhkəmə prosesi açıq olsa da, insanlar zala buraxılmır”, deyə  o qeyd edib. Bununla yanaşı, hakim məhkəmə prosesinin video və  audio yazısının aparılması barədə vəsatəti təmin edib.

Quba rayon icra hakimiyyəti başçısı Ziyəddin Əliyev müstəqil jurnalist Cəmil Məmmədlini xüsusi ittiham qaydasında məhkəməyə verib. O, jurnalistin Cinayət Məcəlləsinin 147-2-ci (ağır, xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir.

“Əslində prokurorluq orqanları mənim Yutub kanalımda və Feysbuk səhifəmdə yaydığım araşdırmalarda əksini tapan faktlara hüquqi qiymət verməlidir”, deyə Məmmədli Turan-a bildirib. Jurnalist yerli sakinlərə əsaslanaraq bildirib ki, hazırda onun araşdırmaları ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılır.

Bununla yanaşı, Baş Prokurorluqdan Quba rayon İcra Hakimiyyəti baçısı ilə bağlı araşdırma aparılıb-aparılmadığını öyrənmək mümkün olmayıb.

Məmmədli ölkənin şimal bölgəsində baş verən hadisələri işıqlandıran müstəqil jurnalist kimi məşhurdur. O, uzun müddət “Azadlıq Radiosu”nun Azərbaycan xidmətinin bölgə müxbiri olub.

Həmçinin oxuyun

Tanınmış jurnalistlərə vəzifə verildi

Yeni yaradılmış Medianın İnkişafı Agentliyində tanınmış jurnalistlərə vəzifə verilib. “Qafqazinfo” xəbər verir ki, keçmiş ANS-çi Rüstəm …