Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / İcra başçısını “Turan Abadlıq” MMC ilə hansı maraqlar birləşdirir?

İcra başçısını “Turan Abadlıq” MMC ilə hansı maraqlar birləşdirir?

Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın fəaliyyəti son vaxtlar medianın aparıcı mövzusuna çevrilməkdədir. Bu vəzifəyə təyinatı uzun müddətli olmasa da, (02.09.2015) xanım icra başçısı həmkarları ilə müqayisədə haqqında daha çox tənqidi fikir səslənənlərdəndir.

Google-yə bir həmlə axtarış kifayətdir ki, İradə Gülməmmədova ilə bağlı saysız yazılarla rastlaşasan. Bu yazılarda İradə xanımın təndir biznesindən tutmuş, müxtəlif qanunazidd əməllərindən bəhs olunur. Maraqlıdır ki, nə İradə xanım özü, nə də ki,Abşeron Rayon İcra Hakimiyyəti bu yazıların heç birini cavablandırmır. Bu isə məlum səbəblərdən heç də birmənalı qarşılanmır.
İndi isə Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın fəaliyyəti ilə bağlı xeberinfo.com-a yeni məlumatlar daxil olub. Məlumata görə xanım icra başçısı çox çətin vəziyyətlə üzləşib. Belə ki, ötən ilin sentyabrından Abşeron rayonuna rəhbərlik edən İradə xanım Zakir Fərəcovun gördüyü işləri davam etdirməli, eyni zamanda bunun xərcini də özü fikirləşib həll etmək kimi bir durumdadır. Ancaq bu çətin vəzifəni indiki reallıqda həyata keçirmək heç də asan məsələ deyil. Artıq dövlət büdcəsinin aşıb-daşan vaxtları geridə qalıb. Məlum səbəblərdən daha dövlət bütün layihləri maliyyələşdirmək gücündə deyil.
“Zibil pulu” layihəsinin “zibilləri”
İndi elə bir vəziyyət yaranıb ki, Abşeron rayonunun qəsəbələrində tullantıların daşınması xərcləri də vətəndaşların cibindən çıxmalı olur. Həm də necə? Abşeron rayonundan xeberinfo.com-a daxil olan məlumata görə “Turan Abadlıq” Məhdud Msuliyyətli Cəmiyyətinə (MMC) məxsus rəsmi pul qəbzləri vasitəsilə əhalidən “zibil pulu” yığılır. Sakinlərə də birmənalı olaraq bildirilir ki, bu işin başında şəxsən icra başçısı dayanır və yerli bələdiyyəyə heç bir aidiyyatı yoxdur. Çox maraqlıdır ki, “Turan Abadlıq” MMC-i cəmi üç ay əvvəl dövlət qeydiyyatından keçib və artıq belə layihələr həyata keçirməyə başlayıb. Abşeron rayonunda “zibi pulu” yığmağa başlayan bu şirkətin bu rayonla ilə heç bir əlaqəsi yoxdur. Araşdırmalarımızla məlum oldu ki, Kamandar Xanlar oğlu Əliyevin rəhbərlik etdiyi “Turan Abadlıq” MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Binəqədi şəhər tipli qəsəbədə, Zeynalov küçəsi ev 9 olaraq göstərilib.
1475687308_1475660374_0
Məlumatlarda həmçinin o da vurğulanır ki, şirkət əhalidən altı ay əvvələ görə də pul almağa cəhd edir. Özü də çəkinmədən icra başçısının adını hallandırmaqla. Sözsüz ki, bütün bunlardan icra başçısı İradə xanım heç də xəbərsiz deyil. Nəzərə alaq ki, mövcud qanunvericilik üç ay əvvəl yaradılmış, heç bir tenderin qalibi olmayan bir şirkətin bu kimi işlər həyata keçirməsinə yol vermir. Bu və digər səbəblərdən də “Turan Abadlıq” layihəsi çoxlu suallar doğurur…
Bundan əlavə redaksiyamıza daxil olan məlumatlarda Abşeron rayonunda fərdi yaşayış evinə və biznes obyektlərinə müvafiq sərəncamın verilməsi ilə də bağlı faktlar yer alır.
İcra başçısından mətbu sayqısızlıq
Biz bütün bu və digər məlumatlarla bağlı Abşeron rayon icra hakimiyyətinin başçısı xanım İradə Gülməmmədovaya rəsmi sorğu ünvanladıq. 26.07.2016-cı il tarixli 059/016 saylı sorğumuzda həm “Turan Abadlıq” MMC-i ilə , həm də rayon ərazisində fərdi yaşayış evi tikməli olan şəxslərdən hər 1 m2-a görə “Abşeronun inkişafı fondu” adı ilə 20 manat tələb olunması ilə bağlı məlumatlara aydınlıq gətirilməsini xahiş etmişdik. Təəssüf ki, az qala 2 aydan artıq zaman keçməsinə baxmayaraq sorğumuza cavab ala blmədik. Səbəb nədir?: məlum qanunlara hörmətsizlikmi?, mətbu sayqısızlıqmı?, yoxsa verilməli bir cavabın yoxluğumu? Qarşıdaki günlərdə bu suallara cavab tapmağa çalışacağıq.

Bundan əlavə Xırdalan şəhərində və Masazır qəsəbəsində yeni təmir olunmuş və yeni tikilmiş Uşaq Bağçalarına müdir başda olmaqla təyinatların hansı “qayda”yla verilməsi də yazacaqlarımız sırasında olacaq. Bu Uşaq Bağçaları ilə bağlı Malyyə Nazirliyi ilə Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyinin hansı problemi yaşamasını da bizdən biləcəksiniz.
Qarşı tərəfi də dinləməyə hazırıq. Xeberinfo.com

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın