Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / İcbari tibbi sığorta ilə bağlı mühüm xəbər

İcbari tibbi sığorta ilə bağlı mühüm xəbər

“2017-ci ilin yanvar ayında Mingəçevir və Yevlax şəhərində icbari tibbi sığortanın pilot tətbiqinə başlanılacaq”.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin monitorinq, təhlil və İT şöbəsinin müdiri İsa Əliyev AzVision.az-ın suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, icbari tibbi sığortanın bütün komponentləri üzrə məlumatlandırma tədbirləri yaxın günlərdə sürətləndiriləcək.

“İcbari tibbi sığorta üzrə ölkəmizdə keçmiş təcrübə olmayıb və bu prosesin bütün tərəflərinin aparılacaq islahatlara tam hazırlamaq məqsədilə icbari tibbi sığortanın tətbiqi ilkin olaraq pilot layihələr şəklində həyata keçiriləcək. Pilot layihələr əhalini, tibb müəssisələrini, həkimləri və digər əlaqədar tərəfdaşları bu prosesə aktiv şəkildə cəlb etməklə mümkün problemlərin aşkarlanması və optimal həlli yollarının tapılmasına xidmət edəcək. Artıq pilot rayonlarda hazırlıq işlərinə başlanılıb. Əhalinin və tibb mütəxəssislərinin məlumatlandırılması üçün tədbirlər həyata keçirilir və pilot layihənin həyata keçirilməsi üçün zəruri sənədlər hazırlanır. Hal-hazırda pilot layihə üçün hazırlıqlar plan üzrə davam edir və ümid edirik ki, bütün əlaqədar qurumların dəstəyi ilə zəruri hazırlıq işlərini tamamlayıb, 2017-ci ilin yanvar ayında Mingəçevir şəhəri və Yevlax rayonunda icbari tibbi sığortanın pilot tətbiqinə başlanılacaq”.

İ.Əliyev bildirib ki, icbari tibbi sığorta çərçivəsində əhaliyə göstəriləcək tibbi xidmətlərlə bağlı Agentlik baza (əsas xidmətlər) zərfini hazırlayıb Nazirlər Kabinetinə təqdim edib.

“Baza zərfinə 1800-dən çox müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyə əməliyyatı və digər tibbi xidmətlər daxildir. Sığorta olunanlar baza zərfinə daxil olan tibbi xidmətlər üzrə xərclər dövlət tərəfindən sığorta olunan əhali qrupları üçün tam şəkildə ödəniləcək. Fərdi qaydada sığorta olunan şəxslər isə yüksək xərc tələb edən bəzi diaqnostik müayinələr üçün simvolik ödənişlər istisna olmaqla, baza zərfinə daxil olan xidmətlərdən pulsuz yararlanacaqlar. Baza zərfinə daxil olmayan xidmətlər üzrə xərclər isə vətəndaşlar tərəfindən ödənilməlidir”.

Şöbə müdirinin sözlərinə görə, təcili və təxirəsalınmaz tibbi yardım və stasionar müalicə müddətində istifadə olunacaq dərman vasitələri və tibbi ləvazimatlar baza zərfinə daxil edilib.

“Bu cür tibbi xidmətlərdən istifadə zamanı zəruri dərman və ləvazimatların xərclərin icbari tibbi sığorta tərəfindən ödəniləcək. Əhalinin gəlirlərinə və ödəmə qabiliyyətinə uyğun icbari tibbi sığorta haqqının tətbiq edilməsi barədə Nazirlər Kabinetinə təkliflər verilib. Təsdiqləndikdən sonra bu məbləğ ictimaiyyətə açıqlanacaq. Ümumiyyətlə, iqtisadi fəal əhalinin sığorta haqqı ödəməsi çox vacibdir. İcbari tibbi sığortanın uğur qazanması ilk növbədə əhalinin fəal şəkildə bu layihəyə qoşulmasından və sosial həmrəylik nümayiş etdirməsindən asılıdır. Bu, tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə, cəmiyyətin bütün üzvlərinin tibbi xidmətlərə bərabər çıxış imkanları əldə etməsinə və daha geniş həcmdə tibbi xidmətlər göstərməyə şərait yaradacaq. Buna baxmayaraq, hətta sığorta haqqı ödəməyən əhalinin də müəyyən tibbi xidmətlərdən – məsələn, ilkin səhiyyə xidmətindən, təcili tibbi yardımdan, hər hansı təxirəsalınmaz əməliyyatdan pulsuz istifadə etməsinə şərait yaradılacaq”.

İ. Əliyev icbari tibbi sığorta mərhələli şəkildə tətbiq olunduqca və əhatə dairəsi genişləndikcə özəl xəstəxanaların prosesdə iştirakı təmin olunacağını vurğulayıb.

“Sığortaolunanlar dövlət xəstəxanalarında göstərilməyən tibbi xidməti özəl xəstəxanalarda ala biləcəklər. Əsas məqsədimiz odur ki, vətəndaşlara əlçatan və keyfiyyətli tibbi xidmət göstərilsin. İcbari tibbi sığortanın tətbiqi tibbi xidmət sektorunun elektronlaşdırılmasını və bütün tərəflər arasında məlumatların elektron qaydada mübadiləsini şərtləndirir. İcbari tibbi sığorta çərçivəsində müvafiq elektron platforma yaradılacaq ki, bütün tibb müəssisələri öz tibbi məlumatlarını həmin platforma vasitəsilə bölüşəcək. Tibb müəssisələrinin proqram təminatı və elektron mübadilə sistemi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunacaq. Bununla yanaşı, Agentlik tərəfindən tibb işçiləri üçün proqram təminatından istifadəyə dair silsilə təlimlərin təşkil olunacağı da planlaşdırılır. Pilot ərazilər kimi seçilmiş Mingəçevir şəhəri və Yevlax rayonunun tibb müəssisələri, xəstəxanalar icbari tibbi sığorta sistemində işlərini qurduqdan sonra bu proses mərhələli şəkildə bütün ölkəni əhatə edəcək. Artıq 2018-ci ildən ölkənin əksər hissəsində icbari tibbi sığortanın tətbiqinə başlamağı planlaşdırırıq”.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın