Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / “Hay-küylü xəbərlər hamını təşvişə salıb” – Sumqayıt Xəstəxanasından REPORTAJ (FOTOLAR)

“Hay-küylü xəbərlər hamını təşvişə salıb” – Sumqayıt Xəstəxanasından REPORTAJ (FOTOLAR)

Sumqayıtda zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən uşaqlardan bəzilərinin vəziyyəti normaldır. Onlardan bir neçəsi evə buraxılsa da, çoxu hələ də xəstəxanada müalicə alır.

Xəstəxananın baş həkimi Müşfiq Məmmədli bildirib ki, onlara son 6 gün ərzində ürək bulanma, hərarətin yüksəlməsi, qusma, ishal və ümumi narahatlıqla əlaqədar 130-a yaxın müraciət daxil olub.

“Bu xəstəlik mövsüm üçün xarakterikdir. Hər il may ayından sentyabra kimi belə hallara rast gəlinir. Mövsümü meyvələrin çıxması, gigiyenik şərtlərə riayət olunmaması bu cür nəticələrə səbəb olur. Lakin eyni bölgədən, ərazidən xəstələrin artması bizi hərəkətə keçirdi. Səhiyyə Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzinə dərhal məlumat verdik. Səhiyyə Nazirliyində operativ qərargah yaradıldı, Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları araşdırmalara başladılar”.

Baş həkim bildirib ki, iyun ayının 9-u və 10-da xəstələrin sayında artım müşahidə edilib.

“Xəstələrin əksəriyyəti 1-3 yaş arasındadır. İlk baxışdan “Rotavirus” üzərində fikir yürüdürdük. Nəcis və qusma kütlələri üzərindən analizlər götürüldü və mərkəzləşdirilmiş şəkildə Gigiyena və Epidemiologiya Mərkəzinə və Taun Əleyhinə Dispanserə göndərildi. “Rotavirus”un təsdiqlənməsindən sonra ona uyğun müalicə təyin etdik. Səhiyyə Nazirliyinin göndərdiyi həkim briqadaları ilə məsləhətləşmələr nəticəsində vəziyyətləri nisbətən orta-ağır olan uşaqların müalicəsində müəyyən korreksiya olundu, bundan sonra vəziyyət nisbətən stabilləşməyə başladı”.

Baş həkimin sözlərinə görə, son iki gündə eyni diaqnozla müraciət edən xəstələrin sayı kəskin azalıb.

“Dünən 16 müraciət daxil olub. Həmin müraciətlərdə eyni əlamətlər – ürəkbulanma, bəzilərində qusma, ishal müşahidə olunurdu, hərarət 37,5-38 arasında dəyişirdi. Müraciət edən xəstələr təşviş içində idilər. Kütləvi zəhərlənmə, televiziya kanalları, internet saytlarında hay-küylü məlumatların verilməsi ilə əhali təşvişə düşüb. Bəzilərini misal çəkim. Anadan soruşuruq ki, narahatçılığınız nədir? Deyir, uşağın başı ağırıyırdı, fikirləşdik ki, zəhərlənmə olar. İnsan arasında bu cür hallara tez-tez rast gəlirik”.

M.Məmmədli Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov, səhiyyə nazirinin müavini və idarə rəhbələrinin dünən xəstəxanada olduğunu və problemlə yaxından maraqlandıqlarını diqqətə çatdırıb.

Baş həkim, həmçinin vurğulayıb ki, infeksiyaya yoluxanların 60 faizi Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəndir. Sulutəpədən 1 xəstə, Binəqədi rayonundan 2 xəstə, Abşeron rayonundan 10-dan çox xəstə bizə müraciət edib.

“Gələnlərin əksəriyyəti həyətyanı sahədə yaşayanlardır. Uşaqlar həyətlərində yuyulmamış meyəvələrdən istifadə edir, açıq su hövzələrindən su içirlər. Eyni zamandan krantdan çiy su içənlər də var. Qida zəhərlənməsi diaqnozu heç bir xəstəyə qoyulmayıb və qoyduğumuz diaqnozlara cavabdehik. Burada zəhərlənmə faktoru olmayıb, sadəcə infeksiya yoluxmasıdır. Evə buraxdığımız xəstələrdən ikisi yenidən xəstəxanaya qayıdıb. Bunda da valideynlərin günahı olub. Uşaqların dietasına diqqət edilmir və nəticədə eyni hadisələr təkrarlanır”.

Hazırda yoluxucu xəstəliklər şöbəsində 46 xəstənin qaldğını deyən baş həkim 16 nəfərin bu gün evə buraxılacağını söyləyib.

Tağıyev qəsəbəsində yaşanan Günel Ağayeva iyunun 7-dən başlayaraq yaş yarımlıq oğlunun vəziyyətinin pisləşdiyini deyib.

“Uşağa qaynamamış su vermişdik. Bundan sonra qaytarmağa, qarnı getməyə başladı, qızdırması getdikcə yüksəlirdi. Həkimlərin təcili müdaxiləsindən sonra uşaq özünə gəldi”.

Tağıyev qəsəbəsinin Şirvan massivində yaşayan Gülsaba Məmmədova isə 3 nəvəsini eyni şikayətlə xəstəxanaya gətirib.

“İyunun 9-da 5 yaşında olan nəvəmin halı pisləşdi. Qusma, işləmə şikayəti ilə xəstəxanaya gətirdik, həkimlər təcili müdaxilə etdilər. Müayinədən sonra həmin nəvəmin vəziyyəti yaxşılaşdı. İyunun 11-də isə 2 yaşlı nəvəmi gətirdik, gecə isə 6 yaşlı nəvəmin halı pisləşdi. Sudandır, havadandır bilmirik. Özümüz də həmin infeksiyaya yolxumuşuq, uşaqlardakı kimi sərt olmasa da biz də əziyyət çəkirdik. Qonşuda bütün uşaqlar bu vəziyyətdədir”.

Leyla Səmədova isə 1 yaşlı nəvəsi ilə 5 gündür xəstəxanadadır: “Bu gecə sakitçilik olub, xəstə az gəlib. Həkimlər səhərə kimi işləyirlər. Nəvəmi qusma, işləmə əlamətləri ilə xəstəxanaya gətirdik. Temperatur 40 dərəcə idi. İki gün evdə saxladıq, sonra gördük ki, vəziyyəti pisləşir, təcili xəstəxanaya gətirdik. Deyirlər ki, sudandır. Uşağa heç vaxt çiy su verməmişik. Ola bilsin, əl-üzünü yuyanda içib”.

Esmira Heybətova bir neçə gün əvvəl evə buraxılsa da, yenidən xəstəxanaya qayıtmalı olub.

“Birinci oğlumda oxşar əlamətlər müşahidə edilirdi. Onu iynə-dərmanla sağaltdıq. Sonra özüm xəstələndim. Həkimin yazdığı dərman və iynədən istifadə etdim. Sonra 2 yaşlı qızımın halı pisləşdi. Təcili xəstəxanaya gətirdim, sistem vuruldu. Bura yenidən qayıtmağım öz günahımdır. Həkim demişdi ki, qal. 7 yaşlı böyük oğlum evdə tək qalmırdı. Dünən evə çıxmışdım, amma uşaq yenidən pisləşdi. Uşaqlara qaynamış suya çiy su qatıb vermişdim, yəqin ondan xəstələniblər”.

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev isə bildirib ki, uşaqlara infeksiya sudan yoluxub.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın