Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / “İcra başçısı torpağımı şumlatdırıb, heyvanlarım qızdırmadan ölür…”

“İcra başçısı torpağımı şumlatdırıb, heyvanlarım qızdırmadan ölür…”

İmişli rayonunda fermer Elxan Tarverdiyevə məxsus 45 hektar otlaq sahəsi rayon icra hakimiyyəti başçısının göstərişi ilə şumlanıb. Bu şikayətlə virtualaz.org-un redaksiyasına Sarıxanlı kəndindən olan sahibkar özü müraciət edib.

Onun sözlərinə görə, 2020-ci ilə qədər müqavilə əsasında 70 hektar torpaq sahəsini icarəyə götürərək heyvandarlıq təsərrüfatı yaradıb. Təsərrüfatını inkişaf etdirmək üçün tanışının  evini girov qoyaraq Sahibkarlığa Kömək Milli Fondundan (SKMF) 15 min manat dəyərində kredit götürüb. Lakin mart ayında torpaqlarının böyük hissəsi şumlandığından istidə qalan mal-qarası qızdırmadan tələf olur.

“Mart ayının 17-də İmişli RİH-in başçısı Vilyam Hacıyevin göstərişi ilə torpağımın bir hissəsi – 45 hektarı şumlanıb. Yayda hər yer  quruyub, ot yoxdur, heyvanlarım qızdırmadan ölürlər. Bu bir neçə ay ərzində 20 qoyun tələf olub, 30-a yaxını da qızdırmadan bala salıb. Hər ay 900 manata yaxın kredit ödəyirəm. Bəs mən bu vəziyyətdə necə edim, evi girovluqdan necə çıxarım?”, – deyə sahibkar sual edir.

Şikayətçinin sözlərinə görə, ona dəyən ziyan hesablamaqla bitmir. Otlaq sahələrinin şumlanması səbəbindən əkdiyi 3 hektar arpa sahəsini də biçə bilməyib. Səbəb isə otlaq sahələrinin şumlanması, mal-qaranı otarmağa yerin olmamasıdır. Sahibkar deyir ki, bundan başqa yonca əkinlərini də qırılmamaq üçün heyvanlara yedirtib.

“Rusiyada yaşayan qardaşım 37 min dollar köməklik edib həmin sahədə  ferma tikdirmişəm. SKMF-dan götürdüyüm kreditdən əlavə, 17 min dollar borcum var. Bəs mən bunları necə ödəyim? Mən axı heyvanları yetişdirməliyəm ki, dövlətin kreditini qaytarım. Yerimə qanuni şəkildə işıq çəkdirmişəm, bütün sənədləri, ödəniş qəbzləri də varımdı. Mən bu fermadan əldə etdiyi vəsaitlə 9 nəfərdən ibarət ailə üzvünü dolandırıram. Uşağım xəstədir, onun hər iynəsinə 350 manat pul verirəm. Özümün ürəyim xəstədir, başımda kista var, anam xəstədir. Biz necə dolanaq?”, – deyə sahibkar bildirir.

E. Tarverdiyev deyir ki,  problemlə bağlı iki dəfə İmişli RİH-nin başçısı Vilyam Hacıyevin qəbulunda olsa da, ona ancaq vəd veriblər: “İcra başçısı deyib ki, kömək edəcəyik. Amma nə vaxt kömək edəcəklər, qoyunların hamısı qırılandan sonra?”

Sahibkar deyir ki, onun torpaq sahələrinin qalan hissəsinin də növbəti mərhələdə şumlanacağı bildirilib. İcra hakimiyyəti digər fermerlərin sahələri də daxil olmaqla ümumilikdə 3 min hektar ərzini şumlayaraq pambıq əkmək niyyətindədir. Sahibkar deyir ki, heç olmasa, ona dəyən ziyan ödənilsin:

“SKMF-nun icraçı direktoru Şirzad Abdullayevlə görşüdüm. O dedi ki, mənə kömək edə bilməyəcəklər, məhkəməyə müraciət edim. Burdan kredit verirlər ki, get sahibkarlığı inkişaf elətdir, o biri tərəfdən də torpağı əlimdən alırlar. Əslində Nazirlər Kabinetinin qərarına görə, əgər dövlət ehtiyatı üçün  torpaq icarəçidən geri alınarsa, sahibkara dəyən zərər kompensasiya şəklində ödənməlidir. Torpağın həcminə və keyfiyyətinə görə torpaqla təmin edilməlidir. Eybi yox, qoy torpaq verməsinlər, amma heç olmasa torpağıma baxış keçirib mənə dəyən zərəri ödəsinlər. Hazırda 270 heyvanım var, heç olmasa, onlar tələf olmasın”, – deyə şikayətçi bildirir.

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın