Ana səhifə / Media / Hövsan sakinlərinin “it əzabı” – REPORTAJ

Hövsan sakinlərinin “it əzabı” – REPORTAJ

Suraxanı rayonu, Hövsan qəsəbəsində yeni salınmış məhəllənin zibil tullantıları qəbiristanlıqla üzbəüz boş sahəyə boşaldılır. Ərazi vaxtlı-vaxtında təmizlənmədiyindən, sahibsiz itlərin oylağına çevrilib. Xüsusilə, qəbiristanlığın yanından keçmək mümkün deyil. Sakinlər çıxılmaz durumdadır, bir tərəfdən zibillikdən gələn üfunət qoxusu, digər tərəfdən də sahibsiz itlər onların qorxulu röyasına çevrilib. Heç kim küçəyə tək çıxmaq istəmir.

Bu barədə “Virtual Azərbaycan” saytına Hövsan sakinləri məlumat veriblər.

Şikayətçilər deyirlər ki, sahibsiz itlər Hövsan və Bahar qəsəbəsindəki qəbiristanlıqların girəcəyində toplanır. Buna görə də, yaxınlarının məzarını ziyarət etməkdən qorxurlar. “Axşamlar qəbiristanlığa toplanan itlərin səsindən yatmaq da olmur. Təkcə qəbiristanlığın ətrafı deyil, məhəlləarası küçələr də itlə doludur”, – Hövsan sakini Nəsibə Hüseynova söyləyir.

Sakinlər tez-tez itlərin hücumuna məruz qaldıqlarını da deyirlər.

Qəsəbə sakini Qulu Quluyev isə bildirir ki, Hövsanda itlərin çoxalması təkcə natəmizliklə bağlı deyil: “Son vaxtlar sahibsiz heyvanlarla mübarizə aparılmır. Hara şikayət edəcəyimizi bilmirik. Biz itlərin öldürülməsinin tərəfdarı deyilik. Amma əlaqədar orqanlar bir tədbir görməlidir. Heç olmasa, tutub heyvan sığınacağına aparmaq olar”.

Quliyev onu da əlavə edir ki, gecələr çox zaman işıqları söndürürlər. Buna görə də, itlər qapıların ağzında yatır. “İşə gedəndə üstümüzə cumurlar. Quduzluq və ya digər infeksion xəstəliklərin yayılması bir yana, uşaqlar qorxudan xəstəlik tapıblar. Axı yaşlılar, qocalar, uşaqlar, xəstə insanlar var. Bu problemə bir çarə düşünsünlər”, – şikayətçi əlavə edir.

Hövsanda sahibsiz heyvanların çoxalmasının səbəblərindən biri də yol kənarlarında fəaliyyət göstərən təndir, kababxana və sallaqxanalardır. Hansı ki, kəsilən heyvanın qanı birbaşa küçəyə axıdılır, təndirlərdə natəmiz şəraitdə qutablar, toyuq bişirilir. Antisanitariya isə, təbii ki, sahibsiz heyvanlardan ötrü “cənnət” yaratmaq deməkdir. Sakinlər deyirlər ki, hər il çimərlik mövsümündə belə obyektlərin sayı artır. Yəni yayda vəziyyət daha da pisləşir. Bir tərəfdən, bu obyeklərin natəmizliyi, bir tərəfdən də çimərliyə gələnlərin atdığı tullantılar Hövsan ərazisini sahibsiz itlərin oylağına çevirir. Ərazidə sahibsiz heyvanların sayı o qədər çox olur ki, tullantıların qutuya atılmasına da ehtiyac qalmır. Atılan zibillər sahibsiz heyvanlar tərəfindən məhəllələrə, oradan da evlərə daşınır.

Hövsan sakinlərinin şikayətinə Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsindən bir cümə ilə cavab veriblər: “Sakinlər idarəyə şikayət etsinlər”.

Doğrudur, mövcud vəziyyəti nəzərə alsaq idarənin bir zənglə problem həll edib-etməyəcəyini söyləmək çətindir. Amma sahibsiz heyvanlar məhz bu idarənin əməkdaşları tərəfindən küçələrdən yığılmalı və sığınacaqlara təhvil verilməlidir. Sahibsiz heyvanlar üçün sığınacaqlar var və bu sığınacaqdakı heyvanlar daha çox heyvansevənlər tərəfindən bəslənilir.

Qeyd edək ki, təkcə apreldə it dişləməsi diaqnozu ilə paytaxt xəstəxanalarına 30-dan artıq müraciət daxil olub. Ötən ilin 10 ayında ölkə üzrə 15 mindən artıq adamı sahibsiz heyvan dişləyib. Qeydiyyata alınanların 12 min 918 nəfəri it dişləməsi səbəbindən xəstəxanalara müraciət edib. Digərləri siçovul, pişik dişləmələri olub.

Həmçinin oxuyun

“Başqa səbəblərə görə həbs olunsaydım mənə təsir etməzdi” – Murad Köhnəqala

“Tovuz Rayon Məhkəməsi tərəfindən mənə kəsilən 12 min 350 manat alimentin iki mini ödənildikdən sonra …

Bir cavab yazın